Hekayə-novella
  
   “Ağlama!
   Dünyada her şey əşyadır, sən isə Allahın sevərək yaratdığısan. Odur ki, heç nə sənin göz yaşlarına dəyəcək qədər qiymətli deyil...”
  
   Kəndin qəbiristanlığı qonşumuz idi, yəni, çoxlarına mistik təsir bağışlayan bu məkanla bir çəpər arxasında yaşayırdıq. Mən bu evdə doğulsam da, yalnız dörd yaşımda qonşumuzda kimlərin yaşadığını başa düşməyə başlamışdım. Bu fikrə yetişməkdə babam mənə kömək etmişdi: “Bala, orda rəhmətliklər yaşayır”. Bəzən şıltaqlıq edib evdən qaçan da, sıra ilə düzülmüş daş parçalarını seyr etmək maraqlı olardı. “Rəhmətliklər”in əslində kim olduğunu düşünəndə, yalnız həmin daşlar üzərindəki şəkillərdən başqa diqqətəlayiq bir şey görmürdüm. Bu şəkillərdə hər şey donmuşdu. Amma sonradan çox istədiyim babam da qonşuluğa “köçəndə” , nədənsə, onun şəklini digərləri kimi hərəkətsiz olmadığını hiss edirdim. O yenə də öz titrək əlləri ilə başıma sığal çəkərdi. Şıltaq hərəkətlərimə görə atam-anam mənə hirslənəndə, o, yenə də havadar çıxardı, məni hamıdan, hər şeydən qoruyardı. Bütün dərdlərimi gəlib onun “hərəkətli” şəklinə danişardım, o da, məni anlayardı, məni dərdimdən azad edərdi. Amma, nədənsə, mənimlə heç vaxt bir kəlmə də danışmazdı. Bəzən onun nağıllarından darıxardım, saatlarla oturub onun nə vaxt inadından dönərək mənə nağıl söyləyəcəyini gözləyərdim. Çox vaxt gün batandan xeyli keçmiş anam gəlib gəlib məni qonşumuzdan danlaya-danlaya aparardı. Mən də qəmlənərdim, anamın danladığına görə yox, babamın susmasına görə qəmlənirdim... onun nə vaxtsa danışacağı ümidi ilə böyüyürdüm...
   Bəzən qonşumuz adamla dolu olardı və hər dəfə onlardan sonra bir şəklin artdığını görərdim. Mən onların sayını və hansı şəklin harada yerləşdiyini əzbər bilərdim. Hətta bir neçə günlüyə qohumlara qonaq getsəm də, gələrkən dərhal təzələri nəzərdən keçirərdim. Mən o şəkillərə öyrəşmişdim, onlar çoxları kimi vəfasız deyildilər, həmişə öz yerlərinə sadiq idilər. Mən onları heç nəyə dəyişməzdim...
   Amma bir dəfə öz kiçik qızı ilə bir qadın şəkli önündə “ana” deyib hönkürərək ağlayan cavan gəlini görəndə, yaman kədərləndim. Və mən o şəkli onlara verməyə razılaşdım. Hətta bir dəfə onlar gedəndən sonra, qadın şəklini daşdan ayırmağa cəhd göstərdim, lakin yorulandan sonra, ona etdiyim vəfasızlığa görə üzr istədim və çarəsiz qaldığımı görəndə oturub ağladım...babam gedəndə ağladığım kimi...
   Günahımı yumaq üçün o şəklin ətrafını hər zaman otlardan təmizləyəcəyimi özümə söz verdim. Və mən kənddən gedənə gədər, nurani qadın təsvirinin yanı, babamın şəklinin sahəsi kimi həmişə təmiz qaldı...
   Məni Bakıya oxumağa göndərdilər. Ali məktəbi bitirib Türkiyəyə getdim. İşimlə əlaqədar dünyanın bir çox ölkələrində oldum, çox yerlər gəzib, çox millətlər tanıdım. Tərtib etdiyim: cədvəllərdən kənar addım atmadan, həyatımı gözəlləşdirməyə çalışdım. İşimdəki məsuliyyətimi vəzifələrlə qiymətləndirdilər, pillə-pillə uğurlar əldə etdim. Arzularım məqsədə çevrilib həmişə məni izlədi, mən onların əksəriyyətini xəyallardan gerçəkliyə çevirmək üçün zamanımı qurban verdim. Öz hüquqları naminə mübarizə aparan insanları, zəngin və kasıb təbəqələrin sərhədlərinin hər saniyə möhkəmləndiyini, siyasətin iyrənc formalarını, müharibələri, aclıqdan tələf olanları, hər gün yayılan yeni xəstəlikləri, vicdansızlığı və s. müşahidə etdim...
   Və daha nələr, nələr gördüm bu həyatda!..
   Uzun illərdən sonra kəndə qayıtdım. Uşaqlığım keçmiş bu kənddə indi məni qonaq kimi qarşılayırdılar. Bir günün içində, demək olar ki, kəndin yarısı bizə gəlmişdi. Bəzisi bu kəndin yetirməsi olan vəzifəli şəxsi görməyə gəlsədə, bəzisi sadəcə artıq qocalmış ata-anama gözaydınlığı vermək üçün bizə təşrif buyurmuşdu. Mən hər kəsi çox gözəl başa düşürdüm. Bu insanları başqa kəndin camaatından fərqləndirə bilmirdim nədənsə. Buna əsas tapmağa çətinlik çəkirdim.
   Səhəri gün uşaqlıq dostum Fuad məni kəndə gəzməyə dəvət etdi. Açığını desəm, buna o qədər də marağım olmadığından, bunu başqa vaxtda keçirməsini xahiş etdim. Aranı xəlvət görəndə qonşuluğa tərəf keçdim...
   ...Aman Allah, qəbiristanlıq necə də böyümüşdü, baş daşlarının sayı bilinməyən ulduz yığınını xatırladırdı. Tanış olmayan onlarca şəkil məni qəribəliklə süzürdü. İndi cəhd etsəm də, onların sayını və yerini uşaqlıqdakı kimi əzbərləyə bilməzdim. Mən onların arası ilə addımladıqca, əvvəllər fikir vermədiyim bir amili də açıq-aydın gördüm: bu qəbirlərdə də həyatda olduğu kimi təbəqələşmə var idi. Kiminin məzarı bahalı mərmərdən yonulsa da, o birininki solğun görünən adi ağ daşdan düzəldilmişdi. Hələ bəziləri səliqə ilə dəmir çərçivəyə də alınmışdı. Bəzilərinin sahəsi, artıq çürümüş taxta parçalarının yerə basdırılması ilə, onlara dolanmış iplərlə məlum olurdu.
   Fikirli-fikirli başımı qaldıranda özümü babamın “hərəkətli” şəklinin qarşısında dayanmış gördüm. O, heç dəyişməmişdi, üzündəki həsrətində olduğum nur yenə də gəlbimi işıqlandırdı. Sanki məni görcək sevinmişdi, gözləri məhəbbətlə parlayırdı. Ondan yenə də qüvvə aldığımı hiss edirdim...daha heç bir azarın məni xəstələndirməyəcəyinə, heç bir yanlış siyasətin qurbanı olmayaçağıma, heç bir iblisin mənə qalib gələ bilməyəcəyinə özümdə inanmırdım. Daim bizi izləyən qorxu daxilimdə mum kimi əriyirdi, o da babamın müsbət enerjisindən qorxurdu.
   Mən, babamın şəklinin digərlərindən fərgli olaraq, “hərəkətli” olmasının sirrini də anlamışdım: o, mənim üçün ölməmişdi, həmişə məndə yaşayırdı.
   Lakin o, yenə danışmadı, heç mən də kişini əziyyətə salmadım, çünki babam qonşuluğa köçəndən danışmağı tərgitmişdi. Mən isə, əvvəllər olduğu kimi, dizlərimi yerə qoyaraq, onun məzarının ətrafında bitən ot-alafı təmizləyə-təmizləyə olub-keçənlərdən babama danışırdım. İndi o, mənim nağıllarımı dinləyirdi. Dil-dodağım quruyana gədər işlədim və danışdım. Yazıq kişini öz dərdimlə yüklədim, amma o, buna görə incimədi, əksinə, mənim üçün sevindi.
   Öz qəlbimdən və babamın məzarı ətrafından tikanları təmizlədikdən sonra onunla vidalaşıb evə gəlmək üçün “rəhmətliklər”i tərk etmək istədim. Birdən hansısa qüvvə elə bil məni yerə mıxladı. Mən vəfasızlığın bir neçə addımlığında idim. Lap çoxdan verdiyim bir söz yadıma düşdü. Nurani qadın şəklinə yaxınlaşıb əziz adamım kimi onunla salamlaşdım. Onun məzarı, elə bil, bir neçə gün qabaq təmizlənmışdi, orda-burda cücərən otları isə, barmağımla çıxarıb yana tullamağa başladım. Uşaqlıqda sadəlövhcəsinə verdiyim sözdən indi zövq alırdım. Öz xalqını azadlığa çıxaran hökmdar kimi sevinirdim. Mən vəfasız çıxmamışdım.
   Lap yaxınımdan gələn incə bir qadın səsindən diksindim:
   - Hər qəbri öz qohumları təmizləyir, bəs siz onun nəyisiz?
   Dönüb səs gələn tərəfə baxdım. Xəbərim olmadan dayanan 30-35 yaşlarında bir gəlin idi. Öncə, tanış olmayan bu qadının gözlənilməz sualına nə cavab verəcəyimi bilmədim. Ayağa qalxdım.
   - Mən öz vicdanımın sakit olması üçün bunu etdim.
   - Sizin vicdanınızın mənim nənəmin qəbri ilə nə əlaqəsi var?
   İndi hər şey mənə aydın oldu. Bu qadın, uzun illər hər cümə axşamı anasının əlindən tutub bura gələn həmin balaca qızdır. Lap unutmuşdum, bu gün də həftənin dördüncü günü, cümə axşamıdır. Ömrümdə ilk dəfə illərin necə tez keçdiyi məni üşütdü.
   Əlimdəki otları yana atdım:
   - Mən qonşuluqdakı bu evdə böyümüşəm - deyə başımla evimizi işarə etdim - altı-yeddi yaşlarım olanda, siz öz ananızla çox vaxt bu qəbri ziyarətə gələrdiniz. Mən o zamanlar baş daşlarındakı şəkillərə baxmağı çox sevərdim. Və onları hamıya qısqanardım. Uşaq sadəlövhlüyümdən ilk dəfə bu şəkli sizə verməyə razılaşdım. Amma...
   O ağlayırdı. Gözündən süzülüb yanağında xətt kimi iz salan yaşları görəndə, bir anlıq mənə elə gəldi ki, qəbirlər üstündə bitən tikanlar yalnız bu yaşlardan qida alır. Və onları özümüz kədərimizlə bəsləyirik.
   Ona anasını xatırlatdığıma çox peşman oldum, halbuki, o elə ona görə bura gəlmişdi. Qadın məndən bir neçə metr aralanıb, başqa qəbrin önündə dayandı. Mən də qeyri-ixtiyarı ona yaxınlaşıb həmin şəklə baxdım. Onlar çox oxşar idilər... Onun simasında nuranilik olmasıyla ilə bərabər, nisgil və kədər də sezilirdi... Onun simasında bir ömürlük məna vardı... Həyatdakı qızı isə ağlayaraq onun tikanlarını sulayırdı.
   “Ağlama!
   Dünyada hər şey əşya...”
   Müəllifini unutduğum bu sözləri ona çatdırmaq istədim, amma bacarmadım, çünki özümdə qəhərlənmişdim. Mən də tikan bitirmək istəyirdim.
   Kaş ki, bir dəfə gül bitirə biləydik...
   Onun necə çıxıb getdiyini duymamışdım. Yenə də qonşumuzdakı şəkillərlə baş-başa qalmışdım...

    Səbuhi Şahmursoy
   ADMİU-nun tələbəsi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar