Sumqayıt şəhərindəki Üzeyir Hacıbəyli küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. 1340 kvadratmetrlik abadlaşdırılan sahədə tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır.
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu abidənin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 metrdir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.