Öz əzəməti və möhtəşəmliyi ilə diqqəti cəlb edən Ramana qalası. Bakının qədim yaşayış məskənlərindən olan eyniadlı kəndin - Ramananın ən yüksək yerində qərar tutan bu qala kəndin simvoluna çevrilib. Zatən kənd özü də tarixi ədəbiyyatda əsasən «Ramana qalası» adı ilə tanınır. Üzərində bürcləri olan hündür divarların əhatəsində tikilən bu qalaya baxdıqca, istər-istəməz düşünürsən: kim bilir, o, neçə-neçə döyüşlərə, düşmən hücumlarına, müharibələrə sinə gərib. Və öz möhtəşəmliyini itirmədən bu günümüzə alnıaçıq, üzüağ gəlib çıxıb.
   Bu müdafiə tikilisi XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Güman edilir ki, qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.
   Abidənin həyətinə daxil olmaq üçün dəmir qapıdan içəri girmək lazım gəlir. Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri - burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxanda kəndin gözəl mənzərəsi açılır. Buradan bütün kəndi seyr etmək mümkündür.
   Vaxtilə qalanın içərisindən də yuxarı qalxmaq üçün pilləkən olub. Lakin o uçduğundan yol yarıda kəsilir. Qalanın sağ tərəfində qazılmış quyu isə illər keçdikcə baxımsızlıq üzündən zibillə dolub və nəticədə tamamilə tutulub. Deyilənlərə görə, vaxtilə Ramana qalasından Qız Qalasına yeraltı yol olub. Kim bilir, bəlkə bu quyu həmin yola aparırmış?..
   Qala kino tariximizdə də rol oynayıb. «Koroğlu», «Nəsimi» və «Babək» filmlərində müəyyən fraqmentlər bu tarixi abidədə lentə alınıb.
   Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də tarixi abidəni ziyarət edən hər kəsə bu iri daş parçasını məhz belə təqdim edirlər.
   Hazırda qala Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
   Qalada sonuncu dəfə 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində təmir-bərpa işləri aparılıb. Yaxın gələcəkdə digər Abşeron qalaları kimi, Ramana qalasında da təmir-bərpa işlərinin aparılması planlaşdırılır.