İşindən həyat eşqi alanlar…

Rza Əliyevin yerişində və danışığında problem var. İkinci qrup əlildir. Onu əsasən şənbə-bazar günləri 211 saylı avtobusda Yasamaldakı kənd təsərrüfatı yarmarkasından bazarlıq edib gedərkən görürəm. Hər dəfə onun əlində ağır zənbillər sərnişinlərin köməyi ilə avtobusa minən görəndə düşünürdüm, görəsən, niyə bu vəziyyətdə bazarlığa tək gəlir.

Bir dəfə bunu onun özündən soruşdum. Dediyinə görə, həyat yoldaşı və bir oğlu var: «Onlar da mənim bazara tək gəlməyimi istəmirlər. Bunu özüm istəyirəm. Həyat yoldaşım işləyir, həm də evin işləri ilə məşğul olur. Oğlum isə əlavə məşğələyə gedir. İstəmirəm, dərsindən geri qalsın. Bir də ki özüm gəlib-getməyi bacarıram. Sağ olsunlar, yaxşı adamlar çoxdur, minib-düşməyimə kömək edirlər».
Rza Əliyev Yasamaldakı idman klublarının birində çalışır: «Mən təkcə maddi çətinliyə görə işləmirəm. Evdə oturub nə edəsiyəm ki. İdman klubunda qarovulçu işləyirəm. Əgər bu iş olmasaydı, yəqin ki, yataq xəstəsi olardım. İş yoldaşlarım, kluba gələn insanlar mənə qarşı çox mehribandırlar. İnanın ki, ətrafımdakı insanlar olmasaydı, bəlkə də dəli olardım».
* * *
Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir. Azərbaycanda sosial qanunvericiliyin, o cümlədən əlilliyi olan şəxslərlə bağlı hüquqlar sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi dövlətin mühüm prioritetlərindən biri hesab olunur. Əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması, məşğulluğunun və işlə təminatının təşkili, əmək hüquqlarının qorunması daim gündəmdədir.
İnkişaf etmiş ölkələrdə əlilliyi olan şəxslərin cəmiyyətə, ictimai həyata inteqrasiyası üçün sistemli işlər görülür. Azərbaycanda da bu məsələ ölkə Prezidentinin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nda əksini tapıb. Sənəddə həmin insanların peşə kurslarına cəlb edilməsi, əmək bazarı ilə tanış olması, peşə yönümünün təşkili, nəhayət, onların işlərə cəlb olunması nəzərdə tutulur.

Son 5 ildə 1089 nəfər əlilliyi olan şəxs işlə təmin olunub

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə bir çox tədbirlər həyata keçirir. Xüsusilə son vaxtlar əlilliyi olan şəxslərə diqqət, onların işlə təmin olunması nazirliyin prioritet istiqamətlərindən birinə çevrilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi şöbəsinin müdiri Lüdviq Hüseynovun qəzetimizə verdiyi məlumata görə, ötən il xidmət tərəfindən 243 nəfər əlil işlə təmin olunub: «Onlardan 207 nəfəri, o cümlədən 48 qadın qanunla ayrılmış kvota üzrə göndərilib. 36 nəfər isə Məşğulluq Xidmətinə müraciət edənlərdir. Biz sağlıq durumu imkan verən əlillərin işlə təminatına da fikir veririk». L.Hüseynov qeyd etdi ki, işəgötürənlər tərəfindən kvotaya əməl edilir. İşəgötürənlər kvota üzrə müvafiq rəqəmi Məşğulluq Xidmətinə təqdim edirlər, müraciət edən əlillər xidmət tərəfindən o işlərə yönləndirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması Konstitusiyada, ölkənin yaxın illər üzrə əsas strateji sənədi olan «Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında, eləcə də müvafiq hüquqi-normativ aktlarda təsbit olunub. Nazir qeyd edib ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni qanun layihəsi hazırlanaraq beynəlxalq ekspertlər tərəfindən baxılıb və BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin rəyinin də nəzərə alınması məqsədilə həmin qurumun Cenevrədəki ofisinə göndərilib. Layihə ilə nazirliyin saytında tanış olmaq olar: “Yeni qanun layihəsi ölkənin üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlət təminatları, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası və reabilitasiyası, məşğulluq, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir. Bununla yanaşı, «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb».
S.Müslümov bildirib ki, əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsi və sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Bu şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. İndiyədək dövlət hesabına 4300-dən çox əlilliyi olan şəxsə avtomobil, 5000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verildiyini, cari ildə bu prosesin daha da sürətləndirildiyini qeyd edən nazir hazırda ölkədə 15 əlillərin reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib: «Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir».
Müvafiq qanunvericiliyə əsasən, əlillərin məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub: «2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub».

Əvvəlcə əlilliyi dərk etməliyik...

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, hazırda Azərbaycanda əlil məşğulluğu ciddi problemdir. Onun sözlərinə görə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bunu etiraf edib ki, kvota üzrə qaydalara əməl olunmur: “Kvota bizdə formal xarakter daşıyır. Özü də çox məhdud istiqaməti əhatə edir. Dövlət orqanları bu kvotadan azaddır. Respublika üzrə cəmi 600 nəfərə yaxın əlilliyi olan şəxs son 4-5 ildə kvota üzrə işə girib. Halbuki Azərbaycanda 500 mindən çox əlilliyi olan şəxs var.
Bizdə əlilliyi olan şəxslərin əmək bazarına çıxışının təmin olunması ilə bağlı bir neçə problem var. Bunlardan biri kvotaya əməl olunmamasıdır. Digər problem müəssisələrdə bu insanların işləməsi üçün şəraitin, infrastrukturun olmamasıdır. Məsələn, təkərli arabadan istifadə edən şəxs heç bir yerdə işləyə bilməz. Çünki bunun üçün müəssisələrdə panduslar, liftlər, qurğular və s. yoxdur. Sosial müəssisələr də yoxdur. Bundan sonra bu istiqamətdə müəyyən tədbirlərin görülməsi planlaşdırılır. Amma indilik vəziyyət bu cürdür. Əlilliyi olan şəxslərdən işləyənlər də var. «Əmək qabiliyyəti olmayan» anlayışını tibbi-sosial ekspert komissiyaları yazanda əlilliyi olan insanları heç bir müəssisə işə götürmür. Əks halda, cərimə olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun yazılmaması üçün səy göstərir. Düşünürəm ki, bundan sonra əlilliyi olan şəxslərin işləməsi asanlaşacaq».
Həmsöhbətim deyir ki, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması ilə bağlı ayrıca bir siyasət olmalıdır: «Hesab edirəm ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır. Bu, təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin görə biləcəyi iş deyil. Ölkədə əlilliyi olan şəxslərin işləməsi üçün normal şəraiti olan müəssisə yoxdur. Sosial müəssisələr haqqında qanun layihəsi hazırlanıb, amma qəbul olunmayıb. Azərbaycanda yeni yaradılan ASAN xidmətlərdə əlilliyi olan şəxslər üçün hər cür şərait var. Burda onlar işləyə də bilər, bu xidmətdən istifadə edə də bilər. İndi bir sıra yeni tikililərdə bu şəxslər üçün şərait nəzərdə tutulur. Bunlar yaxşı nümunədir. Əvvəlcə biz əlilliyi dərk etməliyik, sonra onlar üçün şərait yaratmalıyıq, daha sonra kvota müəyyənləşdirməliyik. Bu məsələlər öz həllini tapdıqdan sonra əlilliyi olan şəxslərin işlə təminatından danışmaq olar».

Kompleksli insanlar özlərini normal münasibətdən kənarda qoyur

Mövzu ilə bağlı növbəti həmsöhbətim gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin direktoru Əsab Əliyev oldu. Onun sözlərinə görə, məktəbdə 24 nəfər gözdən əlil insan çalışır. 38 saylı məktəb vaxtilə Korlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərib: «1993-cü ildən Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəyik. Nazirlər Kabinetinin 2008-ci ildə təsdiq etdiyi qərara əsasən, müəssisələr 4 faizdən artıq əlilliyi olan insanı çalışdıra bilməz. Bizdə isə bu rəqəm 50 faizi keçib. Ali və orta ixtisas musiqi məktəblərini bitirmiş gözdən əlillər başqa yerə getmək istəmirlər. Amma mən onların hamısını işlə təmin edə bilmərəm. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinə və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə məktubla müraciət edib onların işlə təmin olunmasına yardım etmələrini xahiş etmişəm. Bu insanlar çox həssasdırlar. Onların də işə ehtiyacları var. Bu ehtiyacı təmin etmək bizim borcumuzdur».
Teymur Göyçayev həmin məktəbdə müəllimdir. O deyir ki, əgər əlilliyi olan şəxs komplekslidirsə, onun üçün hər yanda problem var: «Kompleksli insanlar özləri özlərini normal münasibətdən kənarda qoyur. Kimin kompleksi yoxdursa, o, ətrafdakı insanlarla ünsiyyət də qurur, dost da olur. 15-20 il əvvəl əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası çətin idi. Çünki cəmiyyətdə də belə insanlara qarşı münasibət soyuq idi. Amma indi vəziyyət müsbətə doğru çox dəyişib. Cəmiyyət, insanlar bizim kimiləri normal qarşılayırlar. Məsələn, elə bizim məktəbdə gözdən əlil müəllimlərin çalışması onu göstərir ki, artıq biz cəmiyyət tərəfindən əmək qabiliyyətli insanlar kimi qəbul olunuruq. Belə vəziyyət bizim üçün də rahatdır. Bəzən olur ki, ictimai nəqliyyatdan istifadə edirəm. Mənim görmədiyimi hiss edən kimi yer verirlər, minib-düşməyə kömək etməyə çalışırlar. Bəzi hallarda isə mən hiss edən kimi yanımda ayaq üstə dayanan qadın və ya qocadır, özüm durub onlara yer verirəm. Çünki onların oturması daha məqbuldur. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan cəmiyyəti bizim kimi insanlara fərqli münasibət göstərir».
* * *
Araşdırma zamanı əlilliyi olan insanlarla həmsöhbət olduqca bir daha anladım ki, onlara münasibət bizim daxili zənginliyimizin göstəricisidir, məhz bu münasibət onların yaşama səbəbidir. Gəlin, onları qoruyaq, çünki heç birimiz başımıza nə gələcəyini bilmirik...

Fəxriyyə Abdullayeva

Yazı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar