Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak edib
   
   Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.
   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verdi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.
   Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.
   Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr etdilər.
   Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayırdı. Cürbəcür çiçəklərdən yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edirdi.
   Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalası, Qoşa Qala qapısının güllərdən hazırlanmış maketi xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladırdı. Burada Azərbaycanın və dünya xalqlarının nağıllarının əlvan güllərdən hazırlanmış qəhrəmanları vardır.
   Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar.
   Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət etdilər, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.