Qulu Ağsəsin “Nabran novellası” adında yeni kitabı nəşr olunub. Qutlu və axarıncı olsun. “Avrasiya press” nəşriyyatında cap olunan bu iri həcmli kitabda Qulu Ağsəsin novellası, pyesi, hekayələri, esse və publisistikası, eləcə də onun haqqında Ç.Əlioğlu, F.Qoca, V.Bəhmənli, R.Kamal, T.Abdinin və başqa tanınmış imza sahiblərinin yazdığı məqalələr toplanmışdır.
   

   Daim işdən qovulmuş adam kimi yeriyən, otağında hamını xoş üzlə qarşılayan, sakit və nizamlı danışan Qulunun başının altında “nələri” varmış. “Nabran novellası” Qulu Ağsəsin nasir və dramaturq kimi tanınmasına zəmin yaradır. Bizsə, Qulu Ağsəsi bu günə kimi daha çox şair və publisist kimi tanımışıq. Ədəbiyyatda elə şeirlər var ki, onlar həm də şairin obrazını yaradırlar. Məsələn, “Gülhanə parkı” - N. Hikmət, “Aysel, git başımdan” - Atilla İlhan, “Ayrılıq” - Ramiz Rövşən və b. Qulu Ağsəs deyiləndə mənim ağlıma gələn ilk söz “Müharibə əlili” olur. Mənim fikir-düşüncəmdə Qulu Ağsəs neçə kitab çıxarsa da şair daim yaşayacaq başqa cür qəbul olunmasını istəməzdim. Mən dünya və Azərbaycan ədəbiyyatından çox az şeir bəyənirəm. Bəyəndiyim şeirlərdən biri də “Müharibə əlilidir”. Şair Qulu Ağsəslə nasir və dramaturq Qulu Ağsəsi ürəyimdə və beynimdə tam ayrı köşələrə qoyaraq bu məqamda “Nabran novellası” haqqında danışmaq istəyirəm.
   “Nabran novellası” daha çox ovqat əsəri sayıla bilər. Adətən novella janrı oxucunu gözlənilməzliyə aparır. Bu novellanı oxuyan adamsa iki qat yanılır. Birinci qatda oxucu Buninin “Kənd” povesti ilə bu hekayənin nə bağlılığı olduğunu anlamağa çalışır. İkinci qatda filosof bildiyi şəxsin “suyun dalğa tutmayan hissəsində heyvanlara göz qoyan” sıradan bir adam olduğu anlaşılır. Lakonik və maraqlı novelladır.
   “Qədir gecəsi” xatirə, gündəlik janrlarını sanki hekayənin bətnində əritməyə çalışıb. Bu mündəricə Qədir Rüstəmovu yaxından tanımayanlar üçün daha maraqlı görünə bilər. Hekayədə maraqlı faktlar - Qədir Rüstəmovun maşınını polis işçilərinin saxlaması, sonra sənətkara hörmət naminə vəzifə pozuntularına yol vermələri qabardılır. Böyük daxili mənalar ehtiva etməsə də, maralı ovqat hekayəsi sayıla bilər.
   “Dörd sim” Habil Əliyevə həsr edilib. Hekayə təhkiyə baxımından sanki Habil Əliyevin dilindən verilir. Oxucuda elə assosiasiya oyadır ki, sanki Habil Əliyev müsahibə verir. Patrik Zuskindin “Kontrabas” monopyesində olduğu kimi, sənətkarın dilindən sənət haqqında çox maraqlı fikirlər söylənilir. “ Mən neylədim? Neyləyəcəm, kökündən çalmağa başladım, kamançanı tarın əlindən aldım”.
   “Solo konsert” hekayəsi Möhlət Müslümovun dilindən söylənilir. “Dörd sim” hekayəsindəki bədii texnikadan burada da istifadə edilib. Bu hekayədə də sənət haqqında çox dəyərli fikirlər söylənilir. “Fəxri adımın olmamağı heç məni pəjmürdə eləməyib”. Doğulanda “mitirkama” yazmamışdılar ki, əməkdar artist Möhlət Müslümov. 46 yaşım var, hamı mənə hörmətlə sənətkar deyir. Ustad deyənlər də var” və yaxud “Hərdən məndən soruşurlar ki, tarı sevirəm? Sən Allah, bu da sözdü? Sevməsəm, onu necə bağrıma basa bilərəm? Heç də o, güclə gəlib mənim sinəmə sığmaz, axı...”
   “Qarğış” hekayəsində Süleyman Abdullayevin ömür-günündən bəhs edilir. Təhkiyə ümumi əvvəlki iki hekayədən fərqlənir. Süjet yuxarıda adıçəkilən iki hekayədən fərqli olaraq burada olub bitmiş hadisələrin xatırlanması yönümündə əks olunur. Hekayədə Seyid Şuşinski və Süleyman Abdullayevin simasında “ustad və şəyird” məqamlarına toxunulur.
   “Bəbiş kişinin qızı” hekayəsində Akif İslamzadə və Sara Qədimova haqqında danışılır. “Qarğış” hekayəsində olduğu kimi, burada da hadisələr xatırlanma metodu ilə əks olunur və obrazların dili ilə müasir problemlərə də toxunulur. “ Düzdü, o dövrdə qadağalar olub, amma indiki biabırçılıqları biz görməmişik. Müğənnilər bir-birini qəzetdə ifşa eləyir, məhkəmədə tutdurur. Bizim ağzımız nə idi, Xan əminin, Yavər xanımın qabağında oxuyaq”.
    “Peyğəmbərin məqbərəsində qətl”. Bu ədəbi nümunə klassik hekayələrin (Ə. Haqverdiyevin “Qiyamət”, Cəlil Məmmədquluzadənin “Pirverdinin xoruzu”) üslubuna bənzəməklə digərlərindən fərqli olaraq yetkin bir süjetə malikdir. Qarabağlı Abdal Qasımın qəhrəmanlıqlarından danışılır. Qulunun publisistikasında və hekayələrində (hətta şeirlərində də) təbii olaraq vətən yanğısı, həsrəti yer alır. Hekayənin sonu bu sözlərlə tamamlanır “... Nəvə Qasım danışır ki, atam öləndə mənə son sözü bu oldu: Sən Abdal Qasımın nəvəsisən, Əfqan kişinin də oğlu - unutma! Bizim bu xalqdan düşmənimiz olmayıb, ermənidən dostumuz. Bir də bunu yadında saxla”.
   “On üç şəkilli pyes” əsərini kitabın ürəyi adlandırmaq olar. Pyesdə Asif Yusif oğlu Məhərrəmovun taleyindən, müharibədə yaralanmasından, ölümündən danışılır. Ayrı-ayrı illərdə qəhrəmanın taleyilə bağlı maraqlı məlumatlar verilir. Asifin simasında Qarabağ problemi, hadisələrin üstündən ötən illər oxucuya sadə dillə birbaşa çatdırılır. Ənənəvi dram quruluşundan fərqli olan pyes bir növ remarka təhkiyəsi ilə verilir. Çox maraqlı bədii texnika ilə işlənilib və dil faktoru baxımından da uğurludur. “Əsərin sonu isə daha təsirlidir. Belə ki, hadisələrdən bir neçə il sonra Asif Yusif oğlu Məhərrəmovun ev-muzeyinə gələn 6 nömrəli məktəbin şagirdləri muzeydəki lövhədən qəhrəmanın adını, tərcümeyi-halını oxuyurlar: “Sənəti: kişi. Sənəti: Vətənə xidmət. Şəhid olduğu tarix: Ağdamın işğal günü. Şəhid olduğu tarix: 1 iyun 1994-cü il. Gözünün düşməni: şər. Gözünün düşmənləri: Yurdun düşmənləri. Təxəllüsü: Freyd. Varisi: düşmən çəpəri oğullar. Mirası: Kişilik”.
   “Yuxu dərmanı” essesi mətn strukturu və məzmun baxımından çox maraqlıdır. “Ulduz” jurnalında bir dəfə oxumağıma baxmayaraq, təkrar oxudum. Bəzi məqamları tezislər şəklində əks etdirib. Hətta bəzi cümlələr var ki, aforizm kitablarına da daxil edilə bilər. Məsələn:
   «Qorxaq dünyaya qalib gəlmək arzusuna qalib gəlmişdi».
   «Həqiqət qarşısında çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin gözünün içinə baxa bilmədiyindən».
   Bəzi məqamlarsa poetik nəsri xatırladır, sanki poeziyanı prozada əritmək istəyib: “Otları meh bişirir, qoyun yeyir». «Bahar adamı yanına çağırır, qış adamın ayağına gəlir”. Ən çox bəyəndiyim və səmimiyyətinə heyran qaldığım Qulunun dostlar haqqında yazdığı məqam oldu. “Mənim azərbaycanlı dostlarımın çoxu ingiltərəli çıxdı: məlum oldu ki, onların daimi dostları yox, daimi maraqları varmış”.
   Bundan başqa, Ə.Əylisli, V.Səmədoğlu,V.B.Odər, R. Rövşən və. b. (hamısını yazmaq üçün Qulu Ağsəs olmaq lazımdı) haqqında maraqlı, arqumentlərlə zəngin məqalələr var.   

   Fərid Hüseyn

   P.S. Kitabı oxudum. Hər şey mənə gün kimi aydın oldu. Amma qiymətrin kəllə çarxa qalxan vaxtında kasıb şairin - Qulu Ağsəsin Nabrana necə getməsi, düzü, mənə bir qədər inandırıcı gəlmədi. Elə bu cümlələri yazanda beynimdən o da keçdi ki, hamıya olar, şairə olmaz. Onu da etiraf edək ki, qələm əhlinin səyahətə, istirahətə daha çox mənəvi haqqı çatır.