Xəbər verdiyimiz kimi, Avropa Tələbələr Forumunun (AEGEE) Bakı və Sumqayıt şəhərlərindəki nümayəndəlikləri tərəfindən ölkəmizdə “Odlar yurdu Azərbaycan - yay universiteti” beynəlxalq layihəsinə həsr olunmuş tədbirlər reallaşdırılır. Bu çərçivədə “Park Plyus” ailəvi əyləncə mərkəzində açıq səma altında yerləşən “Terras” restoranında “Azərbaycan mədəniyyəti gecəsi” adlı tədbir keçirilib.
   Gecəyə qatılan xarici tələbələrə Azərbaycanın milli yeməkləri, rəqsləri və xalq mahnıları nümayiş etdirilib. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunan tədbirlərdə Yunanıstan, Böyük Britaniya, Serbiya, Avstriya, Çexiya, İspaniya, Polşa, Ukrayna, Rusiya, Macarıstan, Hollandiya və Türkiyədən 25 tələbə iştirak edir.