Fevralın 22-si Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində məşhur violençel ifaçısı, professor Leopold Rostropoviçin anadan olmasının 119 illiyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şeyla Heydərova “Leopold Rostropoviç oğlunun gözü ilə” mövzusunda çıxış edərək qonaqlara musiqiçinin yaradıcılığı haqda ətraflı məlumat verdi.
   Daha sonra Qara Qarayev adına 8 saylı musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Konsert proqramında Q. Qarayevin “ Yeddi gözəl” baletindən “Adajio”, Tofiq Quliyev “Balaca Skertso” və Vivaldinin “Violençel üçün konserti” (I-II hissə) səsləndi.
   Konsert proqramından sonra “Maestro Slava” adlı sənədli film nümayiş olundu. Filmdə Mstislav Rostropoviçin atası Leopold haqqında xatirələri, onun yaradıcılığı barədə fikirləri yer alıb, atasının ölümündən bir neçə ay əvvəl oğluna yazdığı məktubdan söz açılır.
   Tədbirdə Belarusun və Rusiyanın ölkəmizdəki səfirlərinin xanımları, Polşa icmasının sədri Olqa Yujanina və icmanın nümayəndəsi Aleksandr Kostin iştirak edirdilər. Leopold Rostropoviçin tərcümeyi-halı, müxtəlif illərdə verdiyi konsert proqramları və bir çox arxiv materialları olan “L.V. Rostropoviç oğlunun gözü ilə” adlı sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

    R.İsayeva