Azərbaycan
   
   14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olur. Şair ona qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
   14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 1, 4 və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb. 1938-ci ildə repressiya olunub, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib.
   14 iyun 1913 - Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913-23.3.1968) Tiflisdə anadan olub.
   14 iyun 1926 - Xalq artisti, məşhur tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.
   14 iyun 1947 - Tanınmış bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano və simfonik orkestr, piano və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları, populyar mahnıların müəllifidir.
   
   15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür. 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. 1997-ci il iyunun 27-də parlament 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi barədə qərar qəbul edib.
   15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918-7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” musiqili komediyasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum”, “Qarşıdan bir sona keçdi”, “Qadan alım”) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
   15 iyun 1933 - Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933-24.3.1998) Masallı rayonunun Qodman kəndində anadan olub.
   15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.
   15 iyun 1945 - Görkəmli aktrisa, teatr xadimi, Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrına rəhbərlik edir. “Arxadan vurulan zərbə” (Ziba), “Qərib cinlər diyarında” (Zərri), “Babək” (Zərnisə), “Gözlə məni” (Fəxrəndə”), “Cavad xan” (Darya) və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Sənətşünaslıq elmləri doktorudur, Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
   
   16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888-7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, 1927-1929-cu illərdə Akademik Dram Teatrına, 1929-1937-ci illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.
   16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan", “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.
   
   17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9. 2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi” və s. filmlərin rəssamı olub.
   17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqə laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professorudur. “Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.
   17 iyun 1956 - Fəlsəfə elmləri doktoru Vilayət İsmayıl oğlu İsmayılov Ağstafa şəhərində anadan olub. 2006-cı ildən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktorudur. Dərslik və monoqrafiyaların müəllifidir.
   
   Dünya
   
   14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
   14 iyun 1933 - Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (əsl soyadı Ledov) anadan olub. “Kölgələr günorta yox olur”, “Əbədi çağırış” kimi məşhur teleseriallara quruluş verib.
   
   15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitasının, 600-dən çox mahnı və romansın müəllifidir.
   15 iyun 1920 - İtalyan aktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi, 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
   
   16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan «Dekameron» əsərinin müəllifi kimi şöhrət qazanıb.
   16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.
   16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi ilə şöhrət qazanıb. Ümumilikdə 200-dən çox filmə çəkilib.
   
   17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
   17 iyun 1882 - Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
   17 iyun 1939 - Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar