“Dahi şair söz meydanında elə bir nizam yaradıb ki, 800 ildən bəri Şərqdə və Qərbdə, Şimalda və Cənubda “Nizami” kəlməsi “şair” sözünün sinonimi kimi səslənməkdədir”
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə tədbirlər davam edir. Sentyabrın 29-30-da Nizaminin doğma yurdu Gəncədə keçirilən tədbirlərin davamı olaraq oktyabrın 1-də Bakıda təntənəli yubiley mərasimi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad olundu.
Yubiley iştirakçıları şairin Bakının mərkəzində, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər. Abidə önündə xatirə şəkli çəkdirdilər.
* * *
Axşam Heydər Əliyev Sarayında yubiley mərasimi keçirildi. Sarayın foyesində dahi söz ustadı ilə bağlı kitab və rəsm əsərlərindən ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla izlənildi. Sonra tədbirin rəsmi hissəsi başlandı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli sərəncamını diqqətə çatdırdı. Sərəncama əsasən, geniş yubiley tədbirləri keçirildiyini deyən nazir bildirdi ki, Nizami Gəncəvi yalnız XII əsrin deyil, bütövlükdə yeni eranın ən parlaq istedadlarından biridir: “Nizami Gəncəvinin qüdrətli qələmi ilə 8 əsr bundan əvvəl meydana gələn Şərq, o cümlədən Azərbaycan İntibahının qızıl səhifələri yazılıb. O, bəşəriyyətin bədii söz aləminə “Xəmsə” adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaradıb. Nizami Gəncəvi özünəməxsus dünyada ayrı bir dünyadır. Təsvirli obrazlar sistemi ilə dərin fəlsəfi intellekti birləşdirən Nizami poeziyası səkkiz əsrdir ki, «Xəmsə»yə bənzəyən 5 qitəni heyrətə gətirir. Nizami sözünün mənası «nizamlı», «qayda yaradan» deməkdir. Dahi şair söz meydanında elə bir nizam yaradıb ki, 800 ildən bəri Şərqdə və Qərbdə, Şimalda və Cənubda “Nizami” kəlməsi “şair” sözünün sinonimi kimi səslənməkdədir. Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin bütün şəhər və rayonlarında silsilə tədbirlərin keçirilməsinə bu ilin əvvəlindən başlanılıb. Bu tədbirlərin zirvəsi Gəncə şəhərində - böyük şairin vətənində, yaşadığı doğma torpaqda möhtəşəm təntənə ilə, çoxlu sayda qonaqların iştirakı ilə keçirildi”.
Yubileylə bağlı Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası və digər qurumlar tərəfindən silsilə tədbirlər keçirildiyini deyən nazir bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu il İtaliyanın paytaxtı Romada Avropada ilk olaraq böyük şairimizin abidəsi ucaldılıb: “Sentyabrın 30-da Gəncədə “Xəmsə”nin tam külliyyatı təqdim olundu. Bu töhfələrə görə biz, bütün Nizamisevərlər və mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk».
Baş nazirin müavini Elçin Əfəndiyev çıxışında Nizami Gəncəvi dühası, onun bəşəri irsi, dahi şairin yaradıcılığını tədqiq edənlərin sənətkarla bağlı gəldikləri qənaətdən bəhs etdi: «Nizaminin 68 illik ömründən qalan mirasın bədii-estetik, ictimai-fəlsəfi mahiyyəti və miqyası nəinki 68 ilin, hətta aradan keçən 8 əsrin təcrübələrinə sığışmır. Ona görə Nizami daim müasirdir və qərinələrin çağdaşıdır. Təsadüfi deyildir ki, onun əsərləri əsrlər boyu tədqiq olunsa da, bu günün özündə də nizamişünaslıq yeni-yeni mülahizələr söyləyir və elmi-nəzəri mübahisələr aparılır. Əsrlər bir-birini əvəz etdikcə Nizami ədəbi irsi hər dəfə yeni nəzəri-estetik baxış bucağı tələb edir».
30 il bundan əvvəl ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Nizami Gəncəvinin 840 illik yubileyinin ümumittifaq səviyyəsində qeyd olunduğunu xatırladan Elçin Əfəndiyev “O vaxtdan illər keçir, dünyanın siyasi xəritəsi və ictimai quruluşu kökündən dəyişir, ancaq Nizami irsinə heç bir ziyan dəymir. Əksinə, Nizaminin doğma xalqı ilə mənəvi təması daha da artır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 870 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı çox əhəmiyyətlidir».
Nizami Gəncəvi irsinin ümumbəşəri olduğunu vurğulayan Baş nazirin müavini şairin yaradıcılığının təkcə ədəbiyyatda deyil, xalçaçılıqda, heykəltəraşlıqda da əksini tapdığını dedi. Nizami ədəbi məktəbi nümayəndələrinin müxtəlif dillərdə yazıb-yaratdığını vurğuladı: “Fars, hind, özbək, türk, qazax və başqa xalqların böyük sənətkarları bu məktəbin nümayəndələridir. Nəvai, Dəhləvi və başqa böyük sənətkarlar öz “Xəmsə”lərini məhz Nizaminin “Xəmsə”sindən ilhamlanaraq yazıblar”.
Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəsi, görkəmli alim, şair və yazıçı Oljas Süleymenov çıxışında Nizamini dünya poeziyasının Allahı adlandırdı: «Orta əsrlərdə belə bir qanun var idi: ərəb dili alimlər üçün, fars dili şairlər üçün idi. Bu dildə yazmaq vərdişi o qədər geniş şəkil almışdı ki, dövrün bütün ən yaxşı şairləri farsca yazırdılar. Nizami isə şairlərin ən yaxşısı idi. Məhz buna görə də hətta türk dilini mükəmməl bilməsinə baxmayaraq, yaşadığı dövrdə həmin ənənəyə sadiq qalmışdı. Amma bütün bunlara baxmayaraq o, dahi Azərbaycan şairidir”.
Hələ 30 il öncə böyük öndər Heydər Əliyevin dəvəti ilə Nizaminin 840 illik yubileyində iştirak etmək üçün Bakıya gəldiyini xatırladan qonaq dedi: “Mən o zaman Heydər Əliyevə sual verdim ki, nə üçün Nizami Gəncəvinin 850 illiyini gözləməyib 840 illiyini qeyd edirsiniz. O isə cavabında bildirdi ki, Nizami kimi şairlərin yubileyi hər il keçirilməlidir. Amma biz bunu hər 10 ildən bir qeyd edəcəyik. Vaxt keçəndən sonra başa düşdüm ki, Heydər Əliyev nə üçün belə tələsmişdi. O, böyük intuisiyaya malik idi. Şadam ki, bu tarixi ənənə davam edir. Nizami Gəncəvi dühasının yubileyləri qoy həmişə xoş vaxtlara təsadüf etsin”.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin Nizaminin yubileyinin doqquz əsr sonra da qeyd olunacağına əminliyini bildirdi: “Bu düha bütün qəlblərə sirayət edib. Onu sevənlər bu tədbirlərə qatılmaq üçün uzun məsafələr qət ediblər. Şairin əsərlərini oxuyarkən sanki bir dostla danışırıq. Dahi Nizami mənim dostumdur və həmişə onunla danışıram. Dünya gənclərinə də tövsiyə edərdim ki, Nizamini oxusunlar və o zaman biz başladığımız yerə qayıdacağıq və biləcəyik ki, birinci dəfə biz haradaydıq”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, Nizami nəinki Azərbaycanın, dünyanın böyük şairidir: “Deyirlər, Nizami fars dilində yazıb. Avropada da XIII əsrə qədər latın dilində yazıblar. Nizaminin bütün yaradıcılığında bir fitri istedad və qürur duyulur. O, dünyanı və zamanları birləşdirən bir şairdir. Onun yaradıcılığında yunan iqtidarı İsgəndər də var, Çin hökmdarı da var, Sasani hökmdarı Xosrov da var, türk sultanı Səncər də var. O, dövrləri, ölkələri, xalqları bir araya gətirərək dünyanın vahid mənzərəsini yaratmışdı. O, dövrünün müdrik insanı idi».
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları gəncəlilər adından salamlayaraq Nizaminin həyat və yaradıcılığından bəhs etdi. Dahi şairin yubileyi ilə bağlı Gəncədə həyata keçirilən tədbirlər haqqında məlumat verdi.
İtaliya Şərqşünaslıq İnstitutunun professoru, türkoloq Mikeli Bernandini dahi şairin irsinin əhəmiyyətindən danışdı: “Şairin əsərləri mənim doğma italyan dilimə dəfələrlə tərcümə olunub. Nizami Gəncəvini haqlı olaraq böyük Azərbaycan şairi hesab edirlər. O özünün “Xəmsə”sində dövrün incəliklərinə, əsərlərində qadın obrazlarına xüsusi diqqət ayırıb”. Alim Nizami ilə bağlı İtaliyada aparılan tədqiqatlardan da söz açdı.
Sonra nazir Əbülfəs Qarayev dahi şairin yubileyi ilə bağlı bir çox dövlətlərdən təbrik məktubları gəldiyini, UNESCO-nun baş katibi İrina Bokovanın, Türkiyənin 9-cü Prezidenti Süleyman Dəmirəlin bu təbriklərə qoşulduğunu diqqətə çatdırdı.
Nizami poeziyasının ucalığından söz açan nazir şairin
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da! -
beytini yada salaraq dedi: “Buna baxmayaraq, məhz Nizamidən sonra onun açdığı möhtəşəm sənət yoluna yüzlərlə qələm sahibi ayaq basmağa cəsarət etdi. Əslində Nizami Gəncəvi poeziyanın əlçatmaz zirvələrinə yüksəlməklə özündən sonra gələnlərə geniş bir yol açdı. Təkcə bu il möhtərəm Prezidentimiz Nizami Gəncəvinin xələfləri sayılan neçə-neçə sənətkarın yubileyinin dövlət səviyyəsində keçirilməsinə dair sərəncamlar imzalamışdır. Bununla da dünya və Azərbaycan sənətsevərləri Nizami Gəncəvi ilə bərabər, Mirzə Fətəli Axundzadənin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin, Həsən bəy Zərdabinin, Məmməd Səid Ordubadinin, Hüseyn Cavidin, Əhməd Cavadın, Mirvarid Dilbazinin, Xəlil Rza Ulutürkün sənət bayramlarına qatılmaq imkanı qazanıblar.
Yubiley günlərində haqlı olaraq belə bir fikir tez-tez səslənir: Nizami elə möhtəşəmdir ki, onun düşüncə yükünü hər hansı bir xalq təkbaşına çəkib apara bilməz. Nizami bütün Yer kürəsinin övladıdır. Elə buna görə də onun yaratdığı tükənməz xəzinədən Yer planetində yaşayan hər kəsə pay düşür.
Böyük Nizami dünyasına eşq olsun deyirəm!
Biz xoşbəxtik ona görə ki, vətənimiz Azərbaycan var. Azərbaycan xoşbəxtdir ona görə ki, Nizami Gəncəvi kimi qüdrətli övladları var”.
* * *
Çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. F.Əmirovun «Min bir gecə» baletindən «Şəhirzadın bayramı», Azərbaycan Dövlət Rəqs Ansamblı və «Natiq» ritm qrupunun ifasında «Azərbaycan» rəqsi, «Əsrlərdən gələn səs», Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqədir Marağayinin «Naxışbəstə» əsəri təqdim olundu. Opera və Balet Teatrının simfonik orkestri, Dövlət Xor Kapellasının ifasında dahi şairin əsərlərinə yazılmış musiqilər, xalq artistləri Nurəddin Quliyev, Laləzar Mustafayeva, Əminə Yusifqızı və aktrisa Almaz Amanovanın ifasında şeirlər səsləndi.
Mehparə Sultanova