Milli-mənəvi dəyərlər tarixən xalqın milli ruhunu, estetik duyumunu və sənətkarlıq məharətini özündə ehtiva edib. Bəllidir ki, əxlaq normalarının, adət-ənənələrin yaradıcısı xalqdır. Hər birimiz erkən çağlardan milli adət-ənənələrin əhatəsində böyüyürük. Həyatda qarşılaşdığımız hər bir mənəvi dəyəri öyrənir və mənimsəyirik.

Beləliklə, həmin mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər - adət və ənənələr yaranır. Bu məfhumlar həyatın bütün dövrlərində insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi olub. Məhz mənəvi dəyərlərin bu xarakterik cəhətlərinə görə sovet sistemində onlardan bir tərbiyə vasitəsi kimi geniş istifadə edilib.
Mənəvi dəyərlər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Çeşidli folklor nümunələrimiz məhz adət-ənənələrimizin işığında intişar tapır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.
Bu gün milli adət və ənənələrimiz musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarına əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcıları hesab olunur. Belə ki, adət və ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlardan geniş istifadə olunur.
Milli adət-ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə çevrilməsi həmişə aktual olub. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib. Digər tərəfdən, hər bir xalqın bədii yaradıcılıq nümunələri adət-ənənələr məkanında klassikləşib və mədəni irsə çevrilib. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən bəhrələnib. Lakin bu, mənəvi dəyərlərin inkişafına, yeniləşməsinə mane olmayıb. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranıb.
Müstəmləkə, əsarət həyatı yaşamış hər bir xalqın mədəniyyətində, xüsusilə mənəvi dəyərlərində deformasiya halları olub. Ölkəmizin iki əsrə yaxın çar Rusiyasının və Sovet İttifaqının tərkibində olması bir çox milli və dini adət-ənənələrimizin təzyiqlər altında qalması ilə nəticələnib. Dini bayramlarımızın həyata keçirilməsinə qadağalar qoyulub və xalqımızın yaddaşında yaşayıb. Əvəzində sosialist həyat tərzini təbliğ edən, mahiyyət etibarı ilə siyasi, ideoloji xüsusiyyətə malik olan adət və ənənələr təbliğ edilib.
Müstəqilliyimizi əldə etdikdən sonra Qurban, Ramazan, Novruz kimi dini və milli bayramlarımız üçün münbit zəmin yaranıb. Dini və milli mütərəqqi ritualların icra edilməsi yolunda siyasi və ideoloji amillər aradan qaldırılıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, adət-ənənələrimizdəki bədii-emosional cəhətlərin araşdırılmasına, onlarla əlaqədar olan folklor nümunələrinin aşkar olunmasına böyük ehtiyac duyulur.
Məlumdur ki, tətbiqi incəsənətin yanaşma və dəyişmə metodlarından biri ictimai, fəlsəfi fikri bədii hadisəyə çevirməkdir. Bunun üçün tətbiqi incəsənətin dramaturgiya janrından yaradıcı şəkildə istifadə edilir. El şənliklərində həmişə teatrlaşdırma metodlarına geniş yer verilib. Bu şənliklərdə həm də ənənəvi olaraq miflərdən, rəqslərdən və xor mahnılarından yaradıcılıqla istifadə olunub.
Xalq tərəfindən yaradılan hər bir adət və ənənə uzunömürlü olub. İnsanlar hər şeydən əvvəl xalq tərəfindən keçirilən mərasimlərin təbiiliyinə inanıb. Çünki milli adət və ənənələrdə simvolik elementlər geniş yer tutur. İnsan mənəviyyatına çevrilən amillər isə tərbiyə sistemində xüsusi əhəmiyyət kəsb edir.

Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar