Aprelin 23-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birgə təşkil edilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi A.Şaiq həm də ömrünün qırx ilə yaxın dövrünü xalqının maariflənməsinə, mədəni inkişafına həsr etmiş böyük pedaqoqdur. Ədib 11 adda dərslik tərtib edib: “Gülzar”, “Gülşəni-ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Qiraət kitabı”, “Ədəbiyyat dərsləri” (H.Cavidlə birlikdə), “Ədəbiyyatdan iş kitabı” və s. bu qəbildəndir.

A.Şaiq “Türk çələngi” kitabını vahid Turan ideyasının əsasının qoyulduğu, bu istiqamətdə türksoylu xalqların mübarizə apardığı bir dövrdə, Azərbaycan Xalq Cümhuriyyəti illərində nəşr etdirib. Türk birliyinin aktual olduğu müasir dövrümüzdə “Türk çələngi” kitabının latın qrafikalı Azərbaycan əlifbasında nəşrinin həm oxucular, həm də mütəxəssislər üçün əhəmiyyəti böyükdür.

Kitab Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva tərəfindən transfoneliterasiya olunub.

Təqdimatda çıxış edən institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli görkəmli ədib Abdulla Şaiqin Azərbaycan ədəbiyyatı tarixində və pedaqoji fikrinin inkişafında böyük rolu olduğunu diqqətə çatdırıb.

Ədibin mənzil-muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə Abdulla Şaiqin “Türk çələngi” kitabının maarif sahəsində əhəmiyyətini vurğulayaraq qeyd edib ki, əvvəlki dövrlərdə yaranmış dərsliklər müasir dərslik yazan maarifçilərə örnək olmalı, zəmin rolunu oynamalıdır.

Kitabı transfoneliterasiya edən və yeni nəşrə ön söz yazan Arzu Əhməd Hacıyeva “Abdulla Şaiq irsində “Türk çələngi”nin yeri” mövzusunda çıxış edib. O, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin bir fikrini diqqətə çatdırıb: Abdulla Şaiq şair ikən müəllim, müəllim ikən şairdir.

Filologiya elmləri doktorları İslam Qəribli, Asif Rüstəmli, Tahirə Məmməd, Lütviyyə Əsgərzadə, Eşqanə Babayeva, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxışlarında nəşrin əhəmiyyətindən söz açıblar.