Son illər dövlətimiz tərəfindən bütün dini ocaqlarımızda yüksək səviyyədə yenidənqurma və bərpa işləri aparılır. Belə dini ocaqlardan biri də Təzəpir məscid kompleksidir. Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən Təzəpir məscidi təkcə Azərbaycanın deyil, Qafqazın da dini mərkəzi hesab olunur. Ona görə ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir.

   Qeyd edək ki, uzun illər ərzində aparılan cari təmir işlərinə baxmayaraq, məscidin kommunikasiyaları dəyişdirilmədiyindən köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətrafını köhnə, qarma-qarışıq tikililər əhatə etmiş, gediş-gəliş yollarında tıxaclar yaranmış, yuxarı məhəllələrdən axıb gələn çirkab suları binanın özülünü qismən zədələmişdi. İkinci böyük problem məscid kompleksi ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsinin inzibati və Bakı İslam Universitetinin tədris binalarının tamamilə yararsız olması idi. Bu tikililər praktik baxımdan müasir tələblərə cavab vermir, texniki qüsurları ilə normal iş fəaliyyətinə əngəl törədirdi.
   Elə ona görə də Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlandı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapırdı. Elə həmin vaxtdan paytaxtımıza xüsusi yaraşıq verən Təzəpir məscidinin inşası sürətləndi. Bu il iyulun 6-da respublika prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksində açılış mərasimi keçirildi.
   Qeyd edək ki, XX əsrin əvvəllərində kinoteatr və anbar kimi istifadə olunmuş binada yenidənqurma işlərinin gedişi zamanı məscidin ətrafı sonradan tökülmüş torpaq qatlarından təmizlənib, onun kürsü hissəsi üzə çıxarılıb, divarın sınmış və çatlamış daşları yeniləri ilə əvəz olunub, divarlar kimyəvi maddələrlə yuyulub. Deformasiyaya uğramış və əksəriyyəti çürümüş qapı və pəncərələr qırmızı şam agacından olan təzə qapı və pəncərələrlə, minarənin çürümüş məhəccəri döymə üsulu ilə hazırlanmış yenisi ilə əvəzlənib. Bundan başqa, məscidin daxilində müasir texnologiya ilə işləyən havalandırma sistemləri quraşdırılıb, döşəmə 30 santimetrə qədər dərinliyə salınıb, döşəməaltı istilik sistemi qurulub. Döşəməyə 720 nəfərlik “Namazgah” xalı döşənib.
   Məscidin qadınlar üçün ibadət hissəsi isə fıstıq ağacından hazırlanmış şəbəkə ilə ayrılıb, metal pilləkən sökülərək üstü taxta ilə örtülmüş dəmir-beton pilləkən quraşdırılıb. Kompleksin giriş hissəsində eyvanın qarşısı daş şəbəkə ilə bağlanıb və ibadətə gələnlər üçün qarderob yaradılıb.
   Məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir nümunələrindən istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılmış, günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib. Qeyd edək ki, günbəzə ağırlıq gətirən iki tonluq çilçıraq əvəzinə müasir texnologiyalı işiqlandırma sistemləri quraşdırılıb. Eyni zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılıb.
   Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə “La İlahə İlləllah” kəlməsi 6 dəfə təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülüb. Günbəzin üstü isə hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanıb.
   Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilib.
   Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana var. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavanda 32 çilçıraq quraşdırılıb. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya da qurulub. Kompyuterlərlə təchiz edilmiş kitabxananın zəngin kitab fondu var.
   Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Zalın ayrıca havalandırma sistemi var. Tavan və günbəzin altı dekorativ ağac detallarla bəzədilib.
   Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılıb və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülüb.
   Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılıb. 2000 kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənib və boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilib. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi yenidən qurularkən 4000 kubmetrə yaxın torpaq işi görülmüş, qonşu binaların 1400 kvadratmetr fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənib. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılıb. Bir sözlə, Təzəpir məscid kompleksi əsrarəngiz memarlıq incisinə çevrilib.
   
   MEHPARƏ