16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

Tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətdir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Dünyada irqi və dini dözümsüzlüyün müşahidə olunduğu bir dövrdə tolerantlığa böyük ehtiyac duyulur. Bu zərurəti hiss edən UNESCO 1995-ci ildə noyabrın 16-da tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul edib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan edilib.
Bu gün Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaqdır.
Bu ənənənin isə kökləri uzaq keçmişə dayanır. Eramızın I yüzilliyinin ortalarında xristianlığın ilk missionerləri Azərbaycana - Qafqaz Albaniyasına gələrək burada ilk kilsənin əsasını qoyublar. VII əsrdən etibarən İslam dininin ölkəmizdə yayılması ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib.
Ölkəmizin tolerantlıq sahəsində nadir təcrübəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir və örnək hesab olunur. Azərbaycan bu istiqamətdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və buradan dünyaya tutarlı mesajlarla çağırışlar edilir. Bu mənada Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumu əhatə dairəsinə görə mühüm əhəmiyyətə malikdir. Belə tədbirlərin önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın qədim, dini və milli tolerantlıq ənənələrinə malik olduğunu vurğulayıb: “Müxtəlif millətlərin və dinlərin nümayəndələri həmişə Azərbaycanda bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsində iştirak ediblər. Biz istəyirik ki, bizim təcrübəmiz öyrənilsin və başqa ölkələrdə maraq doğursun, çünki bu nadir təcrübədir”.
Ölkəmizin tolerant imicinin dünyada təbliğ olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər ölkəmizin tolerantlıq siyasətini beynəlxalq aləmdə daha geniş şəkildə tanıdır. Bu mənada müxtəlif xarici ölkələrdə nümayiş olunan “Azərbaycan - tolerantlıq məkanı” sərgisi xüsusi qeyd olunmalıdır. Sərgidə tanınmış fotoqraf Reza Deqatinin əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkilləri əcnəbi tamaşaçıların marağına səbəb olub.

Nərmin Gəncəliyeva,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin proqramçısı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar