Dahi ədibin ekran üçün uğurlu olan əsərləri o qədərdir ki…
   
   Mirzə Cəlilin əsərlərində dərin ironiya, sarkazm var. Bunu ekrana gətirmək o qədər də asan deyil. Bəlkə, buna görə rejissorlar Mirzə Cəlilin yaradıcılığına çox müraciət etmək istəməyiblər
  
 
  Mirzə Cəlil əvəzsiz nəsr, dram əsərləri, publisistikası, naşiri və rəhbəri olduğu «Molla Nəsrəddin» məcmuəsi, əsərlərinə çəkilmiş filmlər və tamaşalarda yaşayır. Mirzə Cəlilin ekrana gətirilmiş əsərləri haqda danışmaq istərdik. Təəssüf ki, onlar o qədər də çox deyil. Cəmi bir neçə əsəri ekranlaşdırılıb. Onların hamısını uğurlu hesab etmək olmaz. 
   
  «Ölülər» - filmdə tamaşa estetikası, tamaşadakı keçidlər daha çoxdur
  
   Mərhum rejissor Tofiq Tağızadə uzun illər M.Cəlilin «Ölülər» əsərini ekranlaşdırmaq ideyası ilə yaşayıb. Ancaq onu ekranlaşdırmaq rejissora bir az gec nəsib olub. Sovetlər Birliyi hələ dağılmamışdı və kinematoqrafımız Türkiyə ilə əlaqələr qurmaq istəyirdi. Bəlkə də elə buna görə Kefli İsgəndər roluna türk aktyoru dəvət olundu. Nəticədə Kefli İsgəndər nəinki türk-azərbaycanlı, heç fransız kimi də alınmadı. Filmin qüsuru təkcə bu deyil. Tofiq Tağızadə bu filmə çoxlu teatr elementləri daxil eləmişdi. Həddindən çox jestikulyasiya, həddən çox parlaq maneralar...
   Üstəlik filmdə Mirzə Cəlilin dili də qorunmayıb. Daha doğrusu, Mirzə Cəlilin obrazlarının işlətdikləri qəliz ifadələri aktyorlar daha çox dil-dodaq əyməklə ifadə edirdilər. Bu, ona görə idi ki, filmdə oynayan aktyorların çoxu teatrdan gəlmişdi və onlar «Ölülər»i tamaşa kimi oynamışdılar. Ona görə də filmdə tamaşa estetikası, tamaşadakı keçidlər daha çox idi.
   Mirzə Cəlilin demək istədiyi fikirlərin ekran həlli doğru deyildi. Məsələn Şeyx Nəsrullah... Filmdə elə bir detal yoxdur ki, tamaşaçı onun camaatdan aralanandan sonra necə fırıldaqçı, savadsız adam olduğunu görsün. Həmçinin, Mirzə Cəlil Kefli İsgəndəri xalqın xaricə gedib, atasının pulu ilə təhsil alan və elm öyrənməkdən daha çox, içməyi öyrənən azərbaycanlı kimi təqdim eləmək istəyirdi. Kefli İsgəndər Fransadan qayıdandan sonra öz öyrəndikləri ilə xalqa xidmət etmək əvəzinə, içkiyə qurşanmışdı və Mirzə Cəlil bunu qəsdən etmişdi. Fikir verin, Kefli İsgəndərin xaricdə hansı peşəyə yiyələndiyi bilinmir. Çünki Mirzə Cəlilə onun elmi yox, dili lazım idi ki, İsgəndərin dili ilə demək istədiyini çatdırsın. Lakin filmdə bütün bunlar açılmayıb.
   Ümumiyyətlə, Mirzə Cəlilin əsərlərinin kinoya niyə az gəlməsi onun əsərlərində özünə, öz xalqına qarşı dərin ironiya, sarkazm var. Bunu ekrana gətirmək o qədər də asan deyil. Bəlkə buna görə rejissorlar Mirzə Cəlilin yaradıcılığına çox müraciət etməyiblər.
  
   «Qəm pəncərəsi» və «Pirverdinin xoruzu» - bunlar hələ ki, Mirzə Cəlilin əsərlərinə çəkilmiş az sayda filmlərdir
  
   Mirzə Cəlil haqda çəkilən avtobioqrafik «Qəm pəncərəsi» filmində ədibin həyatının bəzi məqamları canlandırılıb. Ssenaridə «Danabaş kəndinin əhvalatları» povestinin motivlərindən istifadə edilib. Ədibin digər ekranlaşdırılan əsəri «Pirverdinin xoruzu» oldu.
   Bu film rejissor kimi Ramiz Əzizbəylinin debütüdür. 1987-ci ildə özünü rejissor kimi sınamaq və təsdiq etmək üçün rejissor Ramiz Əzizbəyli Eldar Quliyevin yaratdığı «Debüt» studiyasında film çəkmək istəyir. Uğurlu bir iş təqdim etmək üçün o, ya ən məşhur, müasir bir ssenaristə müraciət etməli, ya da ki, klassikadan nəsə seçməli idi. Bu zaman ssenarist Eldəniz Quliyev ona «Pirverdinin xoruzu» hekayəsi əsasında yazdığı «Arvadımla bacara bilmirəm» qısametrajlı film ssenarisini təklif edir. Ramiz Əzizbəyli ruhən də Mirzə Cəlilə yaxın adamdı. Rejissorun fikrinə görə, bu film kinoda yeni bir şey idi. Hətta sonralar ona təklif olunub ki, bunu növbəti filmlərdə davam etdirsin. Amma Ramiz Əzizbəyli «təkrarlanmağı xoşlamıram»- deyərək bu işi davam etdirməyib. Bu ekran əsəri 1988-ci ildə Kiyevdə keçirilən gənc rejissorların film festivalının baş mükafatını qazanıb. Qeyd edək ki, Mirzə Cəlilin əsərləri «Pirverdinin xoruzu» ilə ilk dəfə ekrana gətirilib.
   Bunlar hələ ki, Mirzə Cəlil əsərlərinə çəkilmiş az sayda filmlərdir. Dahi ədibin ekran üçün uğurlu olan əsərləri isə o qədərdir ki... Ümidvarıq ki, ilk addımlarını atan rejissorlar yeni yanaşma tərzi, müasir baxışla onun əsərlərinə müraciət edəcəklər.
  
   İntiqam






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar