Üçüncüdən başlayaq. Tək elə ona görə yox ki, birinci söz yaranıb. Həm də bu səbəbdən ki, qalan hər şeyi ifadə etməyin ayrı-alayı yolu yoxdu. Özü də bu «iki sözü» ifadəsi iki sözçüsü kimi də anlaşılmalıdır. Birinci söz bizim, ikinci söz Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbovundur.
  
  
   I söz
  
   Oxu, söz!..
  
   Qədim Xızı... Onun elə bəri başından başlanan ulu dağları, ürək-göbəyi boyunca çeşməli-sulu bağları, meşələri, qos-qoca xarakteri, uca mərdliyi, hər şeydə özəlliyi, gözəlliyi...
   Bu yumru Yer üzünün Xızı ucalığına - Sənan müəllim demiş - «Xızr peyğəmbər məkanı»na yollanarkən hamı kimi, təbii, bizi də ulu dağlar qarşıladı. Ozanların eyzən tapındığı dağlar. Eynən də aşıqların aşiq olduğu, ədiblərin əbədi mövzusu dağlar. Dağlara da ki, təbiət gözüylə baxsan - döşündə cənnət, qaşında təb, bəsirət gözüylə baxa bilsən - başından başda Rəbb görərsən. Gözəgörünməz Tanrını görənə isə yerlər amin olar, göylər zamin.
   Bu fikirləri qəlbimizin diktəsi ilə yaddaşımıza yazırıq ki, redaksiyaya qayıdanda «neynim-neceləyim»də qalmayaq. Axı, bəzən «söz çıxır ceyran belinə» (R.Rza). Ha deginən «darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb gələr» (M.Araz). Bir də ki, axı bəndələriniz sözü sonalayıb-xanalayan şair ha deyillər. Olayları halaylayıb yolaylayan, həyatın gündəlik imla-inşa və digər hərzələrini qələmə alan adicə mirzələrdi. Odur, bax bu yolun solundakı tənha binada - bu düzəngah-«ada»dakı odada - Müşfiq muzeyində nə söz desən tapa bilərsən. Çünki o bina «Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!» binövrəsi üstə inşa edilib. O binaya 5-10 millik məsafəmiz, 5-10 minlik söz istəyimiz qalıb. Təəssüf ki, bazisi yuxarıda dediyimiz yuxarı materialdan olan o binanın üstqurumu aşağı formadadır. Çox ölkələrdə sənətkarların abidələri, muzeyləri özlərindən böyük yapılır. Bizim ölkəmizdə də belələri az deyil. Ancaq bu yaşca yeniyetmə, eşqcə, od-yaloca, ilham və təbcə qos-qoca Müşfiqimizin muzeyi heç onun «Oxu, tar»ının kar siminə dəyməz...
   Yolun sağında - dağ döşündəki tar abidəsi isə ürəyimizin sarı siminə toxunub, könlümüzü duruldur. O abidənin altındakı «Oxu, tar» sözləri yazılmasaydı da, burdan keçən hər kəs bilərdi ki, söhbət Müşfiqdən gedir. Ümumiyyətlə, harda tar var, orda Müşfiq var. Hətta, belə bir xalqarası rəy də var ki, ölkə rəhbərinin sərəncamı ilə paytaxtımızda inşa edilən əzəmətli «Muğam Mərkəzi»nin tar modelinə bənzədilməsi həm də Mikayıl Müşfiqin xatirəsinə ehtiram əlamətidir.
   Maşından düşüb, havalı-həyəcanlı addımlarla muzeyə yaxınlaşırıq. Əvvəlcə Müşfiqin öz əlləri ilə əkdiyi yeddi çinardan qalanlara, sonra büstünə salam veririk. Cavab? «Bilməm harda qaldı, o nazlı durnam?!».
   Yazımızın başlığında dediyimiz Xızının «iki gözü»ndən biri ilə göz-gözəyik. İçəri daxil oluruq - Xızının poeziya gözünə. Xızının dramatik gözü - Cəfər Cabbarlı muzeyi hələ qarşıdadır. Bu iki nəhəngin yaşını toplasan, heç orta bir sənətkar ömrü də eləmir. Amma bu əbədi sağolmuşların hər birinin sənət yükü çox yaşamış neçə-neçə «ağolmuşlar»ın dizini yerə gətirərdi!
   Bu muzeyin həyəti də adını daşıdığı nakamın həyatı kimi qəmli. Binanın interyeri də, fasadı kimi, cah-cəlaldan kasad... Nə yaxşı ki, Müşfiqin öz ab-havası, fotolarda adamı hipnoz edən odlu-yanğılı baxışları, alovlu misraları varmış. O baxışlar baxanların gözlərini yaşartdıqca, o misralar bir ipək yaylıq kimi qurulayır.
   Buradakı... Nə deyək, nə adlandıraq buradakıları? Eksponatlar? İnventarlar? Demək olmur. Müşfiq kimi həmişəcanlı duyğu hara, «eksponat» kimi uyğu hara! Yaxşı, bəs, nələr? Amma o ustad söz kanı, məna kankanı özü tapıb deyə bilərdi... Ki, buradakılar sənətdən kamlığın, həyatdan nakamlığın maddi qafiyələridi. Deyərdi, bax bu sağdakı 39 şəkil həyat eşqli dəmlərin təcəllası, sol yandakı 40-cı isə qanlı hakimiyyətin doğurduğu qəmlərin məcəlləsidi...
   «Oxu, söz!» deyə, çox sözlər deyərdi - sənədcə yeniyetmə, sənətcə baba Müşfiq! Özü də bizim kimi uzun-uzadı yox - sözü az, mənanı yüz deyərdi. Bu «tezbazar» rubrikalı dünyamızda, vaxtımızın darlığıyla ilgili, sevgili Cəfər səfəri naminə uğurlar arzulardı bizə...
   Bu da Cabbarlı muzeyi. Bu tikili, maşallah, yaxşıdı. Gözoxşardı, ürəkaçandı. Ən çoxu da ona görə ki, böyük ədibin doğulduğu ev-koma da bu sarayın içində olduğu kimi saxlanıb. Bu dramatik həyat-yaradıcılıqlı dramaturqun öz dövründəki «ideologiya dili» ilə desək, «köhnəlik qalığı» koma. Bu köhnə koma yaraşıqlı bir yeni sarayın ağuşundadır. Özü də Sovet «yeni»si yox, müstəqillik yenisi içərisində. «Yaş içində gülüş»ün əksi. Bu muzeyin içərisində üç əsr yerləşib. Buranın ab-havasında sənət-sənətkar-zaman üçbucağı cızılıb. Bu üçbucağın açması üçün Oqtay-Almaz-Elxan üçbucağı fəlsəfəsinə varmaq gərək. Təzadlar çoxdur. Amma sənət həqiqətləri, sənəkarlıq naxışları, istedad fontanları onlardan da çoxdur.
   Bu muzeyi ata evi, baba yurdu kimi əziz tutan xanımlar işləyir burada. Əgər Cəfər sağ olsaydı, onların adına bir «Yurd gəlini» kitabı bağlayardı...
   Biz bu fikir-xəyallardaykən, bu yurdun ziyalı bir Eloğlusu - Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbov gəlib çıxır. Bizimlə çox səmimi «xoş-beş» etsə də, bikef görünür. «Ay Sənan müəllim, biz ki cağırılmış qonaqlarıq»... «tikan»-sözümüzü gülnən kəsir: «Mən bütün redaksiya heyətinizi qonaq çağırmışdım, sizsə, cəmi-cümlətanı üç gəlmisiz...»
   Bu an bu muzeydə yadıma ulu Cabbarlının «Sevil»indəki «Ay Allah, bunnan üş dənə ver, göynən uçan quşdara ver» oxşaması düşür. Daha heç nə. Dinib-danışmadan, bir vaxt Cəfəri yırğalayan nənniyə, iməklədiyi hücrəyə, adaq elədiyi otaqlara, dünyaya böyük Azərbaycan pəncərəsi açmaq xəyalı ilə baxdığı əyrim-üyrüm, bapbalaca pəncərələrə və 14 yaşında tifil bir uşaq çıxıb, 34-cə yaşında dahi qayıtdığı yonqar-sığalsız taxta qapıya baxırıq. Hərdən də foto-çıqqıltılar eşidirik...
   Vəssalam.
   Və əleykə-əssalam, Sənan müəllim, söz Sizindir.
  
   II söz
  
   Mədəniyyət - xalqla ünsiyyət...
  
   Mədəniyyət hər xalqın ictimai vəziyyətinin göstəricisi, millətin mənəvi sifətidir. Yaxın keçmişədək əsasən ədəbiyyatı ilə tanınan Azərbaycan ötən əsrin son qərinəsində ümummilli liderimiz Heydər Əliyevin, son illər isə ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın yorulmaz fəaliyyət və qayğıları sayəsində həm də böyük mədəniyyət ölkəsinə çevrilmişdir.
   Kəndistan camaatı üçün çox xoşdur ki, tarixən paytaxtların bəxtinə yazılan «beşulduzluq» taleyi son illər əyalətlərin, kənd rayonlarının da üzünə gülür. Artıq rayon mərkəzləri, kənd-qəsəbələr də müasir şəhər görkəmi almaqdadır.
   Xızı rayon Mədəniyyət və Turizm Şöbəsi nəzdində 27 müəssisə var. Bu müəssisələrdə 126 nəfər çalışır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə nazirliyimizin qayğı və diqqətindən əlavə, şöbəmiz də öz daxili imkanlarından maksimum istifadə edir. Məsələn, elə təkcə Mədəniyyət Sarayının istifadəsndə 3 ədəd «Mitsubishi» markarı kondisioner, 10 ədəd maqnitafon, 2 ədəd kompyuter, İcra Hakimiyyətinin balansından hədiyyə edilmiş 60 ədəd yumşaq oturacaq, 8 ədəd elektrik qızdırıcısı vardır.
   Məmnunluq hissi ilə qeyd edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi öz işgüzarlığı, yenilik və xidmət dinamikası ilə bütün respublikamız üzrə necə seçilirsə, bizim kollektivimiz də rayonumuz üzrə o imici qazanmağa çalışır. 2009-cu ilin 6 ayı ərzində çox işlər görmüşük. Rayon İcra başçısı V.Abdullayevin xüsusi nəzarəti ilə M.Müşfiq muzeyində, əsasən də Cəfər Cabbarlı adına parkda və «Xızı-Qala» kompleksində cari təmir, həyətyanı sahələrdə abadlaşdırma işləri aparmışıq. Mərkəzləşdirilmiş Kitabxana Sistemi və digər 12 filial-kitabxananın ümumi fondu 80 mini ötüb. Respublika prezidentinin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı ilə nəşr olunan kitablardan 102 adda kitab alınmışdır. Şöbə tərəfindən Respublika Kitabxana Kollektoru ilə xüsusi müqavilə imzalanmış, yeni kitab və texniki avadanlıqlar alınmışdır.
   Şöbəmizin tərtib etdiyi tədbirlər planı olduqca zəngindir. İlin əvvəlində - yanvarın 6-da nakam şairimiz M.Müşfiqin xatirə gecəsi - Bakı şəhərindən gələn Müşfiqsevər ziyalılarla birlikdə - yüksək səviyyədə qeyd edilmişdir. 20 yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar, müəssisələrdə silsilə mərasimlər keçirilmişdir. Rayon mərkəzində yerləşən «Şəhidlər kompleksi»ndə ümumrayon tədbiri təşkil edilmiş, şəhidlərin xatirəsini əks etdirən lövhələr qarşısına gül dəstələri qoyulmuş, musiqili-ədəbi çıxışlar olmuşdur. 2 fevral «Gənclər günü» münasibətilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində gənc kitabsevərlərlə oxucu konfransı təşkil edilmiş, bir neçə gənc yazıçının əsərləri üzrə disput, müzakirələr və təhlillər olmuşdur. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar Mədəniyyət Evi kollektivinin hazırladığı (erməni vəhşiliklərini əks etdirən) tamaşa göstərilmiş, Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzvlərinin xüsusi kompozisiyası nümayiş etdirilmişdir. 1 mart - Mülki-Müdafiə və 8 Mart - Beynəlxalq Qadınlar günlərinə həsr edilmiş konsert proqramı yeni Mədəniyyət Sarayında həyata keçirilmişdir. Azərbaycan Teatr Günü də maraqlı elementlərlə qeyd olunmuşdur. Xalqımızın ən əziz milli mərasimi olan Novruz bayramına həsr edilmiş Bahar şənliyi rayon İcra Hakimiyyəti başçısı və ictimaiyyətin iştirakı ilə dağlar qoynunda - Xızı şəhərinin girəcəyində yerləşən «Xızı-Qala» kompleksində keçirildi. Mədəniyyət Evi kollektivinin və «Xızı dağları» ansamblının hazırladıqları həmin konsert proqramı Bakı şəhərindən dəvət edilmiş tanınmış musiqiçi və müğənnilərin ifası ilə daha da maraqlı oldu. Həmin şənliyə turizm çalarları da qatılmışdı. Belə ki, rayonun milli adət-ənənələri, qədim kənd və qəsəbələrə məxsus ritualları, öz gözəlliyi ilə seçilən xalçalar, özünəməxsus xonçalar, igidlərin at yarışları, pəhləvan nömrələri, xoruz döyüşləri nümayiş etdirildi. Martın 21-də isə görkəmli dramaturq C.Cabbarlının 110 illiyi münasibətilə ədibin adını daşıyan ev-muzeyində xatirə gecəsi, kitablarından ibarət sərgi, foto-stendlər hazırlandı. Şöbənin nəzdində fəaliyyət göstərən müəssisələrdə azərbaycanlılara qarşı törədilmiş (31 mart 1918-ci il) Soyqırım faktının 91-ci ildönümü ilə bağlı toplantılar, müzakirələr, Mərkəzləşdirilmiş Kitabxana Sistemində və filial-kitabxanalarda ədəbi-bədii gecələr keçirildi. Erməni vəhşiliklərini əks etdirən tamaşa hazırlanaraq, xalqımızı bu yolda birliyə çağıran bədii kompozisiya nümayiş etdirildi. 
   Aprelin 7-də orduya həqiqi xidmətə çağırışla əlaqədar, rayon Hərbi Komissarlığında - çağırışçılar qarşısında, habelə rayon ərazisində yerləşən və şöbəmizin himayəyə götürdüyü N saylı hərbi hissədə konsert proqramı həyata keçirildi. Aprelin 21-də isə Dərbənd şəhər Azərbaycan Dövlət Dram Teatrının kollektivi tamaşaçılar qarşısında «Qaynana» tamaşası ilə çıxış etdi. «Beynəlxalq Abidələr və Tarixi Yerlər» günü münasibətilə muzeylərdə «Açıq qapı» günləri təşkil edildi. Sumqayıtda keçirilən Uşaq xor kollektivlərinin VI respublika müsabiqəsində iştirak edən Musiqi Məktəbinin şagirdləri nailiyyətlərlə qayıtdılar. Akademik Zərifə xanım Əliyevanın xatirə günü münasibətilə aprelin 28-də Mədəniyyət Sarayının konfrans zalında həkimlərlə birlikdə rayon İcra Hakimiyyəti başçısı və ictimaiyyətin iştirakı ilə disputlar təşkil edildi. Ümummilli lider Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar şöbə tərəfindən müəssisələrdə silsilə tədbirlər və mayın 5-də yeni Mədəniyyət Sarayında geniş konsert proqramı həyata keçirildi. Gənc xanəndələr Ehtram Hüseynov və Arzu Əliyevanın çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Mədəniyyət işçilərinə Mədəniyyət Müəssisələri Həmkarlar Təşkilatı tərəfindən hədiyyələr verildi.
   Ümummilli liderin doğum günü ilə əlaqədar Giləzi Regional Meşəsalma Müəssisəsi ilə şöbə kollektivi tərəfindən M.Müşfiq muzeyinin həyətində 5 hektar sahədə 5000 ədəd ağac və gül kolları əkilmişdir. Ümummilli liderin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar, mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətinin iştirakı ilə ulu öndərin adını daşıyan parkdakı abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur.
   Muzeylər günü ilə əlaqədar tədbirlərimiz də maraqla qarşılandı. Belə ki, mayın 16-da «Muzeylər gecəsi» təşkil edilərək axşam saatlarına qədər muzeylərə sərbəst giriş şəraiti yaradıldı.
   1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi H.Əliyev adına parkda ümumrayon tədbiri həyata keçirmiş, tədbirdə həmin məktəb şagirdlərindən ibarət Uşaq ansamblı öz bacarığını nümayiş etdirmişdir. İyun ayının 1-də Xaçmaz şəhərində mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin iştirakı ilə nazirliyimizin əmrinə əsasən keçirilən dekorativ tətbiqi əl sənəti üzrə respublika müsabiqəsinin zona turunda rayonumuzu 4 nəfər iştirakçı təmsil etmiş və onların əl işləri xüsusi yer tutmuşdur. 15 iyun Milli Qurtuluş günü münasibətilə H.Əliyev adına parkda bir sıra hörmətli ziyalıların, rayon İcra Hakimiyyəti başçısının və ictimaiyyətin iştirakı ilə geniş tədbir oldu. Həmin ayın 20-də nazirlik tərəfindən Quba rayonunda 7-16 yaş arasında keçirilən «Doğma diyar uşaqların gözü ilə» adlı foto və rəsm festivalında rayonumuzu rayon festivalının qalibləri - Hənifə Mahmudlu və Bəhram Cəfərov 15 rəsm əsəri ilə təmsil etmişlər.
   Qeyd edim ki, şöbəmizin il ərzində həyata keçirdiyi tədbirlər «Mədəniyyət» qəzetində, «Mədəni-maarif işi» jurnalında, AzTV, İctimai, Space, ATV telekanallarında və rayonumuzun mətbu orqanı olan «Dağlar yurdu» qəzetində işıqlandırılmışdır. Novruz bayramı münasibətilə keçirilən tədbir İctimai televiziyada, rayonun qədim adət-ənənələrinə həsr edilmiş «Yurdumun dəyərləri» tədbiri ATV telekanalında nümayiş etdirilmişdir. Space televiziyası Altıağac qəsəbə sakinləri Mahirə Kərimova və Mehman Məmmədovun toy mərasimlərini lentə alaraq nümayiş etdirmiş, mədəniyyət müəssisələrimizin fəaliyyəti ilə bağlı ciddi məqamları «Mədəniyyət xəbərləri» verilişində işıqlandırmışdır.
   Maraqlıdır; son abzasda «işıqlanmış», «işıqlandırılmış» ifadələrini çox işlətdim və bu, mənim özümə də xoşagəlməz təkrarçılıq təsiri bağışladı. Amma ardınca fikirləşəndə ki, bu «işıqlandırmalar» zamanı neçə-neçə insanın üz-gözü işıqlanıb, o qara təsirin özü də işıqlandı.
   Bəli, mədəniyyət işıqdır. Mənəvi işıq...
  
   T.Abbaslı,
   K.Cəbrayıl







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar