Qaçqın və məcburi köçkünlər üçün bayram şənliyi
   
   Mədəniyyət və Turizm Nazirliyi, hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı bölgələrdə şənliklər, konsert proqramları təşkil edib.
   Martın 12-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində təşkil olunan bayram şənliyində tanınmış incəsənət ustalarının ifaları doğma yurd həsrətli insanlara bahar ovqatı və zəngin təəssürat bəxş edib. Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov iştirakçılara qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbiri yüksək qiymətləndirən A.Səlimov növbəti ildə belə bayramların işğaldan azad olunmuş torpaqlarda keçirilməsini arzulayıb.
   * * *
   Martın 13-də Goranboy rayonunda təşkil olunan bayram tədbirində 450-dən artıq qaçqın və məcburi köçkün iştirak edib. Mədəniyyət evində keçirilən tədbiri Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, respublikamızın müxtəlif regionlarında məskunlaşan bu insanlar üçün müasir qəsəbələr, hər cür şəraiti olan yaşayış binaları tikilir, müvafiq infrastruktur yaradılır. Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbə də buna misaldır.
   Mədəni sahədə uğurlara toxunan icra başçısı Novruz bayramı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, təşkilatçılara və incəsənət xadimlərinə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, nazirlik tərəfindən bu tədbirlərin keçirilməsində məqsəd bayram ərəfəsində qaçqın və məcburi köçkünlərin asudə vaxtının səmərəli təşkili və onlara göstərilən mədəni xidməti daha da gücləndirməkdir.
   Sonra söz incəsənət ustalarına verilib. Xalq artistləri - tanınmış xanəndə Canəli Əkbərov, rəqqasə Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, aktrisa Naibə Allahverdiyeva, müğənnilərdən Rəhilə Quliyeva, Valid Abdullayev, Ramin Quliyev maraqlı proqramla çıxış ediblər. Musiqiçiləri tarda Altay Niftəliyev, kamançada Araz Ağaverdiyev müşayiət edib. Konsertin aparıcısı, qiraət ustası, Əməkdar artist Azad Şükürovun səsləndirdiyi vətənpərvərlik ruhunda şeirlər bayram tədbirinə xüsusi ovqat qatıb. Konsert proqramı sakinlər tərəfindən alqışlarla qarşılanıb.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar