Türk yazısının ilkinliyi sübut olunub
   
   Yaxın dövrlərə qədər dünya elmi fikri müəyyən siyasi, dini, etnik dairələrin təsiri altında və bəzən də onların birbaşa sifarişi ilə türkləri (və o sıradan azərbaycanlıları) ən erkən yazılı mədəniyyətə və kimliyə malik olan xalqların sırasında göstərmir, onların bu dəyərlərə sahib olma dönəmini süni şəkildə cavanlaşdırmağa səy göstərir, beləliklə çağdaş sivilizasiyanın yazısının və yazılı mədəniyyətinin yaranmasında və formalaşmasında türklərin rolunu inkar etməyə, əslində gizlətməyə çalışırdı. Məhz bu yanaşma nəticəsində, bizdən çox sonralar yazıya, ədəbiyyata, dövlətçiliyə malik olmuş bəzi xalqlar, tarixi məqsədli şəkildə “çəpəki” izah edənlərin xidməti sayəsində ön sıralara çıxarılmış, “qədim”ləşdirilmiş, “dərin”ləşdirilmiş, “ulu”laşdırılmışdır; türk kimliyi isə bu süni fonda kiçildilmiş miqyasda təqdim edilmişdir.
   
   Ancaq, nə yaxşı ki, bu uzun sürən haqsızlıq, uca Tanrının adil hökmü ilə, dünya alimlərinin yeni elmi kəşfləri sayəsində aradan qaldırıldı; üstünə örtülmüş qara pərdə altından əsl görkəmi ilə ortaya çıxan ulu və qoca Türkün nəhəng kimliyi saxtakarlar dünyasını və eləcə də həqiqətpərəst bəşər alimlərini lərzəyə gətirdi...
   Türk yazılı kimliyi haqqındakı təsəvvürlərdə baş vermiş dəyişikliklərin və gəlinən önəmli nəticələrin nədən ibarət olduğunu öyrənmək üçün aşağıdakı alimlərin tədqiqatlarına nəzər yetirmək də kifayətdir: P.M.Melioranski, S.N.Kramer, Xalıq Tarcan, Kazım Mirşan, Elməddin Əlibəyzadə, Baloğlan Şəfizadə, Tariyel (Vəli Nüvədili) Azərtürk...
   İndi isə əsas mətləbə keçərək bu nəticələrin bir qismi ilə sizləri tanış etməyə çalışaq:
   “Bütün tarixi faktlar, tapıntılar, arxeoloji qazıntıların nəticələri və s. bu səmtə yön alır: qədim türk əlifbası türklərin öz icadıdır; tarixi də onunla müqayisə edilən əlifbalardan çox-çox qədimlərə gedib çıxır”.
   
   * * *
   “Qədim türk əlifbası türk xalqlarının, təbiidir ki, həm də Azərbaycan xalqının öz əcdadlarının yaratdığı ilk əsl milli əlifbasıdır. Və dünyanın bütün əlifbaları bunun davamıdır.”
   
   * * *
   N.S. Kramerin “Tarix Şumerdən başlanır” fundamental əsəri bir çox mühüm həqiqətlər üzərinə işıq salır.
   Başqa sözlə, dünya elmi fikrinin gəldiyi sonuc belədir: Şumerlər çağdaş türk xalqlarının əcdadlarıdır. (Professor Elməddin Əlibəyzadə)
   
   * * *
   ABŞ-da yaşayan Azərbaycan kökənli tədqiqatçı d-r Tariyel (Vəli Nüvədili) Azərtürk də Şumer yazılı abidələrinə münasibətini bildirərərək bu qədim incilərin semitdilli xalqlara deyil, Azərbaycan türklərinin babalarına məxsus olduğunu açıqlayır.
   
   * * *
   Orxon-Yenisey yazıları qədim Şumer yazı mədəniyyətinin davamı və inkişaf nəticəsidir; dünya yazı mədəniyyətinin nadir incisidir. (Professor Elməddin Əlibəyzadə)
   * * *
   Professor Elməddin Əlibəyzadə türk yazılarının tarixi haqda düşüncələrini belə ifadə edir: Mixi yazıların inkişafı Qlozel yazılarına, “İssıq” yazısına (və başqa yazılara), ondan da “Orxon - Yenisey”ə gəlib çıxınca 7- 8 min ilə yaxın və bəlkə də daha artıq bir yol keçmişdir.”
   
   * * *
   XX yüzilliyin başlanğıc dönəmində Orxon- Yenisey kitabələrini araşdıran ünlü türkoloq T.M.Melioranski heyrətlə demişdi: “Belə imlaya malik olan bir əlifba birdən-birə yaradılmır; onda, deməli, yazı türklərə, nisbətən qədimlərdən artıq məlum idi və onlar bunun üzərində lazımi cidd-cəhdlə məşq etmişdilər... Ümid etmək olar ki, Qərbi Türküstanda, habelə, bəlkə də Yeddisuda yeni bir yazı tapıldı, onda bu əlifbanın mənşəyi məsələsi daha artıq aydınlaşa bilər”.
   Alimin uzaqgörənliyi illər sonra öz təsdiqini tapdı...
   1924-cü ildə Fransanın Viçi bölgəsində bir mülk sahibinin öz ərazisində tapdığı, sonralar “Qlozel” muzeyində saxlanılan 3 min parçadan ibarət kitabələrin oxunması müşkülə çevrilmişdi. Miladdan öncə 2500-cü ilə aid edilən bu kitabələrin türk alimləri Xalıq Tarcan və Kazım Mirşan tərəfindən oxunuşu və “öntürkcə” olduğu təsdiqləndi. 1993-cü ildə Sarbonna Universitetində keçirilən “Əlifba yazının başlanğıcı və Qlozel kitabələri” adlı elmi konfransda kitabədəki hərflərlə bağlı illərlə davam edən dartışmalara son qoyuldu. Kitabələrdəki hərflərin qarşılıqlı olaraq tutuşdurulması, aralarındakı qabarıq bənzərliyin sübutu salondakı müxtəlif millətlərdən olan elm adamlarını inandırdı, verilən izahlar, gətirilən dəlil-sübutlar böyük alqışa səbəb oldu.
   Bu haqda bilgilər, düşünsə və sonuclar Türkiyənin “Hürriyət” qəzetində “Dünyaya ayna” adı altındakı yazı ilə yayımlandı.
   Kitabələrdəki saxsı lövhə üzərində yazı və “Keyik rəsmi üzərində yazı”, habelə Orxon- Yenisey və Qlozel əlifbalarının qarşılaşdırılmış sxemi də Türkiyənin “Hürriyət” qəzetində oxucuların diqqətinə təqdim edildi...
   Yazıların oxunmasında və araşdırılmasında böyük xidmətləri olan türk alimi Kazım Mirşan yazır: ”Kitabələrdəki əlifba etrusk əlifbasına çox yaxındır. Etrusk əlifbası daha gec çağlara aid olan latın əlifbasını doğurmuşdur. Etrusk ilə heç bir bağlılığı olmayan Yunan əlifbasının da öntürklərə əsaslandığını bilirik. Finikiya və kiril əlifbaları da xüsusi istisna təşkil etmir, bunun bir çox nümunələrini verən çoxlu kitabələr mövcuddur”...
   Yazı oxundu, öyrənildi, onun Orxon- Yenisey yazısı, əlifbası ilə yazıldığı, həm də 4500 il bundan öncəyə aidliyi təsdiqləndi; beləliklə, türk yazısının nəinki Qərbi Türküstanda, ondan da çox-çox uzaqlarda aşkarlanması faktı dünya elm tarixinin səhifələrinə müdhiş bir həyəcanla həkk edilmiş oldu...
   E. Əlibəyzadənin də qeyd etdiyi kimi, Orxon- Yenisey əlifbası ilə yazılmış, Qlozel kitabələri adlandırılan qədim türk kitabəsinin məzmunu, həm də “Avesta”nın leytmotivini - baş xəttini müəyyənləşdirmiş oldu.
   E. Əlibəyzadə haqlı olaraq bildirir ki, yerin dərin qatlarında, müqəddəs torpağın qoynunda qorunub saxlanılan yeni-yeni əvəzsiz incilərimiz tapılmaqdadır, bu tapıntıların aşkarlanması davam edir...
   O, türk yazısının, əlifbasının gəlişmə tarixinin yeni bir dönəminə toxunaraq 1970-ci illərdə üzə çıxarılmış “İssıq” türk yazısının (“Gümüş cam üzərində yazı”) artıq bu sahədəki bütün dartışmalara son qoyduğunu vurğulayır...
   Azərbaycanlı professor Baloğlan Şəfizadə də qədim türk yazıları və yazılı abidələri haqda maraqlı fikir və mülahizələrin müəllifidir:
   “...Bu vaxta qədər təqdim olunduğunun əksinə olaraq, artıq sübut olunmuşdur ki, yer üzünün bəlkə də ilk əlifbası və yazı mədəniyyəti Azərbaycan türklərinə məxsus olmuşdur. “Avesta”nın ilk variantı 21 kitabdan ibarət, 21 hərfli bir əlifba ilə tarixən Azərbaycan ərazisinə düşən qədim Pərəsada (müasir Cənubi Azərbaycanın Nəhavənd, Rey, Həmədan, İsfahan hissələri və tarixən Azərbaycan adlanan ərazi “Avesta”da belə adlanmışdır. - B.Ş.), yaxud Pərəsatda yazıya alınmışdır. Yer “Dədə Qorqud” dastanlarında Parasar adlanmışdır. Əlifba 12 bürc və 9 planetin həndəsi quruluşuna rəğmən yaradıldığından ona “Ulduz əlifba”sı adını sonralar vermişlər. Əslində bu ilk əlifbanın adı “Vattan” adlanır ki, indi işlətdiyimiz «vətən» sözü də bu kökə bağlıdır. Mənası isə “oddan yaranan” deməkdir. “Vattan” - hərfən: od danı deməkdir. Əlifbanın sonrakı daha mükəmməl variantları Maq əlifbası (1), Maq əlifbası (2) olmuşdur. Bu əlifbalarda hərflər estetik cəhətdən aşılanmış, fəqət ilk təyinatını itirməmişdir. “Avesta” ikinci dəfə məhz bu əlifbalarla qələmə alınmışdır ki, bu əlifbalar bir-birindən o qədər də fərqlənmir. Bu əlifbaların qırmızı türk irqinə məxsusluğu dünya alimləri tərəfindən təsdiq edilmişdir. Daha sonra bu əlifbalar minillərboyu dəyişilmiş, finikiya, aramey, orxon, yenisey variantlarına çevrilmişdir. Qeyd edək ki, adını çəkdiyimiz əlifbaların tarixi də bu vaxta qədər təqdim edildiyindən fərqli olaraq, e.ə. ən azı 2-ci minilliyə təsadüf edir. Daha sonra Avesta və Alban əlifbaları yaradılmışdır ki, bunların da yaradıcıları Azərbaycan türklərinin ulu babaları olmuşdur. Özü də bu əlifbalar yer üzündəki ən kamil əlifbalardır. “Avesta” əlifbası yeganə əlifbadır ki, orada uzun və qısa saitlər üçün ayrıca işarələr ayrılmışdır. Bununla da ənənəvi olaraq uzun sait tələffüzünün semit dillərinə məxsusluğu məsələsi gündəlikdən çıxarılmışdır. Vokalizmin və ahəng qanununun aparıcı olduğu bir dildə uzun saitlərin olmaması ağla sığmır. Məlumdur ki, sonralar əruz vəznində yazılan şeirlər muğam ahəngində oxunmaq üçün yazılırmış. Və o cümlədən Quran da “səc”də yazılmaqla muğam ahəngində oxunmaq üçün nəzərdə tutulmuşdur. Bəs bu muğam üstündə nəğmələr, yaxud müqəddəs mətnlər oxumaq ənənəsinin başında duran maqlar və onların maq nəğmələri nə üçün unudulmuşdur? Məlumdur ki, Ü. Hacıbəyov dünyada ilk dəfə musiqinin “bəlkə də türklərə məxsusluğunu” qeyd etmişdir. “Bəlkə”ni biz o dövrün siyasi havası ilə əlaqələndirməliyik. Həqiqət isə həqiqət olaraq qalır. Maqlarla bağlı ərazimizdə olan yer-yurd adları, muğamlarımızın adları, arxeoloji abidələr, qalalar, qədim məskənlər və nəhayət ailə-məişət ayinləri dediklərimizi təsdiq edir. Yazı mədəniyyəti təkcə əlifba ilə bitmir. Bu əlifbalardan olan “Avesta” əlifbası ilə yazılan mətnlərə müraciət edək: bu əlifba Sasani imperiyası dövründə “Avesta”nın sonuncu redaksiyası qələmə alınarkən, o biri ulduz və maq əlifbalarına söykənilərək yaradılmışdır. Ərəb, fars, aramey əlifbalarının bu mənşəyə bağlılığını - yəni ki, maq əlifbalarından yarandığını elm çoxdan etiraf etmişdir.
   Ümumiyyətlə, elmin maqik əlifbalar adlandırdığı əlifbalar maqlara məxsus olmuşdur. Hətta dünya elmindəki “maqiya” istilahının da maqlarla bağlı olduğunu ən adi ensiklopedik lüğətlər belə etiraf edirlər. A.Kamyu «Maqiya»nı “spesifik sivilizasiya” adlandırmış və “Mitra kultunun” timsalında ona qayıtmaq istəmişdir. Pifaqorçular, platonçular, yeni platonçular da «Maqiya»nı dediyimiz anlamda başa düşüblər. Bizim eranın 3-cü əsrindən etibarən - yəni erkən orta əsrlərdən başlayaraq bu anlamı öz ilkin kontekstindən ayırmağa başlamışlar ki, bu deformasiya indi də davam edir...
   Ulduz və maq əlifbaları dünyanın ən qədim hesab olunan yazılarından (şumer, Misir) daha qədim və daha mükəmməldir...
   Göründüyü kimi, yer üzündə yazı və əlifba Kür-Araz mədəniyyəti zəminində yaradılmış maq sivilizasiyası ilə, maq mədəniyyəti ilə, maq yazısı ilə bağlı olub yer üzünə ilk insanın gəlişi ilə əlaqədardır. “Quran”da da buna işarələr vardır...”
   “...Nyuberq “Qatlar”da şamanizmin nişanələrini görüb. Hecada yazıldığı qəbul olunub. “Qat” sözü türkcədir. Ancaq müəlliflər Zərdüştün Kseriksin hakimiyyətindən altı il əvvəl yaşadığını yazırlar. Bu isə 8-9 min il bundan əvvələ gedib çıxır... Zərdüştün Azərbaycan türkü - urmiyalı olması isə aksiomadır. Nizami Gəncəvi bunu təsdiq edib.
   “Qatlar”ın məzmunu da “erkən əkinçilik və maldarlıq dövrü” adlanan və e.ə. 11-9 min il bundan əvvələ təsadüf edən hadisələri təsdiq edirsə, yunan və roma müəllifləri də maqların və Zərdüştün Troya müharibəsindən və Platondan 5-7 min il əvvəl yaşadıqlarını deyirlərsə - daha nə lazımdır?...” -deyə müəllif Zərdüştün və “Avesta”nın süni və həm də məqsədli şəkildə gəncləşdirilməsinə etiraz edir.
   B.Şəfizadə özü də astroloji hesablamalar apararaq, dünya arxeologiyası və linqvistikasının son nailiyyətlərinə dayanaraq, Zərdüştün 11-9 min il bundan əvvəl yaşadığı qənaətinə gəlir.
   “A.A.Toxe-Qode “Avesta”nın Homerin “İliada” və “Odisseya”sına təsirindən danışıb. D.Laerti isə Zərdüştün Troya müharibəsindən beş min il əvvəl yaşadığını yazır: əgər Troyanın süqutu b.e.ə. 1184-cü ildə olubsa, Zərdüşt b.e.ə. 7-ci minillikdə yaşamış olur. Yenə də bizim irəli sürdüyümüz hipotez doğrulmuş olur...” -deyə müəllif bir neçə yöndən yanaşma ilə Azərbaycanın və bəşərin fəxri ulu Zərdüştun yaşam tarixinə aydınlıq gətirərək, bu tarixi (bununla da xalqımızın yazı və mədəniyyət tarixini) süni olaraq cavanlaşdıran “elmi” tendensiyaların doğru olmadığını sübut edir.
   
   Xaqani İSMAYIL