Bu il görkəmli bəstəkar, milli musiqili teatrın yaranmasında mühüm xidmətləri olmuş Zülfüqar Hacıbəyovun 140 illik yubileyidir. Klassik musiqimizin və opera sənətimizin banisi Üzeyir Hacıbəyli, onun bəstəkar silahdaşı, teatrımızın ilk dirijoru Müslüm Maqomayev, məşhur müğənni Hüseynqulu Sarabski, görkəmli səhnə ustaları Hüseyn Ərəblinski və Mirzağa Əliyevlə yanaşı, Zülfüqar Hacıbəyov da Azərbaycanda musiqili teatrın təşkili və tərəqqisi yolunda fəal çalışmışdır. O, xalq yaradıcılığı ilə möhkəm bağlı olan istedadlı sənətkarlar nəslinə mənsub idi.

Z.Hacıbəyov milli folklor zəminində ilk professional musiqi formalarının yaranmasında mühüm rol oynamışdır. Ü.Hacıbəylinin və M.Maqomayevin ilk musiqili səhnə əsərləri kimi, Z.Hacıbəyovun “Aşıq Qərib” operası, “Evliykən subay” və “Əlli yaşında cavan” musiqili komediyaları da Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələri idi. Bu əsərlərdə folklor formaları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü edilmişdir.

Z.Hacıbəyovun həyat və yaradıcılığı iki fərqli ictimai-siyasi quruluşa təsadüf etsə də, bu dövrlər bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır və sənətkarın böyük, maraqlı sənət yolunu təşkil edir.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olmuşdur. Uşaqlıqdan xalq musiqisinin zənginliyini duymuş, görkəmli sənətkarların ifasına qulaq asmışdır. Atasının tanınmış Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvanın yanında mirzə işləməsi buna bir daha imkan yaradırdı.

Əbdülhüseyn Hacıbəyov maddi vəziyyətinin çətinliyinə baxmayaraq, uşaqlarına təhsil verməyə çalışırdı. Beş uşağı: üç oğlu (Zülfüqar, Üzeyir, Ceyhun) və iki qızı (Sayad, Abhəyat) vardı. Zülfüqar ailənin böyük oğlu idi. Şuşada ikiillik rus-tatar məktəbini bitirib atasına işlərində kömək etməyə başlamışdı. Bu vaxt qardaşı Üzeyir təhsilini Qori Müəllimlər Seminariyasında (1899–1904) davam etdirirdi.

Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümü ailənin maddi cəhətdən bütün qayğılarını Zülfüqarın üzərinə saldı. 1900–1902-ci illərdə o, şəhər duması və qəza idarəsində kargüzar, 1902–1906-cı illərdə isə Şuşa şəhər əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyir.

Uşaqlıqdan Zülfüqara aşılanmış musiqiyə məhəbbət onda özünü musiqi sənətinə həsr etmək istəyini daha da gücləndirir. Şuşada ilk dəfə eşitdiyi xalq mahnılarına ürəkdən bağlanmışdı. Tar çalmaq onun sevimli məşğuliyyəti idi. Gələcək bəstəkar musiqi biliklərini Azərbaycan xalq musiqisindən öyrənirdi.

1907-ci ildə Z.Hacıbəyov ailəsi ilə birlikdə Şuşadan Bakıya gəlmiş və bir müddət jurnalist-publisist kimi fəaliyyət göstərmişdir.

Məlumdur ki, 1908-ci il yanvarın 12-si milli mədəniyyətimizin tarixində ən əlamətdar bir hadisə ilə əlaqədardır. Həmin gün Üzeyir bəyin “Leyli və Məcnun” operasının ilk tamaşası Azərbaycanda musiqili teatr yaratmaq zərurətini bir daha təsdiq etdi.                         

Həmin illərdə Z.Hacıbəyov da musiqili teatrımızın inkişafı uğrunda var qüvvəsi ilə mübarizəyə qoşulur. 1910-cu ildə o özünün ilk əsəri olan “Əlli yaşında cavan” operettası üzərində işini başa çatdırır. Bundan iki il sonra – Naxçıvanda yaşayarkən “Evliykən subay” musiqili komediyasını bitirir. 

1911-ci ildə Tiflisdə bəstəkarın təşəbbüsü ilə təşkil olunan həvəskarlar dəstəsi onun ilk əsərini – “Əlli yaşında cavan” musiqili komediyasını Gürcüstan Artistlər Cəmiyyətinin səhnəsində göstərdi. Bu tamaşada bəstəkar həm libretto müəllifi, həm də rejissor və dirijor kimi çıxış etmişdir. Əsər öz melodiyaları, kəskin satirik boyaları ilə tamaşaçılarda maraq oyatmışdır.

Azərbaycan teatrının Tiflisdə müvəffəqiyyətli çıxışları, “Əlli yaşında cavan” operettasının rəğbət qazanması bəstəkarın Bakı və Tiflis artistlərindən ibarət təşkil etdiyi yeni dəstə ilə İrəvana qastrola getməsinə imkan verdi. Bundan sonra artistlər Naxçıvana, Culfaya və İrana yola düşüb tamaşalar göstərdilər.

Görkəmli Azərbaycan aktyorları Mirzağa Əliyev, Sidqi Ruhulla, Göyərçin xanım, Münəvvər xanım və 11 yaşlı Antonina Qilmandan ibarət Azərbaycan musiqi truppası “Əlli yaşında cavan” operettasını Tiflisdə, İrəvan və Naxçıvanda göstərdi.   

1913-cü ilin yayında Z.Hacıbəyovun rəhbərlik etdiyi truppa Hacıbəyovların doğma şəhəri Şuşaya qastrola gedir. Burada “Evliykən subay” operettası böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Eyni zamanda Z.Hacıbəyov Bakıdan gəlmiş artistlərin iştirakı ilə Şuşada “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını səhnələşdirir.

Z.Hacıbəyovun rəhbərlik etdiyi teatr truppasının fəaliyyətini səciyyələndirən cəhətlərdən biri də o idi ki, tamaşalar çox vaxt xeyriyyə məqsədilə oynanılırdı. Toplanan vəsait ehtiyacı olan şagirdlərə maddi yardım göstərmək üçün Bakı təhsil müəssisələrinin sərəncamına verilirdi.

1916–1917-ci illər mövsümü Azərbaycan musiqili teatrının təşəkkülündə mühüm dövr oldu. 1916-cı il mayın 13-də H.Z.Tağıyevin teatrında Z.Hacıbəyovun “Aşıq Qərib” operası ilk dəfə səhnəyə qoyuldu. Tamaşada Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov (hər ikisi qadın rollarında) və başqaları oynayırdı. Operanın librettosunu eyniadlı aşıq dastanı əsasında Z.Hacıbəyov özü yazmışdı. Librettonun mətni xalq rəvayəti formasında idi. “Aşıq Qərib” operası 1916-cı ildə beş dəfə oynanılmışdı.

1918-ci ilin avqustunda bəstəkarın başçılığı ilə H.Sarabski, M.Əliyev, H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski, Ə.Hüseynzadə və Y.Olenskayadan ibarət olan teatr truppası İrana qastrol səfərinə gedir. Truppa “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Evliykən subay” və başqa opera və musiqili komediyaları müxtəlif şəhərlərdə uğurla oynayır.

Bu arada (1917) Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış “Üç aşiq və ya Məlikməmməd” adlı opera üzərində işləyirdi. Lakin bu opera tamaşaya qoyulmadı.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Z.Hacıbəyov musiqili-təşkilatçılıq işlərinin müxtəlif sahələrində çalışmağa başlayır. 1920-ci ildə Azərbaycan Hərbi-Dəniz Xalq Komissarlığı Siyasi İdarəsinin incəsənət şöbəsində dəftərxana müdiri işləyir. 1921-ci ildə klub-teatr şöbəsinin rəisi, Siyasi İdarənin maarif hissəsinin rəisi vəzifəsinə təyin olunur. Eyni zamanda “Qızıl əsgər” sarayına (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) rəhbərlik edir.  

1924-cü ildə bəstəkar Azərbaycan Diviziyasının hərbi təbliğat işləri idarəsində çalışır, xüsusi təşviqat qatarının rəisi təyin olunur. Bu qatarlar Zaqafqaziyanın geniş xalq kütlələrinə milli mədəniyyətimizi təbliğ edirdilər.

Həmin il Z.Hacıbəyov “Təzə kommunxoz” pyesi üçün musiqi nömrəsini yazmış və pyes Azərbaycan Tənqid-Təbliğ Teatrı tərəfindən tamaşaya qoyulmuşdu.

20-ci illərin sonu – 30-cu illərin əvvəlində Azərbaycanda kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayev olmuşdur. Z.Hacıbəyovun da yaradıcılığı bu dövrdə yeni məzmun kəsb edir. Onun “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” kimi mahnıları dövrün kütləvi mahnılarından idi.

1928-ci ildə Z.Hacıbəyov Azərbaycan və Ermənistan konsert birlikləri idarəsinə (Zaqafqaziya federasiya hökuməti nəzdində) musiqi rəhbəri, Xalq çalğı alətləri orkestrinin Azərbaycan şöbəsinə baş məsləhətçi vəzifəsinə dəvət olunur. Həmçinin bir necə il (1933–37) Azərbaycan Radiosunda musiqi bölməsinin bədii rəhbəri işləyir. Onun təşəbbüsü ilə “Qızıl əsgər” sarayında Azərbaycan bölməsi təşkil olunur. Bölmənin vəzifəsi respublikanın rayonlarında xalq müğənni və ifaçılarını aşkara çıxarmaq idi. 1937-ci ildə Z.Hacıbəyov Azərbaycan Dövlət Estradasının bədii rəhbəri təyin olunur.

Zülfüqar Hacıbəyov musiqi sənətinin bir çox janrlarında əsərlər yaradır, musiqi-təbliğatçılıq fəaliyyəti ilə məşğul olurdu. Bəstəkar simfonik musiqi sahəsində də gücünü sınamışdır. 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı pyes bəstələmişdi. Oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi “Almaz”a musiqi yazmışdı. Həmçinin Zakir Bağırovla birgə kantatanın müəllifidir.

Bəstəkarın şəxsi arxivində “Onda elə, indi belə”, “Yarış”, “Kişidə sevgi bir olar”, “Evlənirəm”, “Mən ağlaram, o gülər”, “Biçarə Xavər”, “Məşədi Xudunun məişət həyatı” adlı operettalarının librettoları və musiqi eskizləri var. Onun son əsərlərindən biri də fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azərbaycan qadınının rəqsi”dir. Arxivində Nizaminin “İsgəndərnamə” poemasının motivləri əsasında (Abdulla Şaiqin yazdığı libretto) “Nüşabə” operası üzərində işlədiyini göstərən çoxlu material qalmışdır. Bu, bəstəkarın böyük yaradıcılıq planları olduğunu sübut edir.

Zülfüqar Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidməti yüksək qiymətləndirilmişdir. O, incəsənət sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə 1943-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına, 1946-cı ildə “Şərəf nişanı” ordeninə layiq görülmüşdü.

Öz yaradıcılığı ilə Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olduğunu və Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu sübut edən sənətkar 1950-ci il sentyabrın 30-da Bakıda  vəfat etmişdir.

Rza Bayramov
Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi

Xanımbacı Abdinova
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri