Görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib
   
   70 ilə yaxındır ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlığa” çıxır, “Nişanlı qız”ların “Hicran”ına son qoyulur, Allah bilir, bəlkə neçənci dəfədir ki, “Əliqulu evlənir”. Bütün bunlar “Yalan” deyil. Həqiqət budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb və kasad olacağını təsəvvür etmək isə o qədər də çətin deyil.
   O, tək nasir, dramaturq yox, həm də görkəmli ssenarist idi. Sabit Rəhmanın ssenarisini yazdığı “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?” filmləri milli kinomuzun ən gözəl nümunələrindəndir.
   
   Dekabrın 7-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli yazıçı, dramaturq, ssenarist Sabit Rəhmanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə filologiya elmləri doktoru Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” kitabının və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Sabit Rəhman - 100. Biblioqrafiya” nəşrinin təqdimatı oldu.
   İştirakçılar əvvəlcə Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən, həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi ilə də tanış oldular.
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Sabit Rəhman sənətinin işığına yığışanları salamladı və bildirdi ki, Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yubileyləri qeyd edərkən, həm də böyük şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən kitabların təqdimatını keçirməyi nəzərdə tutur. O, Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” kitabının və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Sabit Rəhman - 100. Biblioqrafiya” nəşrinin ədibin yubileyinə töhfə olduğunu vurğuladı.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev böyük istedad sahibi, çağdaş dövrümüzün böyük ziyalılarından biri Sabit Rəhmanın ədəbi irsindən söz açdı. Nazir müavini çıxışında qeyd etdi ki, 10 il əvvəl Sabit Rəhmanın 90 illik yubileyini qeyd etməyə hazırlaşarkən oğlu, Emin Sabitoğlu qəflətən dünyasını dəyişdiyindən tədbir təxirə salındı. Ondan öncə ədibin 80 illik yubileyi də 1990-cı ilə təsadüf etdiyindən bu yubiley də lazımınca qeyd edilməmişdi: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu dəfə belə bir qərar qəbul olundu ki, ardıcıl olaraq ilin axırınadək görkəmli söz, qələm sahiblərinin yubileyləri məhz Milli Kitabxanada keçirilsin. Çünki qələm sahibindən sonucda qalan kitab olur, kitablarda yaşanan ömür olur” .
   Azərbaycan dramaturgiyasının, bütövlükdə Azərbaycan ədəbiyyatının 50-ci illərdən sonrakı dövrdə yükünü çiynində daşıyan iki böyük sənətkarın - İlyas Əfəndiyev və Sabit Rəhmanın adını çəkən Ədalət Vəliyev qeyd etdi ki, elə bir teatr yoxdur ki, zaman-zaman Sabit Rəhman dramaturgiyasına, onun əsərlərinə müraciət etməsin: “Zaman keçəcək, teatrlar yaşadığı kimi yaşayacaq, repertuar dəyişiləcək, oxucu nəsli dəyişiləcək, düşüncə forması dəyişiləcək, insanların dünyaya baxışı dəyişiləcək, amma öz ölməz dram əsərləri ilə Sabit Rəhman Azərbaycan ədəbiyyat tarixində yaşayacaq. Mükəmməl sənət əsərləri zamanın gərdişindən həmişə üzüağ çıxıb, əminəm ki, Sabit Rəhman 100 il bundan sonra da bax beləcə xatırlanan yazıçılar sırasında olacaq”.
   Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, filologiya elmləri doktoru Bədirxan Əhmədov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxış edərək Sabit Rəhmanın Azərbaycan ədəbiyyatı, Azərbaycan teatrı və kinosundakı əvəzsiz xidmətlərindən söz açdılar.
   Sonra Bakı Bələdiyyə Teatrının aktyorları Sabit Rəhmanın “Yalan” tamaşasından bir parça nümayiş etdirdilər. Tədbirin sonunda Sabit Rəhmanın ailəsi adından nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxananın rəhbərliyinə və kollektivinə, kitabların araya-ərsəyə gəlməsində əməyi olan insanlara, eləcə də Sabit Rəhmanın işığına yığışan insanlara öz dərin təşəkkürünü bildirdi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar