Kinorejissorların əksəriyyəti beynəlxalq festivallarda iştirak etmək, "festival kinosu" çəkmək arzusu ilə yaşayır. Milli kinomuzun tənqidində ən çox səslənən arqument də elə budur - filmlərimiz festivallara getmir. Amma bu fikri alt-üst edən filmlərimiz çəkilir. Deməli, proses hərəkət deməkdir, həm coğrafi, həm də hərfi mənada. Son vaxtlar "Dərviş" Prodüser Mərkəzinin istehsal etdiyi filmlərin adı tez-tez beynəlxalq kinofestivallardan eşidilir. Bugünlərdə mərkəzin lentə aldığı, "Didor" beynəlxalq kinofestivalında "Qran-Pri"yə layiq görülmüş, "Qızıl minbər" kinofestivalında iştirak etmiş "Düyün" filmi bəxtini İtaliyada keçiriləcək qısametrajlı filmlər kinofestivalında da sınayacaq. Filmin rejissoru Əli İsa Cabbarovun sözlərinə görə, bu kinoforuma qoşulmaqda əsas məqsəd, dünya kino bazarında iştirak etməkdir. İtaliyada "Düyün" - Festival İtaliyanın Siyena şəhərində keçiriləcək. Bu kinoforumun fərqli cəhətlərindən biri odur ki, festivalda kino bazarı fəaliyyət göstərəcək. Orada filmləri satmaq, nümayiş etdirmək imkanı yaradılacaq. Bizim də əsas məqsədimiz təkcə "Düyün"ü festivalda nümayiş etdirmək yox, həm də kino bazarında iştirak etməkdir. - Səhv etmirəmsə, "Düyün" sizin prodüser mərkəzinin istehsal etdiyi artıq üçüncü filmdir ki, İtaliya kinofestivalına dəvət alır… - Elədir. Bu onu göstərir ki, italyanlarla bizim aramızda doğrudan da bir bağlılıq var. Bizim mərkəzin lentə aldığı "Ev", daha sonra "Çalış, nəfəs alma" filmləri İtaliyada keçirilən kinofestivallarda qalib olub. Bu, təsadüfi deyil. İtaliyanın Azərbaycan kinosuna, xüsusən yeni Azərbaycan kinosuna marağı var. Onlar bizim filmləri digər Avropa xalqlarından fərqli olaraq, daha çox başa düşür. - Bu yaxınlarda Tatarıstanda keçirilmiş IV "Qızıl Minbər" Beynəlxalq Kinofestivalından qayıtmısız. Müsəlman ölkələrinin kinosuna həsr olunmuş festivalda nəyi müşahidə etdiniz? Müsəlman ölkələrinin kinosu dünyaya hansı rakursdan baxır? - "Qızıl minbər" geniş anlamda müsəlman kinosunu əhatə edir. Festivala təqdim olunan filmlər müsəlman xalqlarının problemlərinə toxunsa da, müəlliflərin mütləq şəkildə İslama sitayiş etməsi vacib şərt deyil. Məsələn, Çində yaşayan uyğurlar haqqında çəkilən və festivalda nümayiş etdirilən filmin rejissoru milliyyətcə çex idi. İraq hadisələrindən bəhs edən filmləri isə amerikalılar lentə almışdı. Bu da festivalda iştirak edən filmlərin səviyyəsinin yüksək olmasına gətirib çıxarır. Elə qaliblərdən biri də "Oskar" almış sənədli film oldu. Filmlərin mövzusuna gəlincə isə, millətindən və dinindən asılı olmayaraq, bütün insanları birləşdirən dəyərlərə toxunulub. Konkret insan, onun arzuları, ümidləri, əlacsızlığı, zəifliyi və ya gücü, iradəsi… Yəni sərhədsiz, bəşəri mövzular maraq doğurur. Abstrakt, döyüş filmləri, bir bölgəyə aid mövzularsa doğma ölkədən kənara çıxanda dəyərini itirir. Filmlərimizin qüsuru - Bəs, "Düyün" filmi nümayiş olunanda tamaşaçılar necə reaksiya verdi? - Birinci dəfə idi ki, "Düyün"ü Azərbaycandan kənarda nümayiş etdirirdim. Özüm də zalda oturub, tamaşaçıların reaksiyasını müşahidə edirdim. Etiraf edim ki, nümayiş mənim filmə olan inamımı artırdı. İlk vaxtlar adam işinə şübhə ilə yanaşır, komplekslər keçirir. Amma bu baxış sübut etdi ki, filmlə tamaşaçılar arasında emosional təmas var. Hətta nümayiş zamanı DVD-də ilişmələr oldu. Buna baxmayaraq, nümayişdən sonra tamaşaçılarla söhbətləşəndə gördüm ki, filmin təsiri itməyib. Festivalda iştirak etməyim məndə özümə qarşı bir inam yaratdı. - Necə fikirləşirsiz, kinonu inkişaf etdirmək üçün biz festivala getməliyik, yoxsa daha çox festival təşkil etməliyik? - Hər ikisi. Festival hansısa xalqın, şəhərin mədəniyyətini təbliğ etmək üçün böyük silahdır. Tatarıstan Respublikası, kazanlılar bu silahdan çox bacarıqla istifadə edirlər. Mən və mənim kimi yüzlərlə iştirakçı bu festivalda iştirak etməklə həm də festivalın keçirildiyi şəhəri tanıdı, sevdi. Tatarıstan hörmət qazandı. Məncə, biz də bu üsuldan istifadə etməliyik. Azərbaycanda keçirilən beynəlxalq festivalların sayı çoxalmalıdır. - Bildiyimə görə, "Qızıl minbər"də son illər lentə alınmış tammetrajlı Azərbaycan filmləri də göstərilib. Digər ölkələrin kinosu ilə müqayisədə müasir Azərbaycan kinosu hansı mövqedə dayanmışdı? - Əfsuslar olsun ki, beynəlxalq festivallarda Azərbaycan kinosunun mənfi cəhətləri daha tez-tez gözə çarpır. Müqayisə edəndə məlum olur ki, biz məhəlləçiliyə çox uymuşuq. Sırf bizə aid olan müharibə dərdi, Qarabağ problemi elə formada göstərilir ki, Azərbaycandan kənarda onları başa düşmürlər. Bu festivalda "Hökmdarın taleyi" filmi nümayş olundu. Peşəkar səviyyəsi çox yüksək filmdir. Amma orada, məsələn, mənfi erməni obrazı var. Özü də bu obrazın mənfi cəhətləri həddən artıq qabarıq göstərilib. Biz onun mənfiliyini başa düşürük. Əcnəbi tamaşaçı üçünsə bu artıq subyektiv yanaşmadır. Ona görə də, biz gərək məhəlli mövzulardan uzaqlaşaq. Milli olmağımızla yanaşı, dünyəvi mövzulara üstünlük verək. Hər dəfə film çəkəndə nəzərə alaq ki, buna ingilis, amerikalı, zənci baxacaq. Onlar da bu filmi başa düşməlidirlər. - Bəziləri kinodan sırf təbliğat vasitəsi kimi istifadə etmək istəyir… - Düzgün deyil. Təbliğat üçün nəzərdə tutulmuş filmlər festivallarda iştirak edə bilməz. Belə filmlər orta məktəb şagirdlərinə vətənpərvərliyi aşılamaq məqsədilə göstərilə bilər. Festivallar üçünsə ümumbəşəri, psixoloji problemlərlə bağlı mövzulara müraciət etmək lazımdır. Bu cəhətdən qırğız kinosu özünü doğruldub. Artıq Avropada qırğız kinosu deyilən bir anlayış var. Onlarda pul azdır, amma filmlərin sayı çoxdur. Qırğız rejissorları az büdcə ilə psixoloji problemləri əks etdirən filmlər çəkirlər… - Bizim rejissorlar isə büdcənin azlığından şikayətlənirlər. Niyə yerli rejissorlar qonşu ölkələrdə olduğu kimi kiçik büdcə hesabına səviyyəli film çəkə bilmirlər? - Pul həmişə lazımdır. Amma çox pul üçün dava edən adamlar keyfiyyət davası aparmırlar. Bu, peşəkarlıqdan kənar söhbətdir. Təbii ki, filmlərin büdcələri artırılmalıdır. Amma Azərbaycanda çəkilmiş istənilən zəif filmi götürsək, görərik ki, o film böyük məbləğə çəkilsəydi belə, yenə zəif olacaqdı. Bu, rejissorun qeyri-peşəkarlığı, ssenarinin zəifliyindən asılıdır. Adətən, prodüserlər, film direktorları büdcə davası edir ki, qazancları çox olsun. Amma yaradıcılıq və büdcə düz mütənasib deyil. Büdcə ilə yaradıcılıq arasında çox böyük fərq var. Məsələn, bu gün "Şərikli çörək" və ya "Gün keçdi" kimi filmləri çəkmək üçün böyük məbləğ lazım deyil. Həm də indi dövlətin filmlərə ayırdığı maddi vəsait kifayət qədərdir. Əgər fikir vermisizsə, daha heç kim büdcə söhbəti aparmır. - Buna baxmayaraq, keyfiyyətli filmlər azdır… Bəlkə, bizdə ideya qıtlığı var… Görünür, keyfiyyətli məhsul verə bilən yaradıcı heyətə, qrupa hələ tammetrajlı film çəkmək imkanı verilməyib. Kino həm iqtisadiyyat, həm yaradıcılıq, həm də müəyyən mənada lobbiçilikdir. Lokal kinonun bazarı yoxdur - Əvvəldə qeyd etdiz ki, İtaliyada kı kinofestival sizin üçün orada kino bazarının olacağına görə əhəmiyyətlidir. Səhv etmirəmsə, sizin mərkəziniz Avropa telekanallarına film sata bilən yeganə yerli qurumdur. Bu, bir çox istehsalçılar üçün əlçatmazdır. Bəlkə, qazandığınız təcrübə barədə danışasınız? - Bunun üçün mütləq festivallar çərçivəsində təşkil olunan kino bazarlarında iştirak etmək lazımdır. İtaliyada baş tutan festivalların birində rejissor Asif Rüstəmov bizim filmləri kino bazarında şəxsən özü təqdim etdi. DVD dəmir parçasıdır, onu harasa göndərməklə iş bitmir. Kino bazarında fərd olaraq kimsə iştirak edəndə, şəxsən əlaqə yaradanda nəticə əldə etmək mümkün olur. Orada iştirak edənlər də filmi təqdim edənin sivil, savadlı olduğunu, dil bildiyini görur və təqdim olunan məhsula da tamam başqa münasibətlə yanaşır. Hətta mən təklif edərdim ki, film müsabiqədə iştirak etməsə belə, yaradıcı heyət festivala ezam edilsin. Bu, təcrübə mübadiləsi üçün vacibdir. Bir neçə nüfuzlu festivallar var ki, onların kino bazarı var. Biz gərək davamlı şəkildə həmin bazarlarda iştirak edək. Bundan əlavə yenə də deyirəm ki, mövzu əsaslı rol oynayır. Bəşəri oldu satılır, lokal oldu satılmır. Filmin öz mövzusunu diktə etdiyi bazar da var. Məsələn "Düyün" filmi İsveçrənin telekanalına, "Ev" filmi isə Fransanın "Kanal+" televiziyasına satılıb. Hər film müəyyən kanala ünvanlanır. Ona görə də kanalların mövzu istiqamətini öyrənmək lazımdır. - Yerli televiziya kanalları necə, bu filmlərlə maraqlandılarmı? - "Kanal+" milyardlarla dollar dövriyyəsi olan Avropa şirkətidir. O, bizim filmi əldə etdi. Biz həmin filmi yerli kanallara simvolik məbləğə təklif etdik, heç bir kanal maraq göstərmədi. Bu da bizim televiziyaların ucuz qiymətli pirat filmlər nümayiş etdirməsi və ümumiyyətlə, Azərbaycan məhsuluna inamsızlıqla bağlıdır. - Hazırda hansı yeni layihə üzərində işləyirsiz? - Yeni layihələrimiz var, onlara maliyyə vəsaiti axtarırıq. Nazirliyə tammetrajlı bədii film layihəsi təqdim edəcəyik. Ssenari müəllifi və rejissoru Asif Rüstəmovdur. Bu, "Dənizə doğru" adlı psixoloji dramdır. Bir insanın faciəsindən bəhs edir. Bu layihəni bir dəfə müsabiqəyə təqdim olunsa da, münsiflər qəbul etməmişdi. Amma biz ümidimizi itirməmişik. Ssenarini bir qədər də kamilləşdirərək, bir daha müsabiqəyə təqdim edəcəyik. Aliyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar