Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində rejissor Elxan Cəfərovun “Əlavə təsir” filminin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov maraqlı ekran əsərinin ərsəyə gəlməsi münasibətilə filmin yaradıcı heyətini təbrik etdi. Son illər Azərbaycan kinosunun inkişafı, çəkilən yeni filmlər haqqında danışan Müşfiq Hətəmov yaxın zamanda daha bir neçə ekran əsərinin təqdimatının keçiriləcəyini dedi.
   Daha sonra filmin rejissoru Elxan Cəfərov və bəstəkarı Aygün Səmədzadə çıxış edərək filmin ərsəyə gəlməsinə verilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürlərini bildirdilər.
   Qeyd edək ki, “Əlavə təsir” filmi ölkəmizdə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr olunub. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadədir. Rollarda Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova çəkiliblər.
   
   Yeganə