Vatikanda Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşdü. Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 40 manuskriptdən 15-i bərpa olunmuşdur.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
* * *
Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara baxdılar, sərgilərlə tanış oldular. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük maraq doğurdu. Azərbaycan xalçaçılıq sənəti nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda zəngin təəssürat yaratdı.
Qonaqlar bu ilin yayında Bakıda keçirilmiş “Qız qalası” festivalında təqdim edilən əsərlərlə də tanış oldular. Bu əsərlərdə dünyanın müxtəlif ölkələrindən olan rəssamların Bakının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə və duyğuları təcəssüm tapmışdır. Əsərlərin arasında italyan rəssamı Alberto Lorronun “Qız qalası” da maraqla qarşılandı.
Azərbaycanın birinci xanımı Apostol kitabxanasında mühafizə olunan və azərbaycanlı alimlərin də iştirakı ilə bərpa edilən manuskriptlərə baxdı.
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini özündə əks etdirən kitab, buklet və digər nəşrlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində versiyasının da təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdə 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.
* * *
Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim keçirildi. Azərbaycanın Vatikan ilə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən aparıcı Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmış belə möhtəşəm tədbirin İtaliyada ilk dəfə keçirildiyini diqqətə çatdırdı.
Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Can-Franko Ravazi Azərbaycanı mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırdı. Kardinal vurğuladı ki, Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait yaradılmışdır. Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürür. Bütün bunların canlı şahidi olduğunu deyən kardinal Ravazi Azərbaycana böyük hörmət bəslədiyini də diqqətə çatdırdı. O, Heydər Əliyev Fondu ilə Vatikan arasında yaranan əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin mədəniyyətinin təbliğindəki xidmətini yüksək qiymətləndirdi.
Mərasim iştirakçılarını salamlayan və onlara ən xoş arzularını çatdıran Mehriban xanım Əliyeva tədbirin əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı dedi ki, ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birinin də məhz Vatikanda baş tutması sevindirici haldır.
Ötən 20 il ərzində Azərbaycanın həyatında baş vermiş nailiyyətlərdən söhbət açan birinci xanım Mehriban Əliyeva ölkənin ən ağır problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, münaqişə nəticəsində 1 milyondan çox vətəndaşımız yurd-yuvasından didərgin düşmüş, Qarabağda yerləşən tarixi və mədəni abidələr yer üzündən həmişəlik silinmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır.
Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artdığını diqqətə çatdıran Mehriban xanım Əliyeva ölkənin regionda həyata keçirilən irimiqyaslı layihələrin ən fəal təşəbbüsçüsü və iştirakçısı olduğunu vurğulayaraq dedi: “Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı, çox zaman isə təşəbbüsü ilə həyata keçirilir. Ölkəmizdə sosial problemlər ardıcıl olaraq öz həllini tapır. Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir və bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı ölkələri Azərbaycanı strateji tərəfdaş kimi tanıyır”.
Heydər Əliyev Fondunun prezidenti 2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana səfərini də xatırlatdı.
* * *
Sonra Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya musiqisindən seçmələr dinlənildi.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu. Mərasim iştirakçıların yaddaşında silinməz izlər buraxdı.