Azərbaycanda aşıq muzeyi, kitabxanası və səsyazma studiyası yaradılacaq. Bu barədə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub məlumat verib. Onun sözlərinə görə, hazırda muzey və kitabxananın hazırlanması ilə bağlı danışıqlar aparılır: “Aşıqlarımızın muzeyinin və kitabxanasının yaradılması olduqca vacib məsələdir. Həmin muzey və kitabxanada Azərbaycanın tarixi köklərə dayanan aşıq sənəti barədə məlumatlar, eksponatlar, eləcə də səsləri yazılmadığı üçün bu günümüzə gəlib çata bilməyən aşıqlar haqqında maraqlı faktlar toplanacaq”.
   Z. Yaqub aşıqlar üçün xüsusi səsyazma studiyasının yaradılmasının vacibliyini də vurğulayıb: “Səsyazma studiyasının yaradılması sabah tarixə çevriləcək bu günümüzü lentə alıb, gələcək nəsillərə çatdırmağa imkan verəcək”.