Sevda Məmmədəliyeva
   mədəniyyət və turizm nazirinin müavini

   
   
   
   
   
   Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir.
   Heydər Əliyev

   
   
   Müasir qloballaşma şəraitində müxtəlif mədəniyyətlərin sürətlə bir-birinə qarşılıqlı təsiri hamı üçün aşkar faktdır. Tarixi prosesin müasir mərhələsində mədəni, sosial-iqtisadi, texnoloji, kommunikasiya və digər münasibətlərin qloballaşması şəraitində bəşəriyyət öz vəhdətini dərk etməklə yanaşı, davamlı inkişaf yolunu keçmək üçün həyat fəaliyyətinin ən müxtəlif sahələrində qüvvələri birləşdirməyin, qarşılıqlı hörmət şəraitində yaşamağın zəruri olmasını başa düşür. Bu prosesdə mədəniyyətlərarası dialoq ən uğurlu vasitə kimi qəbul olunur.
   
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, ölkəmizin beynəlxalq mədəni proseslərdə nüfuzunun artması ilə yanaşı, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına səbəb olmuşdur.
   Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin tarazlaşdırılmış beynəlxalq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilmişdir. Ölkəmizin bu nailiyyətlərində, milli-mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.
   Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın mühüm rolu göz qabağındadır. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Yəni real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm Avropa Şurasına və həm də İSESCO-ya üzv olan yeganə dövlətdir; Azərbaycanın həm İslam ölkələri, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var; Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
   Qlobal sosial-mədəni proseslərin dərinləşməsi şəraitində ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqi, ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlığın inkişafı, müxtəlif dinə mənsub olan xalqlar və millətlər arasında mehriban təmasların yaradılması istiqamətindəki fəaliyyəti, həmçinin dünya xəritəsindəki əlverişli geosiyasi və geomədəni vəziyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən ölkəmizin bu sahədə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinə gətirib çıxarmışdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2008-ci il tarixdə “Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının Bakı şəhərində keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdir.
   Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək iştirakı və çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur.
   Cənab Prezident konfransdakı çıxışı zamanı demişdir: “Mən çox istərdim ki, bu gün əsası qoyulan “Bakı prosesi” uzun müddətli bir proses olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin”.
   Açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Terri Devis konfransın keçirilməsini bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirmiş və qeyd etmişdir ki, “Bakı öz tarixi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və şərqlə qərb, şimal ilə cənub arasında təbii körpüdür”.
   Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.
   Konfransın keçirilməsində əsas məqsəd ölkəmizin həm Avropa Şurasına və həm də İSESCO-ya üzv olan yeganə dövlət olmaq imkanından bəhrələnərək Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü-vasitəçisi rolunu oynamaq və fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən “Bakı prosesi”nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.
   Digər tərəfdən, Azərbaycan İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində islam dəyərlərinin önəmli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında islam dəyərlərinin əvəzsiz rol oynaması və Azərbaycan xalqının İslam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuş, həmçinin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransının Bakıda keçirilməsi qərara alınmışdır.
   
   * * *
   “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində Bakı şəhərində 2009-cu ilin 13-15 oktyabr tarixində İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir.
   Konfransda ümumilikdə 42 ölkədən nazirlər və digər rəsmi şəxslər, 17 beynəlxalq və regional təşkilatın (İSESCO, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı və s.) rəhbərləri və nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan hökumətinin üzvləri iştirak etmişdir.
   Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Dövlət başçısının təbrik məktubunda deyilirdi: “2009-cu il üçün Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixinə və mədəniyyətinə verilən yüksək qiymətdir. Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb etmişdir. Respublikamızda hökm sürən tolerantlıq mühitini biz böyük tarixi nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetiririk. Əminəm ki, sizin konfransınız da müxtəlif sivilizasiyaların ortaq mənəvi-mədəni dəyərlərə əsaslanan səmərəli əməkdaşlıq səylərinə köməyini əsirgəməyəcəkdir”.
   Tədbirdə həmçinin İSESCO-nun baş direktoru Ə.O.Əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Əbdülmoiz Buxari, Liviyanın mədəniyyət naziri Nuri Həmidi açılış nitqi ilə çıxış etmişlər.
   Açılış mərasimindən sonra İslam ölkələri mədəniyyət nazirləri konfransına sədrlik Liviyadan Azərbaycan Respublikasına keçmişdir. Azərbaycanın sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər və ölkəmizin prioritetləri barəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir. Ə.Qarayev öz çıxışında Azərbaycanın müasir dünyada mədəniyyətlər arasında sülh və dialoqu təşviq edilməsi məqsədilə belə mötəbər tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın konfransa iki illik sədrliyi çərçivəsində bu istiqamətdə səylərini daha da artıracağını və konkret layihə və proqramlarla çıxış edəcəyini bildirmişdir.
   Konfransın ilk günü İSESCO, Azərbaycan və Avropa Şurasının vasitəçiliyi ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər ilə bir sıra Avropa dövlətləri arasında “Bakı prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masanın keçirilməsi ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülmüş və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir. Dəyirmi masanın sonunda yekun kommunike qəbul edilmişdir. Kommunikedə İslam dünyası ilə Avropa arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, bu sahədə layihə və proqramların həyata keçirilməsi, həmçinin münaqişə regionlarında mədəni irsin qorunması ilə bağlı birgə tədbirlərin görülməsi məsələləri öz əksini tapmışdır.
   Konfransda qəbul edilən İslam dünyasında təhlükə altında olan mədəni və dünyəvi irsin qorunmasına dair qətnamədə deyilir: “Erməni işğalçılarının işğal etdikləri Azərbaycan torpaqlarında İslam irsinin məhv edilməsi məqsədi ilə həyata keçirdikləri vandalizm hərəkətləri pislənilir. BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistan Respublikası tərəfindən dərhal və şərtsiz yerinə yetirilməsi tələb olunur”.
   İslam Mədəniyyəti Paytaxtları Proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
   Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Dövlət başçısı qeyd etmişdir ki, belə tədbirlər, eyni zamanda, təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. İKT üzvü olan ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini yaxşı hal kimi dəyərləndirən Prezident İlham Əliyev 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarın qəbulunda İslam ölkələrinin xidmətini xüsusi vurğulamışdır. Prezident İlham Əliyev Bakıda davam edən konfransı dostluq və qardaşlıq günləri kimi dəyərləndirmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamasına baxmayaraq, öz mədəni irsini, tarixi irsini, dini adət-ənənələrini qoruyub saxlamışdır: “Bu gün Azərbaycanın uğurlu inkişafı üçün bizim milli-mənəvi dəyərlərimiz çox böyük rol oynayır. Müstəqilliyimizin ilk illərindən biz müstəqil ölkə kimi dünya birliyinə inteqrasiya etməklə, eyni zamanda, bizim üçün dost, qardaş olan müsəlman ölkələri ilə də çox sıx əlaqələr qurduq”.
   Prezident İlham Əliyev müsəlman dövlətləri ilə mədəni əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək belə tədbirlərin Bakıda keçirilməsini İslam həmrəyliyinə verdiyi dəstəyə görə Azərbaycana göstərilən etimadın təzahürü kimi dəyərləndirmişdir.
   
   * * *
   Müasir dövrdə mədəniyyətlərarası dialoqun təşviq olunmasında qadınların rolu və bu istiqamətdə fəaliyyətləri olduqca əhəmiyyətlidir. Bu həm mənəvi, həm də ictimai-siyasi faktorlarla bağlıdır. Belə ki, qadınlar həm ana kimi tarixən sülh və əmin-amanlığın tərəfdarı olmuşlar, eyni zamanda ictimai-siyasi sahələrdə qadınlar kifayət qədər fəaldırlar. Bu mənada qadınların potensialı dialoqun möhkəmlənməsində böyük rol oynayır.
   2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Tədbir iştirakçıları irqi, etnik, dini və gender müxtəlifliyi zəminində dözümsüzlüyün və ksenofobiyanın yayılması ilə bağlı ümumi narahatlıqlarını bildirmiş, bu kontekstdə dünyanın mədəni müxtəlifliyinə dair mədəniyyətlərarası və dinlərarası dialoqun artan rolunu qeyd etmişlər. Tədbirdə qəbul edilən Bakı Bəyannaməsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında qadınların oynadığı mühüm rol, bunun sayəsində dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi vurğulanmış və beynəlxalq birlik naminə sülh uğrunda dialoqun bütün proseslərində qadınların bərabər iştirakına şərait yaradacaq mühitin təmin olunmasında qətiyyətli olmaq bildirilmişdir.
   Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca mühüm rol oynayır. Mehriban xanım Əliyevanın himayəsi ilə 2009-cu ilin 18-25 mart tarixində Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı Azərbaycan muğam sənətinin beynəlxalq təbliği ilə yanaşı, muğam musiqisinin dünya xalqlarını birləşdirən bir sənət olduğunu bir daha təsdiqləmişdir. 2009-cu il 18-20 mart tarixində “Muğam Aləmi” I Beynəlxalq Festivalı çərçivəsində muğama həsr olunmuş elmi simpozium təşkil olunmuşdur. Beynəlxalq Muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpozium əslində tarixi bir əhəmiyyət kəsb etmişdir. Belə bir simpozium Azərbaycanda ilk dəfə keçirilmiş və simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri böyük maraq göstərmişlər. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı olmuşdur.
   Mədəniyyətlərarası dialoqun inkişafında dinin və inancların böyük rolu var. Əslində müasir dünyada baş verən bəzi proseslər və münaqişələrin kökündə dini faktorların durması fikrini irəli sürənlər din və inancların insanları bir-birinə daha da yaxınlaşdıran gücə malik olmasının fərqinə varmırlar. Fərqli din və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan tərəfindən dinlər arasında dialoqun təşviq edilməsi istiqamətində həm milli, həm də beynəlxalq səviyyədə silsilə tədbirlər həyata keçirilir.
   2010-cu ilin 26-27 aprel tarixlərində Bakıda Dünya dini Liderlərinin Sammiti keçirildi. Sammitdə sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sammitdə dinlərarası dialoqun xüsusi əhəmiyyətini vurğulayaraq, "Azərbaycanın dini və milli dözümlülüyün böyük və şərəfli tarixi ilə tanındığını" bildirmişdir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkədə bütün azadlıqlar, o cümlədən din azadlığı təmin edilib. Ölkədə 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir.
   Qeyd edilən məsələlərin Azərbaycan tərəfindən ən yüksək səviyyədə vurğulanması ölkəmizin mədəniyyətlər və dinlərarası məsələlərə nə qədər böyük önəm verməsini göstərir.
   Sammitdə Yekun Bəyannamə qəbul olunmuşdur və bu sənəd özündə fərqli dinlərin və inancların xalqları ayıran deyil, əslində daha da birləşdirən qüvvə olduğunu özündə açıq ehtiva etmişdir.
   
   (Ardı var)