Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə ABŞ-ın müxtəlif şəhərlərində konsert proqramları təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Hyuston, Los-Anceles, Santa-Monika, San-Fransisko və Vaşinqtonda gerçəkləşən tədbirlərdə nazirliyin Aparat rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti mayın 4-dən 21-dək Amerikada səfərdə olub. Heyətə nazirliyin əməkdaşları, Azərbaycan Dövlət Rəqs Ansamblı, pianoçu Emil Əfrasiyab, tanınmış musiqiçilər daxil edilmişdi.
İncəsənət ustalarımızın konsert proqramları Hyuston Beynəlxalq Festivalında iştirakla başlayıb. Festivaldan öncə, mayın 5-də Hyuston şəhər meriyasında görüşlər keçirilib. Hyuston şəhərinin meri xanım Annis Parker, meriyanın Beynəlxalq əlaqələr və protokol idarəsinin rəisi xanım Dina LeFlor (Deanea LeFlore) və Hyuston şəhər meriyası şurasının üzvü Carvis Conson (Jarviss Johnson) ilə gorüşlər zamanı Hyustonla Bakı şəhərinin qardaşlaşdığı 35 illik tarixdən bəhs edilib, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib. Görüşlərdə Azərbaycanla ABŞ arasında mədəni sahədə qarşılıqlı əməkdaşlıq münasibətləri ilə bağlı danışıqlar aparılıb, Azərbaycan nümayəndə heyətinin Hyuston Beynəlxalq Festivalına qatılmasına görə Hyustonun şəhər meri tərəfindən Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.
Mayın 7-8-də keçirilən Hyuston Beynəlxalq Festivalı tarixi İpək Yolunun keçdiyi ölkələrin mədəniyyətlərinin Amerikada nümayişi, Avrasiya ilə Şimali Afrika arasındakı mədəniyyət marşrutlarının təbliği üçün əlamətdar imkan idi. İpək Yolunun keçdiyi və Hyuston şəhərinin qardaşlaşdığı bir çox ölkə və şəhərlərin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş festivalda Avrasiya və Şimali Afrikanın müxtəlif ölkələrindən 150-dək kollektiv öz rəngarəng çıxışlarını təqdim edib. Açıq havada xüsusi olaraq ayrılmış üç müxtəlif səhnədə (Caravan Stage, Sister Cities Stage, Asia Society Texas Central Stage) yüksək bacarıq, ustalıq və məharət nümayiş etdirən Azərbaycan muğam ustaları və rəqqaslarımızın çıxışları alqışlarla qarşılanıb.
Festivalda müvəffəqiyyətli çıxışına görə Azərbaycan nümayəndə heyətinə diplom təqdim olunub. Hyuston meriyası Şurasının üzvləri, digər rəsmi şəxslər və çoxsaylı tamaşaçılar Azərbaycan incəsənət ustalarının çıxışlarını yüksək qiymətləndiriblər.
Hyuston Beynəlxalq Festivalında uğurlu iştirakdan sonra nümayəndə heyəti mayın 9-da Los-Anceles şəhərinə yola düşüb. Burada muğam ustaları, rəqqaslarımız, pianoçu Emil Əfrasiyab və onu müşayiət edən musiqiçilər gözəl konsert proqramı ilə çıxış ediblər.
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğunda tədbir keçirilib. Tədbirdə Baş konsul Elin Süleymanov və diaspora üzvləri belə əlamətdar gündə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşdən böyük məmnunluq hissi duyduqlarını qeyd ediblər.
Nümayəndə heyətinin rəhbəri F.Qurbanov son illərdə Azərbaycan mədəniyyəti və turizminin inkişafında əldə olunan nailiyyətlərdən söz açıb, bu sahədə vaxtilə böyük öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanmış işlərin uğurla davam etdirildiyini, mədəniyyət və turizmlə bağlı ölkədə bir sıra layihələrin gerçəkləşdiyini nəzərə çatdırıb. Tədbirdə iştirak edən Los-Anceles dairəsinin Protokol rəisi xanım Lourdef Saab ümummilli lider Heydər Əliyevi Azərbaycanın böyük lideri kimi tanıdıqlarını vurğulayıb.
Los-Anceles şəhərindəki ilk konsert mayın 12-də Wilshire Ebell Teatrının 1200 nəfərlik zalında anşlaqla baş tutub. Amerikalı tamaşaçılara təqdim olunan iki hissəli proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı, Emil Əfrasiyabın rəhbərliyi ilə folk-caz qrupu və muğam dördlüyünün çıxışlarını dinləyicilər ayaqüstə, gurultulu alqışlarla qarşılayıblar. Tədbirdən sonra yerli və xarici qonaqlar musiqiçilərimizə onlara bu gecəni yaşatdıqları üçün ürəkdən təşəkkür edərək konsertin möhtəşəm keçdiyini dilə gətiriblər.
Mayın 13-də Cənubi Kaliforniyanın Santa-Monika şəhərində yerli əhalinin asudə vaxtlarında xüsusilə önəm verdiyi Santa-Monika Place-də Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları öz parlaq və yaddaqalan rəqs nömrələri ilə onları izləməyə toplaşan tamaşaçılarda inanılmaz təəssürat yaradıblar. Proqram boyu Azərbaycanın üçrəngli bayrağı dalğalanıb, sonda rəqqasların ətrafına toplaşanlar “Azərbaycan, Azərbaycan” şüarı ilə sənətçilərimizi alqışlayıblar.
Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki uğurlu konsert proqramlarından sonra mayın 14-də nümayəndə heyəti Şimali Kaliforniyanın San-Fransisko şəhərinə yola düşüb. Mayın 15-də San-Fransiskonun 450 nəfərlik Cowel Teatrında iki hissəli konsert proqramı ilə çıxış edən incəsənət ustalarımız tamaşaçılarda dərin təəssürat yaradıblar. “İki dünya” adlı proqram istedadlı caz-pianoçu Emil Əfrasiyabın fortepianoda ifası üzərində qurulub. Tədbir zamanı instrumental musiqi və xanəndələrin ifasında milli muğamla yanaşı, xalq mahnıları səslənib, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında valehedici Azərbaycan milli rəqsləri nümayiş olunub.
Konsert proqramını izləməyə gələn xarici və yerli qonaqlar, eyni zamanda Amerikada fəaliyyət göstərən Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri yüksək səviyyəli tədbirin təşkilində əməyi keçənlərə öz minnətdarlıqlarını bildiriblər. Tədbirə xüsusi olaraq təşrif buyuran Amerikada yaşayan həmyerlimiz, tanınmış pianoçu, Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Çingiz Sadıqov pianoçu Emil Əfrasiyabı təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İncəsənət ustalarımızın Amerikadakı uğurlu çıxışı mayın 19-da Vaşinqton şəhərində “Ronald Reagan Building”də möhtəşəm konsert proqramı ilə yekunlaşıb.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümündə Amerikada təşkil olunan bu tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra təbrik nitqi ilə Kolumbiya Dairəsi merinin köməkçisi çıxış edərək mərasimə dəvət edildiyi üçün minnətdarlığını bildirib, Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Tədbirin qonaqları sırasında ABŞ Dövlət Departamentinin rəsmiləri, Pentaqonun yüksək rütbəli hərbçiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri var idi.
Azərbaycan Dövlət Rəqs Ansamblı, pianoçu Emil Əfrasiyab, muğam dördlüyü və istedadlı musiqiçilərin iştirakı ilə keçirilən konsert proqramında caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi səsləndirilib, Azərbaycanın milli rəqsləri nümayiş olunub. Proqram salona toplaşan tamaşaçılar və qonaqlar tərəfindən böyük hərarətlə qarşılanıb. Yüksək əhval-ruhiyyə və möhtəşəm alqışlarla bitən tədbirdən sonra salona toplaşanlar öz təəssüratlarını və xoş duyğularını Azərbaycan nümayəndə heyəti ilə bölüşüb və xalqımızın mədəniyyətini yüksək qiymətləndiriblər.
Mədəniyyət və incəsənət xadimlərinin Amerikaya səfəri uğurla yekunlaşdı. Dünyanın ən aparıcı ölkəsində Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən belə tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə böyük töhfədir.