Görkəmli rəssam Tahir Salahova Rusiyanın Dövlət Mükafatı təqdim edilmişdir
   
   Xalq rəssamı Tahir Teymur oğlu Salahovun yaradıcılığı müasir rəngkarlıqda ən görkəmli yerlərdən birini tutur. Məşhur ictimai xadim və pedaqoq təkcə Azərbaycana deyil, Rusiya və bir çox dünya ölkələrinə şöhrət qazandıran böyük bir sənətkar nəsli yetişdirmişdir. Onun yaradıcılığı, demək olar ki, bütün dünyada rəğbətlə qarşılanır.
   
   Rəssam ən çox portret janrına müraciət edir. Ümummilli lider Heydər Əliyevin, tanınmış ədəbiyyat, mədəniyyət xadimlərindən Mirzə Ələkbər Sabir, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rostropoviç və başqalarının portretləri sənətkarın bu janrda işlədiyi məşhur əsərlərdir.
   Tahir Salahovun yaradıcılığına yaxından bələd olan xalçaçı sənətkarlar ona rəğbət və hörmət əlaməti olaraq, rəssamın yaratdığı əsərləri ilmələrə köçürərək xalça-interpretasiyalarını ərsəyə gətirdilər. Onlar Tahir Salahov yaradıcılığının bədii mahiyyətini, onun fantaziyasının sirlərini açıb göstərərək ötən əsrin ortalarında realizmə cəsarətli çağırışla uyğunlaşan bədii irsə yanaşma tərzini dərk etməyi bacardılar. UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmış Azərbaycan xalça sənəti də artıq Tahir Salahovun ölməz irsini özündə yaşatmaqdadır.
   Zərif və keyfiyyətli yun saplarla toxunan, milli ornamentlərlə əhatələnən dinamik, müasir təsvirlərlə zəngin Şərq incəsənəti nümunəsi olaraq Azərbaycan xalçası hər zaman ənənələrlə yaşayan möcüzəvi varlığa çevrilmişdir. Sənətkarın “Heydər Əliyev”, “Dədə Qorqud”, “Dmitri Şostakoviç”, “Aydan”, “Olqa Rukavişnikova”, “Mstislav Rostropoviç" (xalça rəssamı Mais Hüseynov), “Kadakes”, “Varvara Şlyapada”, “Köhnə Kadakes”, “Bəşəriyyət naminə!”, “Salvador Dalinin yaradıcılıq dünyası” adlı xalça kompozisiyası - triptix (xalça rəssamı Elyar Gəncəli), “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza”, “Şərq əfsanəsi - Alagöz”, “Varvara qırmızı şlyapada”, “Varyanın portreti”, “Aydan-Şərq ulduzu”, “Madam Roşel “Jorj Sand” hotelində” (xalça rəssamı Fazil Abbasquluzadə), “Allahşükür Paşazadə”, “Uçan xalça” - Fikrət Əmirovun “1001 gecə” baleti üçün, “Odlar yurdu” - triptix (Musa İmamverdiyev və Elyar Quliyev) əsərləri bu sıradandır.
   Sovet İttifaqının ən yüksək mükafat və ordenləri ilə təltif olunan rəssamın sənətinə Azərbaycan dövləti, eləcə də bir çox xarici ölkələr tərəfindən böyük qiymət verilmişdir. O, SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin orden, medal və mükafatlarına layiq görülmüşdür. 2008-ci il noyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə böyük sənətkar Azərbaycan Respublikasının ən ali mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.
   Həmyerlimiz həmçinin Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının, Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü, UNESCO yanında Plastik Sənətlər Akademiyasının (AİAP) fəxri prezidenti və bir çox beynəlxalq təşkilatların üzvü, ABŞ-ın bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
   2013-cü il iyunun 12-də rəssamın saysız-hesabsız orden və yüksək mükafatları sırasına Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdim edilən Dövlət mükafatı da daxil oldu. Bu münasibətlə Tahir Salahovu Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi adından təbrik edir, ona cancağlığı, uzun ömür arzulayırıq.
   Tahir Salahovun bu ali mükafata layiq görülməsi hər bir azərbaycanlı üçün böyük qürurdur.
   
   Röya Tağıyeva,
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar