"525 kitab" seriyasının ilk nəşri işıq üzü gördü
  
   Ötən ilin dekabr ayında şairlər Səlim Babullaoğlu və Elxan Zal tərəfindən başladılan "On" kitab hərəkatına ilk reaksiya verən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid oldu: Qəzetin maliyyə dəstəyi və "Dünya ədəbiyyatı" dərgisinin texniki dəstəyi ilə "525 KİTAB" seriyası nəşrə başladı.
   Rəhbəri Rəşad Məcid, redaktoru Səlim Babullaoğlu olan seriya kitabların nəşri "Mütərcim" nəşriyyatına həvalə olundu. Qəzetin bütün yanvar ayı boyu verdiyi elanlarında göstərildiyi kimi, ayın sonuncu həftəsi ilk kitab - böyük rus-amerikan şairi İosif Brodskinin şeir və Nobel nitqi də daxil esselərindən ibarət toplu qəzetin abunəçiləri və ədəbiyyatsevərlərin ixtiyarına verildi.
  
   Kitabın təqdimatı zamanı Müasir İncəsənət Mərkəzində İosif Brodskinin həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli film də göstərildi. Film "Regional" TV-nin Bakı studiyasının dəstəyi ilə çəkilmişdi ki, Səlim Babullaoğlu "Regional" TV-nin rəhbərliyinə - Rüstəm Əliyevə, o cümlədən yazıçı Məqsəd Nura və film üzərində çalışan Anar Şahbazova dərin təşəkkür elədi.
    Brodskinin bir şeiri ilə eyni adı daşıyan "Odissey Telemaka" kitabındakı mətnləri "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair Səlim Babullaoglu tərcümə edib.
   Müsahibimiz Səlim Babullaoğlu ilə bu seriyadan olan ilk kitab haqqında kiçicik söhbət etdik.
   
   - Brodskinin yaradıcılığına müraciət etməyiniz yəqin təsadüfi olmadı və onun yaradıcılığı ilə belə yaxın münasibət sizə nə verdi?
   - 7-8 il əvvəl, bu o dövr idi ki, mən Ritsosun, Rilkenin,Apolinnerin, Nazim Hikmətin yaradıcılığını diqqətlə öyrənməyə çalışırdım. Bir axşamüstü Bakının köhnə bukinistlərindən olan, şair Nijad Verdizadə ilə rastlaşdım. Yanında da başqa bir bukinist dostu Vaqif. Şeirdən xeyli söhbət eləyəndən sonra Nijad Vaqifə "Podari yemu Brodskoqo..."- dedi. Vaqif də İosif Brodskinin, deyəsən, Uflyandın tərtib elədiyi və Baltikyanı ölkələrin birində nəşr olunan yaşıl üzlü və şəkli olan kitabını mənə hədiyyə elədi.O gecə mən həmin kitabı diqqətlə oxudum və anladım ki, düşüncələrimin istiqamətini dəyişməliyəm. Amma əvvəl tərcümə eləməliydim. Yəni eləmək istədiklərimi tərcümə prosesində yaşamalıydım. Bəlkə Nijad Verdizadə mənimlə söhbətdə bütün bunları qabaqcadan hiss eləmişdi və mənə kömək eləmək istəyirdi. Ola bilər. Hər halda, mən onu tərcümə elədiyimi dövrlərdə yazmadım. Susdum və dinlədim. Sonra Brodski məni başqa şairlərə aparıb çıxardı...
   - Ümumiyyətlə, İosif Brodski təkcə rus dilinin içində deyil, dünya şeirində çox vacib və əhəmiyyətli şair sayılır.
   - Varislik nöqteyi-nəzərincə onu bir az geçikmiş də olsa rus gümüş dövri poeziyasının sonuncu nəhəngi saymaqla yanaşı, rus poetik mənzərəsində etdiyi dəyişikliklə ingilis metafiziklərindən, antik ədəbiyyatdan əxz etdikləri habelə rus poeziyasında ilk dəfə olaraq "soyuqqanlı və enməkdə olan metaforikliyinə" görə onun bənzərini tapmaq mümkün deyil. Mən onun tərcümələri üzərində fasilələrlə uzun müddət ərzində işləmişəm. Çətin şairdi. Məsələn, kitaba daxil etdiyimiz "Florensiyada dekabr" şeirindən bir məqam: "körpünü keçirsən risklə ki, ölüm səni dərəcək quş kimi..." Görürsüz, bir cümlədə o həm ölümün səni quş kimi dimdiyi ilə dərməsini, yaxud çox asanlıqla (quş yüngüllüyü ilə) yerə sərəcəyini ifadə edir. Onun yaradıcılığı belə məqamlarla doludu.
   - Onun şeirlərində dil konstruksiyaları analoqsuzdu, eyni zamanda ədəbiyyatşünaslıq araşdırıcılarının fikrincə, o, insan faciəsini qrammatik faciəyə də çevirə bilən şairdi. Bunu isə adekvat təqdim eləmək, məncə, çətindi.
   - Hər halda, mən onun metrik və qafiyə sistemini saxlamağa çalışmışam. Bu tərcümələr bütün tərcümələrin əslində yəqin ki hardasa dörddə biridi... Yeri gəlmişkən, kitabın yanvar ayının 28-də işıq üzü görməsi təsadüfi deyil, 13 il əvvəl bu gün Brodski dünyasını dəyişib. Bir şeyi də deyim ki, biz kitabçaya İosif Brodskinin o vaxtkı Sovet İttifaqından sürgün olunmamışdan qabaq keçirilən ədalətsiz məhkəməsinin stenoqramasının bədii sənəd kimi maraqlı olan fraqmentlərini, Brodskinin ölkəni tərk edərkən Brejnevə yazdığı məktubu də daxil etmişik. Kitabçadakı şeirlərin seçimi də bir tərəfdən avtobioqrafik səciyyə daşıyır, amma eyni zamanda Brodski poeziyasının formal və məzmun məziyyətlərini də yetərincə əks etdirir. Brodski bəlkə yeganə ədəbiyyatçılardandır ki, Nobel Akademiyasında iki dəfə məruzə eləyib, bir dəfə mükafatı alanda, bir dəfə Akademiyanın yubiley simpoziumunda, biz hər iki mətni kitaba daxil etmişik.…
   - Məlumata görə, bu il belə kitablar seriyasını davam etdirəcəksiniz.
   - 2009-cu il ərzində "525 KİTAB" seriyasından Azərbaycan ədəbiyyatından Anar, Elçin, Çingiz Abdullayev, Ramiz Rövşən. Səlim Babullaoğlu və İlqar Fəhmi, dünya ədəbiyyatından isə Orxan Pamuk, Boris Pasternak, Söhrab Sipehri və Şota İataşvili olmaqla daha 11 kitabın nəşri də planlaşdırılıb.
   
   Sabutay






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar