“Məscid” mənşəcə ərəb sözü olub, hərfi mənada müsəlmanların ibadətgahı, Allah evi, insanların kütləvi şəkildə Allaha səcdə qıldıqları məkan anlamını verir. Azərbaycan dini memarlığının tarixində “Sınıq qala minarəsi” adı ilə tanınan abidə Bakıda ilk dini tikili hesab olunur. Sınıq qala minarəsi Bakıda, İçərişəhərdə yerləşir. Memarlıq kompleksi cəhətindən onu bütünlüklə yanındakı kiçik məscid tamamlayır.

     Sınıq qalanın üzərindəki kitabədə onun 1078-ci ildə, Əbubəkr oğlu Məhəmmədin sifarişi ilə tikildiyi qeyd olunur. Ehtimal edilir ki, binanın memarı da elə ustad Məhəmməd özü olmuşdur. Sınıq qala Azərbaycan memarlığında ən qədim minarələrdən biridir. Minarə özündə qala tikintilərinə xas olan elementləri cəmləşdirir. Sınıq qala minarəsi sonralar Abşeronda və Şirvanda tikilən əksər minarələrə nümunə olub. Silindrik daş qüllədən ibarət olan minarənin yuxarısına çıxmaq üçün vintvari formada daş pilləkən tikilmişdir. Həmin pilləkən qüllənin içərisində yerləşir. Minarənin yuxarısında isə azançının gəzməsinə məxsus üç mərtəbəli stalaktitlər vasitəsilə saxlanan artırma vardır. Silindrik gövdənin daxilindəki pilləkən şərəfəyə (balkona) qalxır. Minarənin yuxarı hissəsindəki stalaktitli şərəfə azan oxuyan üçün nəzərdə tutulmuşdur. Şərəfədən sonra davam edən silindrik çıxıntı isə minarənin şaquli formasının ardı kimi qiymətləndirilir. Memar bu minarənin tikintisində “optik təshihlər” deyilən memarlıq üsulundan istifadə etmişdir ki, bu da özünü qüllənin aşağıdan yuxarıya doğru getdikcə incəlməsində göstərir.
   Bakının XV əsr dini memarlığında İçərişəhərdə yerləşən Şirvanşahlar saray kompleksinin tərkibindəki məscidlər xüsusi yer tutur. Onlar Şah və Keyqubad məscidləridir. Keyqubad məscidi Seyid Yəhya Bakuvinin türbəsinin yanında tikilibmiş. Sonradan bu məscid dağılmış və yalnız izləri qalmışdır.
   Saray ansamblının aşağı həyətində, Şirvanşahlar türbəsinin yanında Şah məscidi yerləşir. Adından məlum olduğu kimi məscid, şah üçün tikilmişdi. Onun eksteryeri sadə memarlıq həllinə malikdir. Memar binanın ümumi xarici görünüşündə bir neçə günbəzi və yuxarıya uzanan şaquli minarəni harmonik tərzdə birləşdirə bilmişdir. Minarənin üzərindəki kitabədən bəlli olur ki, bina 1442-ci ildə Şirvanşah Xəlilüllah tərəfindən inşa edilmişdir. Şah məscidinin minarəsi XV əsrdən ta bu vaxtadək qalmış yeganə məscid minarəsidir. Bu da onu göstərir ki, minarə çox möhkəm daşlardan inşa edilmişdir.
   XVII əsrdə Abşeronda və ümumiyyətlə, keçmiş Şirvanşahlar dövlətinin ərazisində tikilən binalar memarlıq quruluşuna görə XV əsr Şirvan memarlığı ilə sıx əlaqəli olmuşdur. Şirvan memarlıq ənənələrini Nardaran kəndində yerləşən məscid də özündə daşıyır. Nardaran məscidi 1663-cü ildə memar Muradəli tərəfindən tikilmişdir. Memarın adı binanın üzərindəki kitabədə qeyd olunmuşdur. Quruluşu və tikilmə texnikası ilə Nardaran məscidi XV əsrdə Şirvanda tikilən məscidlərə çox oxşayır. Buradakı daşların çox gözəl yonulmasını xüsusi vurğulamaq lazımdır.
   Abşeron yarımadasında yerləşən Əmircan qəsəbəsinin (köhnə Xilə kəndinin) ən qədim tarixi abidələrindən biri Nizaməddin məscididir. XIV əsrdə yonulmuş əhəng daşından tikilmiş bu məscid Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə bağlıdır. O vaxtlar Şirvan şahı və şeyxülislamı Əmir Nizaməddini Əmirhac təyin etmişdir. “Əmirhac” - “hacılar əmiri” deməkdir. Sonradan kəndin adı məhz bu titul ilə əlaqədar dəyişilərək, əvvəl Əmirhacıyan, daha sonra isə Əmircan olmuşdur. Beləliklə, Nizaməddin məscidini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb: “Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir”. Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri qəməri 730-cu il (miladi tarix 1329-1330)”. Əlbəttə ki, memarlıq tikililərində belə kitabələrin mövcudluğu olduqca böyük tarixi əhəmiyyət kəsb edir.
   1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilmiş və onun cənub tərəfə baxan həyətində yeni bir portal tikilmişdir. Qapının üzərində daş kitabə yerləşdirilib. Ərəb dilində iki cərgə üzrə həkk olunmuş bu kitabədə yazılıb: “Bu imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir. Hicri qəməri 786-cı il (miladi tarix 1384-1385)”. Məscidin üzərindəki başqa kitabələrə əsaslanıb qeyd etmək olar ki, 1830-1831-ci illərdə burada ciddi, əsaslı təmir işləri aparılmış və onun şimal divarının yanında yeni bir xanə tikilmişdir. Məscidin qərb fasadının şimal tərəfində olan qapı yerinin yuxarısında iki üfüqi formalı kitabə qoyulub. Nəstəliq xətti ilə yazılmış üst kitabədən aydın olur ki, məscidi usta Süleyman təmir etmişdir. Faktlardan görünür ki, hər dəfə aparılan cari inşaat işlərində məscidin memarlıq ünsürlərinə yeni əlavələr olunmuş və bu əlavələri edən şəxslərin adları da yeni qoyulan kitabələrdə öz əksini tapmışdır. Belə əlavələrdən biri də 1876-cı ilə təsadüf edir. Kitabələrdən birinin üstündəki yazıda “həqiqətən bu məscidi Hacı Rəsul qızı Fatma xanım tikdirmişdir. Kitabəni Məhəmməd Nağı yazmışdır. Hicri-qəməri 1293-cü il, miladi tarix 1876-cı il” qeyd olunub. Məscid Fatma xanım tərəfindən təmir edilərək cənub tərəfə genişləndirilmişdir. XX əsrin əvvəllərində məscidin yenidən təmirə ehtiyacı olmuş və inşaat işləri aparılarkən qərb eyvanının mərkəzində vaxtilə Nizaməddinin tikdirdiyi qapının qarşısında dörd daş sütundan ibarət giriş yeri düzəldilmişdir. Bu haqda da qapının üstündə ərəb əlifbası ilə yazılmış bir sətirli kitabədə qeydlər var: “Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir”.
   Bakı milyonçusu Murtuza Muxtarovun maliyyəsi ilə 1908-1909-cu illərdə Əmircanda tikilmiş iki minarəli məscid də diqqətəlayiqdir. Bu məscidi ustad sənətkar Kərbəlayi Əhməd Səməd oğlu ilk azərbaycanlı memar-mühəndis olan Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikmişdir. Məscid tikildiyi vaxtdan etibarən kəndin ən gözəl memarlıq abidələrindən birinə çevrilib.
   Bilgəh qəsəbəsində, 1818-19-cu illərdə tikilmiş məscid də öz arxitekturası ilə diqqəti cəlb edir. Məscid Bilgəhli Ağa Əli və onun oğlu Məhəmməd Şərif tərəfindən inşa edilmişdir. Məscidin üzərindəki kitabədə onun inşası haqda qısa məlumat verilib.
   1895-ci ildə İçərişəhərdə Bəylər məscidin inşası ilə yeni memarlıq axtarışlarının təməli qoyuldu. Burada ilk dəfə Bakı memarlıq məktəbi üçün xarakterik olan fəzalı-forma kompozisiyasının tətbiqinə cəhd edilmişdir. Buna baxmayaraq, məscidin Şirvanşahlar Saray Kompleksinin klassik tikintisi ilə heç bir ümumi cəhətləri yoxdur, sadəcə, minarəsinin və daş günbəzinin quruluşunda müəyyən oxşarlıqların olduğu sezilir. Cəmi bir minarədən ibarət Bəylər məscidinin interyerinə vestibül və üç nefli ibadət zalı daxildir. Ümumiyyətlə, Azərbaycanda məscidlərin plan sxemində ibadət zalının üç nefli tətbiqi XIX əsrin II yarısından başlayaraq müşahidə olunur.
   İçərişəhərdə yerləşən Cümə məscidi də orijinal arxitekturası ilə seçilən dini abidələrdəndir. 1309-1310-cu illərdə inşa edilmiş məscid orijinal planı və konusvari, suvarılma bəzəkli günbəzi ilə fərqlənir. Cümə məscidi interyer baxımından ibadət zalının genişliyi və açıqlığı ilə də seçilirdi. Məscidin mehrabı dekorativ tərtibatda işlənilmişdir. Daxili fəzada təməl rolunu oynayan nefli, çatma tağlar tətbiq edilmişdir.
   Bakı şəhərində yerləşən Təzə Pir məscidi öz arxitektur mahiyyətinə və fəzalı-formalı işlənməsinə görə nəinki Bakının şəhərsalma strukturunda, eləcə də Abşeronun kult tikililərinin inkişafında tamamilə yeni bir mərhələnin başlandığından xəbər verir. 1905-ci il, 23 iyul tarixində Təzə pir məscidinin təməl daşı qoyulur. O, birmərtəbəli görkəmsiz məscidin yerində Z.Əhmədbəyovun layihəsi əsasında tikilir. Bakı-Abşeron memarlığı üçün xarakterik olan tikinti materialı - əhəng daşından tikilən bu məscid, eksteryeri, interyeri, möhtəşəmliyi və monumentallığı ilə insanı valeh edir. Kvadrat plana malik məscidin (19,6 x 19,6m.) daxili fəzasında böyük ibadət zalı vardır ki, bu zal alçaq silindrik barabanın sferik günbəzi ilə örtülür. İnteryerin dekorunda yerli memarlığın arxitektura motivlərindən və günbəzlə barabanı saxlayan çatma arkalardan istifadə olunmuşdur.
   Bibiheybət ziyarətgah-kompleksi özünəməxsus memarlıq kompozisiyası ilə seçilir. Bu kompleks bir-birinə bitişik iki günbəzli məsciddən və binanı yan tərəfdən əhatə edən bir şərəfəli minarələrdən ibarətdir. Ümumilikdə kompleks klassik şərq üslubunda inşa edilmişdir. Burada uzun müddət təmir-bərpa işləri aparılmış, indi artıq müsəlmanların ibadət məkanına çevrilib. Quruluşca iki mərtəbəli olan məscidin interyerində Qurani-Kərimdən surələr ərəb dilində qarışıq texnika üsulları ilə (məsələn, rəngli şüşələrlə) işlənmişdir. Ziyarətgah kompleksinin içərisinə, hətta muzey və kitabxana da daxildir. Qeyd etmək lazımdır ki, bu funksiya Azərbaycan dini tikililərində ilk dəfədir ki, tətbiq olunur. Muzeydə, əsasən dini-tarixi eksponatlar yer alır. Məsciddə eyni vaxtda üç min nəfərin namaz qılmaq imkanı vardır. Dini ehkamlara uyğun olaraq qadın və kişilərə namaz qılmaq üçün ayrı-ayrı zallar ayrılıb. Bibiheybət məscidinin yeni tikilmiş geniş meydançası dini mərasimlər və müxtəlif müvafiq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
   
   Nigar Yunus