Əlamətdar gün ölkə üzrə onlarla tarix və mədəniyyət abidəsində qeyd olunub

 

Qırx ildən çoxdur ki, dünyanın mədəniyyət təqvimində əlamətdar bir gün var: 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü. Ölkəmizdə də xüsusilə son illər daha geniş şəkildə qeyd olunan bu günün bir məramı da yaddaşımızı oyatmağa, Azərbaycanın zəngin mədəni irsinin bizim üçün misilsiz əhəmiyyətə malik olduğunu daha dərindən dərk etməyə xidmət edir.

Ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü silsilə tədbir və layihələrlə qeyd olunub.

Bu çərçivədə aprelin 18-də Ramana qalasında (paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi) tədbir keçirilib.

Tədbirə rəsmilər, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli sakinlər, məktəblilər qatılıblar.

Əvvəlcə iştirakçılar Ramana qalası ilə tanış olublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirdə çıxış edərək bildirib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təşəbbüsü ilə 1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə də hər il qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil edilir: “Eyni zamanda Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib”.

Ümummilli lider Heydər Əliyevin mədəni irsimizin qorunmasını hər zaman diqqətdə saxladığını deyən Səadət Yusifova qeyd edib ki, bu strategiya Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Nazir müavini bildirib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsinə ziyarətlər təşkil olunub.

Vurğulanıb ki, Ermənistan tərəfindən otuz ilə yaxın davam etmiş işğal zamanı çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən müharibəsi nəticəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda hazırda geniş quruculuq-abadlıq işləri ilə bərabər, abidələrin bərpası da həyata keçirilir.

Tədbir bədii hissə ilə davam edib.

***

Xatırladaq ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və AzTV tərəfindən “Səslənən irsimiz” adlı yeni layihəyə də başlanılıb. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

Qeyd edək ki, bu il ICOMOS Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü üçün “Fəlakət və münaqişələrə qarşı davamlı irs” devizini seçib. ICOMOS-un 2024–2027-ci illər üçün Üçillik Elmi Planının mövzusu da bu yöndədir.