Qobustan petroqliflərini açıq səma altında muzey də adlandırırlar. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqanlar aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik tarixi - Yuxarı Paleolit dövründən orta əsrlərə qədər böyük bir həyat tərzi əks olunmuşdur. 
   
   Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif - o cümlədən solyar rəmzlər (svastika, spirallar), bürclər, kişilər və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar kişilərlə birlikdə ova gedirmiş), ceyran, keçi, dağ keçisi, şir kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, ikitəkərli araba və insan izlərinin rəsmləri vardır. Tarix boyu Qobustan müqəddəs məkan hesab edilib. Kollektiv rəqs səhnələri, qurban mərasimləri, ovöncəsi müxtəlif ayinlərin keçirilməsi qayaüstü rəsmlərdə öz əksini tapmışdır. Qobustan qayaüstü təsvirlərin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradılmasının güman edilməsi, qayalardakı mehrablar, daş üzərində oyulmuş izlərin müqəddəslərin izləri sayılması və s. kimi inamlara səbəb olmuşdur. Burada neçə-neçə daş və qaya üzərində ərəb əlifbası ilə yazılar qeydə alınıb. Onlar, əsasən, bir-iki isimdən və nəsli - adlardan ibarətdir. Ərəb əlifbası ilə, lakin fars dilində yazılmış bir kitabə bu baxımdan mühüm əhəmiyyət kəsb edir. O, Yazılıtəpədəki Daş üzərində (91 №-li) qeydə alınmışdır. Kitabə üç sətirdən ibarətdir: “İmam Şaki burada olub, dua edib və buranı tərk etmişdir.”
   Qobustan ərazisində pirlər və ziyarətgahların yerləşməsi bir daha sübut edir ki, bu torpaqlar müqəddəs insanların yaşayış yerləri olmuşdur. Qobustan və onun ətrafında yerləşən ərazilərdə Şeyx baba, Diri baba, Sofi Həmid, Sofi Novruz, Qara atlı, Cörmə baba, Hürü qızları, Yel piri və s. pir və ziyarətgahların bir qismi sufizm təriqəti ilə bağlıdır. Sufizm - Təsəvvüf kəlmələri ərəbcədəki “Suf”- yunan sözü ilə əlaqədar yaranmışdır. Sufizmin ayrı-ayrı cərəyanları insanın kamilləşməyə doğru yolunun müxtəlif pillələr və məqamlardan ibarət olduğunu qeyd edirlər. Tarix VII əsrdən bu günədək yüzlərlə müxtəlif sufi cərəyan və təriqət başçısı və nüməyəndəsi olan sufinin adını hifz edir: Həsən əl Bəsri (VII əsr), Cəlal əd Din Rumi (XIII əsr), Nəvayi (XV əsr), Molla Sədra (XVIII əsr) və b.
   Zəngin və qədim orta əsr mədəniyyətinə malik Azərbaycanda sufizm öz inkişaf və yayılması üçün xüsusi münbit zəmin tapmışdı. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş etnosların rəngarəngliyi, əsrlər boyu ölkədə çox hallarda eyni vaxtda mövcud olmuş dil və xüsusən din müxtəlifliyi - zərdüştlük, xristianlıq və İslam bu dinlərlə bağlı çoxsaylı qeyri-ortodoksal və bidət səciyyəli cərəyanların mövcudluğu etnik münasibətlərdə loyallığı və dini azadfikirliliyə səbəb olmuşdu.
   Musiqinin, rəqsin inkişafında sufizmin önəmli rolu olmuşdur. Sufi ayinləri musiqi ilə ifa olunurdu. Sufi ayinlərinin ən birinci elementi zikr idi. Sufi musiqisi səma elementləri ilə əlaqədar idi.
   Sufilər yunanların belə bir ideyasını əks etdirmişdilər ki, göy qübbəsini mələklər hərəkətə gətirir. Dərviş rəqsləri adətən planetlərin fırlanmasının yerdə ifadəsi kimi şərh olunurdu. Müsəlman dünyasının dərviş təriqətləri məhz sufizmin ağuşunda yaranmışdır.
   Bir sıra dərvişlər isə camaatın diqqətini cəlb etmək məqsədilə çeşidli oyun və mərasimlər keçirər, rəqs edər, oxuyar, möcüzə və gözbağlayıcı fəndlər nümayiş etdirərmişlər.
   Dərvişlərin əsas atributu kəşkül hesab edilirdi. Kəşkül hind qozundan hazırlanan azacıq ellipsvari bir qabdır, onun üzərində zərif naxışlar və yazı həkk olunur.
   XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid olan Çörmə piri Kiçikdaş dağının ətəyində yerləşir. Fasad hissəsi Kiçikdaş dağına yönəldiyi üçün el arasında “Çörmə piri” adlandırılmışdır.
   Qobustan pirlərindən biri - Hürü qızları Əliqulu qışlağında yerləşir. Rəvayətlərə görə, burada Hürü qızları dəfn edilib. Xəstəlikdən, baş ağrılarından qurtarmaq üçün bura çoxlu zəvvarlar, şəfa tapmaq üçün ziyarətçilər gəlir. Hasara alınmış qəbrin ortasına su ilə dolu qab qoyulur. Bura gələn ziyarətçilər qəbrin ətrafındakı torpaqdan qaba tökür və ağrıyan yerlərinə çəkir, yaxud həmin qabdan bir qurtum su içirlər.
    XIX əsrə aid edilən köhnə pirin qalıqları yaxınlığında təzə pir inşa edilmişdir.
   Şəfa tapmaq üçün ziyarətçilərin üz tutduğu məkanlardan biri də Hacı qışlağında yerləşən Sarıbaba piridir. Bu pirdə də qəbrin üstünə su ilə dolu qab qoyulur. Şəfa dalınca gələn zəvvarlar pirin torpağından götürüb suya qatır və bədənlərinə çəkirlər.
   Yel piri Nəhər qışlağında yerləşir. Nəzir vermək, şəfa tapmaq üçün bura çoxlu ziyarətçilər gəlir. Deyilənə görə, Bakının Buzovna kəndindən uşağı olmayan bir nəfər bura gəlib nəzir edir ki, uşağı olsa, gəlib burada təzə pir tikəcək və o belə də edir.
   Səngəçal və Umbakı qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş sahədə (Qobustan ərazisində) Sofi Həmid piri yerləşir. Hümmət qoyunçuluq, Həmid isə dəvəçiliklə məşğul olub. El arasında öz sufi həyat tərzi ilə böyük mərifət sahibi kimi şöhrət tapmış Həmid bütün varlığı ilə sufizmin təbliğçilərindən olub. Yerli sakinlərin söylədikləri fərziyyələrə görə, Sofi Həmid Azərbaycana Ərəbistandan gəlmişdir. O, öz müridlərinə vəsiyyət edib ki, onu dəvənin yatacağı yerdə dəfn etsinlər. Müridlər onun vəsiyyətinə əməl edirlər və tezliklə bu məzar pirə çevrilir. Məzarı üzərindəki daş hasara alınmış ərazidə əbədiyyət rəmzi olan ağ dəvə heykəli ona inam gətirənlərin məhəbbət ifadəsi hesabedilir. Sofi Həmid pirini məşhurlaşdıran əlamətlərdən biri də ətrafdakı qəbirstanlıqda olan əlvan boyalı məzar daşlarıdır. Dünyada bəlkə də oxşarı olmayan bu məzar daşları öz forma, naxış və rənglərinə görə «sirr dağarcığı» timsalındadır.
   Kiçikdaş dağının cənubunda isə “Qara atlı” piri yerləşir. Rəvayətə görə bu diyarda islam dini yayılan vaxtlarda ərəb missionerləri və qoşun dəstələri ilə «dinsizlər» arasında tez-tez baş verən toqquşmaların birində çox böyük nüfuza malik mömin hərbi rəis dəstəsindən aralı düşür və dinsizlər tərəfindən təqib olunaraq indiki Qara atlı qəbiristanlığı olan yerə çatır. Burada görür ki, artıq düşmənlər onu haqlayıb. Atından düşüb gizlənmək üçün qayaların arasına qaçır. Düşmənlər atın başını kəsirlər. Elə həmin anda da başı kəsilmiş at daşa dönür. Müqəddəs şəxs isə qeybə çəkilir. Başqa bir rəvayətə görə Ərəbistandan qara atlı bir babanı didərgin salırlar və o, Azərbaycana pənah gətirir. Burada da hücumlara məruz qalır və bir gün onun üzərinə hücum çəkilən zaman atını daşa döndərir, özü isə dağlara qaçıb, qeyb olur. Vaxtilə “Qara atlı” pirinə Zərqələm nənə, indi isə onun nəvələri nəzarət edirlər. Pirin içərisində uşağı olmayan qadınlar üçün nənni yüyrük asılma yeri də var. Evi olmayanlar buraya gəlib xırda daşlardan özləri üçün evlər tikər, Allaha dua edərlərmiş.   

   Hazırladı: Turan