Orta əsr Ağsu şəhərinin məzarlığında aparılan arxeoloji ekspedisiya maraqlı faktlar üzə çıxarıb
   
   Epiqrafik abidələrin tədqiqi mədəniyyət və incəsənət tariximizin öyrənilməsi baxımından mühüm önəm kəsb edir. Arxeoloqlarımızın Ağsu rayonunda orta əsr şəhər məzarlığında apardıqları qazıntılar bu yöndə maraqlı tapıntılar üzə çıxarıb. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika elm fond şöbəsinin dissertantı Həbibə Əliyeva ilə bu mövzuda qısa söhbət etdik.
   - Həbibə xanım, orta əsr Ağsu şəhər ekspedisiyasının apardığı arxeoloji qazıntılar zamanı aşkarlanan epiqrafik abidələrin səciyyəvi xüsusiyyəti barədə nə deyə bilərsiniz?
   - Azərbaycanda ta qədim zamanlardan daş üzərində oyma üsulla naxışlar, təsvirlər işləmək və yazılar həkk etmək ənənəsi olub. Bu, ilk öncə qayaüstü təsvirlərdə, daha sonra memarlıq abidələrimizdə və qəbirüstü daşlarda tətbiq edilib. 2010-cu ilin martında Ağsu şəhər ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılarda aşkar edilən memarlıq nümunələri içərisində epiqrafik abidələr xüsusilə maraqlıdır. Orada XVIII əsrə aid iki qəbiristanlıqda tədqiqat işləri aparıldı. Yüzlərlə məzar daşı nömrələnərək qeydiyyata alındı. Epiqrafik təhlil nəticəsində müəyyən nəticələr əldə olundu. Tədqiqatlar onu göstərir ki, epiqrafik yazılı məzar daşları formaca və kitabələri baxımından eynidir. Azərbaycan daşyonma məktəbinin bütün səciyyəvi xüsusiyyətləri bu məzar daşlarında öz əksini tapıb.
   Azərbaycan memarlığında məzar daşları üzərində daşyonma sənətinin səciyyəvi xüsusiyyətləri əsasən Şirvan məktəbi nümunələrində özünü göstərir. XII-XV əsrlərdə Şirvanşahlar dövləti hakimlərinin bina etdikləri məscidlər, saray kompleksləri və türbələr üzərindəki bədii tərtibatlar ərəb əlifbası-kufi, nəstəliq, suls, nəsx və s. xəttlərlə həkk olunan dəyərli epiqrafik abidələrdir. Məzar daşı üzərində bu cür oyma işləri və epiqrafik yazılar respublikamızın bir neçə bölgəsində - Şəkidə, Şuşada, Naxçıvanda, Qubada, Qazaxda, Lənkəranda da müşahidə edilir.
   - Orta əsrlər memarlıq nümunəsi olan həmin məzar daşlarında əsasən həndəsi və nəbati naxışlara üstünlük verilib. Bu nə ilə bağlı olub?
   - Orta əsrlərdə nəinki məzar daşları üzərində, hətta memarlıq abidələrində həndəsi və nəbati naxışlara üstünlük verilməsi İslam dininin qanunları ilə bağlı olub. İslam qanunlarına görə, canlı aləmin qəbirüstü daşlarda, digər memarlıq abidələrində təsviri yolverilməzdir. O dövrlərdə həndəsi fiqurlardan düzbucaq, üçbucaq, dairə, dörd, səkkiz və oniki guşəli ulduzlar, nəbati naxışlardan isə zanbaq, qərənfil, qotazlı lalə və s. naxışlardan istifadə olunub. Bu naxışların hamısı orta əsr Ağsu şəhər qəbiristanlığında aşkar edilmiş məzar daşlarında da mövcuddur.
    - Məzar daşlarındakı xüsusi təsvirli oyuqlar nə məqsədlə yaradılıb?
    - Məzar daşlarında adətən dörd, səkkizguşəli həndəsi rəsm və dairə içində səkkiz ləçəkli gül təsviri, səthində 5-10 sm dərinlikdə oyuq yonulub. Məqsəd oyuqlara su, yemək qoymaq və dəfn olunanın ruhunu şad etmək olub. Həm də oyuqlara yağış suyu yığılmaqla quşların su içməsi nəzərdə tutulub. Maraqlıdır ki, orta əsrlərdə mövcud olan bu ənənə respublikamızda bu gün də yaşamaqdadır. Bir çox bölgələrdə insanlar müqəddəs və bayram günləri qəbiristanlığa gedir, məzar daşı üstünə su, şirniyyat və s. qoyurlar.
   Nəqqaşlar, həkkaklar və xəttatlar məzar daşları üzərində işləyərkən müqəddəs kitabımız “Qurani-Kərim”in ayələrini təsvir ediblər. Orta əsr Ağsu şəhər qəbiristanında tədqiq edilən məzar daşları üzərinə “Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin ayələri, məşhur “Ayət ul-kursiyyə”, həmçinin “əl-Rəhman“ surəsinin ayələri, ərəb və fars dilində mənzum şeir parçaları və s. nəsx xətlə həkk olunub.
   Məzar daşlarının kitabələri eyni olsa da, təsvirlərində fərqlər var. Kişiyə məxsus başdaşlarının arxa hissəsində simvolik rəsmlərdən rəhil və bağlı kitab var. Silahlardan qılınc, xəncər, tüfəng, barıt qabı, həmçinin su qabı və yəhər-yüyənli sahibsiz qalmış at rəsmi nəqş edilib. Qadınlara məxsus məzar daşlarına isə hana dəzgahı və xalça toxumaq üçün lazım olan alətlərin rəsmləri həkk olunub.
   - Bəzən məzarların qurulmasında iqlimə, şəraitə uyğun daşlardan istifadə olunur. Bu barədə nə deyə bilərsiniz?
   - Tədqiq edilən hər iki qəbiristanlıqda məzar daşları iqlimə, şəraitə uyğun yerli daş növlərindən hazırlanıb. Sənətkarlar heç bir çətinlik çəkmədən daşlar üzərində epiqrafik abidələrin işlənməsinə çox asanlıqla nail olublar. Xalq sənətkarları bərk materiallara aid olan mərmər daşlar üzərində də ornamentləri zərif və yüksək səviyyədə oyublar. Göründüyü kimi, epiqrafika sənəti o dövrdə heç də metalişləmə, xalçaçılıq və zərgərlik sənətindən geri qalmayıb. Aparılan tədqiqatlar göstərir ki, XVIII əsrdə nəbati, həndəsi ornament motivlərlə və gözəl xətlə ən nəfis məzar daşları yonmaq ənənəsi Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Şirvanda da geniş intişar tapıb.
   
   Söhbəti qələmə aldı:
   Savalan Fərəcov