Tarixən xalqımız at haqda çox söz deyib, çox öymələr öyüb.
   Müasir baxımdan yanaşsaq, at həm də mədəniyyətdir...

   
   Bildiyimiz kimi, mədəni irs özündə daşınmaz mədəni irslə (tarixi-mədəni abidələr, qoruqlar və s.) bərabər, qeyri-maddi mədəni irsi də ehtiva edir. Bu isə öz mədəni-mənəvi mahiyyəti, xalqın mental düşüncə və zövq qaynağı baxımından birincidən - yəni maddi-mədəni irsdən heç də az əhəmiyyətli deyil. Qeyd edim ki, son illər qeyri-maddi mədəni irsin təbliğinə böyük diqqət verilir. 2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldı, nazirliyin strukturunda bir sıra dəyişikliklər baş verdi. Bunlardan biri də indi haqqında söhbət açdığımız Şəki Atçılıq Turizm Mərkəzinin yaradılması idi. 2007-ci ildə isə ölkə prezidentinin Sərəncamı ilə bu qurum Respublika Atçılıq Turizm Mərkəzi kimi fəaliyyət göstərməyə başladı. Bu gün mərkəzin Bakıda əsas ofisi, Şəkidə və Ağdamda isə filialları var.
   
   İlk gündən Mərkəz tərəfindən bir sıra yaddaqalan tədbirlər keçirilib. 2006-cı ilin dekabrında «Marafon-45» atüstü turist yürüşü adlı tədbirin nə qədər maraqlı keçdiyi hamının xatirindədir. Bundan başqa, 2006-2009-cu illərdə «Prezident kuboku» uğrunda çövkən milli oyunu üzrə tədbirlər keçirmişik. Qeyd edim ki, ilk vaxtlar həmin tədbirlərdə 8 rayon iştirak edirdisə, indi yarışlara 12 rayon qatılır və bu artım hər il dəyişməkdədir.
   Təbii ki, oxucularımız 2007-2008-ci illərdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalını da yaxşı xatırlayırlar. Əgər əvvəllər atla ilgili yalnız bir oyun - çövkən yarışı keçirirdiksə, həmin festivalda sürpapaq və papaq oyunu da reallaşdı. Əsas məqsəd xalqımızın bu milli oyunlarını yaşatmaq və müasir, necə deyərlər, «gənc» şoulara dədə-baba mayası da qatmaqdır. Bundan başqa, çövkən oyununa əlavə kimi oynanılan sürpapaq və papaq oyunlarını da bərpa etmişik ki, bu da çövkəndə uduzan komandalara özlərini yenidən göstərməyə imkan verir. Oyunlarda iştirak edən komandalara həvəsləndirici mükafatlar veririk. Biz çox istərdik ki, bu oyunlarda rayonlarımızın sayı daha da artsın.
   Şəkidə keçirilən çövkən festivalının tamaşaçı sayı bizdə belə bir qənaət yaradıb ki, tezliklə çövkən, ümumiyyətlə, milli atüstü oyunlar ən kütləvi oyun-tamaşalarla rəqabətə başlayacaq. Təsəvvür edin, Şəki festivalında hətta magistral yoldan keçən sürücülər də maşınlarını saxlayıb, o oyunlara baxırdılar. Qeyd olunanlarla yanaşı, Novruz bayramı münasibəti ilə 2009-cu ildə Yanardağ Dövlət Tarixi Mədəniyyət və Təbiət Qoruğunda çövkən oyunu, 2010-cu ildə isə Dənizkənarı Milli Parkda papaq oyununun nümunəvi çıxışları təşkil edilmişdir. Həmçinin bu ilin mart ayının 22-23-də Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan I Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən oyununda Mərkəzin Şəki və Ağdam filiallarının nümayəndələri uğurla iştirak etmiş və müvafiq olaraq birinci və ikinci yerlərə layiq görülmüşlər.
   Mərkəzin Mədəniyyət və Turizm Nazirliyinin strukturuna verilməsindən sonra burada atçılıq turizminin inkişafı ilə yanaşı, milli oyunların bərpa və inkişafı da diqqət mərkəzində saxlanılır. Bu, Azərbaycan xalqının milli oyunlarıdır və müxtəlif vaxtlarda müxtəlif nazirlik və komitələr onları bərpa etmək istəyiblər. Xatırladım ki, ötən əsrin 70-ci illərində Kənd Təsərrüfatı Nazirliyi belə yarışlar keçirib. Bundan başqa, 90-cı illərin sonlarında o vaxt Gənclər və İdman naziri işləyən cənab Əbülfəs Qarayevin təşəbbüsü ilə bununla bağlı bir neçə turnir də keçirilmişdi. İndi isə Mədəniyyət və Turizm Nazirliyi olaraq biz, qeyri-maddi mədəni irs kimi, bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Ümumilikdə atçılığın turizm sahəsi kimi inkişafında bir sıra məqsədimiz var. Fikrimiz, necə deyərlər, kimisə ata mindirib gəzdirmək deyil. Bizim Mərkəzin işçiləri turistlər üçün, sadə, maraqlı, ekzotik, ekoloji-psixoloji baxımdan münasib, rahat marşrutlar təyin edirlər. Amma deyim ki, bu iş hələ kütləvi şəkil almayıb, müasir dünya standartları səviyyəsində inkişaf etməyib.
   Atçılığın təkcə idman növü olmadığını, onun zəngin ənənələrə əsaslanmaqla, mədəni irsin tərkib hissəsi, ən əsası, turizm növü kimi inkişafını və təqdimatını həyata keçirən qurum olaraq Respublika Atçılıq Turizm Mərkəzi fəaliyyət istiqamətlərini günü-gündən genişləndirməkdədir. Təsadüfi deyil ki, mərkəz yarandığı dövrdən keçən qısa zaman kəsiyində yüksək nailiyyətlərə imza atıb. Ən əsası, atçılıqla bağlı milli oyun növlərinin yenidən canlanmasını və inkişafını təmin edib, bu sahəyə öz töhfələrini verib.
   
   Cavanşir Cəfərov,
   Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini