Tovuzun Göytəpə yaşayış məskənində tapılan eksponatların bir qismi şəhər ictimaiyyətinə nümayiş etdirilib. Həmin tarixi eksponatlar Neolit dövrünə aiddir.
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən xəbərə görə, adıçəkilən ərazinin tədqiqində azərbaycanlı arxeoloqlarla yanaşı, Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri də iştirak edib. 2 il bundan əvvəl tədqiqinə başlanılan ərazinin e.ə VI minilliyə aid olduğu müəyyən edilib.
   Həmin ərazidən tapılan eksponatlar İngiltərə və Yaponiyada nümayiş etdiriləcək. Sərginin məqsədi Azərbaycanın qədim yaşayış məskəni olmasını bütün dünya xalqlarına bir daha sübut etməkdir.
   İki hektar ərazini əhatə edən qədim Göytəpə yaşayış məskəninin indiyədək 300 kvadratmetrində arxeoloji qazıntılar aparılıb. Yaşayış məskənindən erkən əkinçiliklə məşğul olanların əmək alətləri, o cümlədən bir çox əşyalar tapılıb.
   Qeyd edək ki, həmin ərazidə tədqiqatlar 3 il davam etdiriləcək.  

   FƏXRİYYƏ