Novruza doğru...
   
   Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" kimi də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur.
   İlaxır çərşənbələrdən sonuncusuna keçməzdən əvvəl, ənənəmizə sadiq qalaraq, bir öncəki çərşənbə - Yel çərşənbəsi barədə qısa məlumat vermək istərdik.
   Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Yel çərşənbəsi günündə əsən küləklər yazın gəlişindən xəbər verir. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, ”Yel əsib, qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”.
   
   Torpaq çərşənbəsi
   
   İndi isə keçək ilaxır çərşənbəyə. Dünən Novruz öncəsi son çərşənbənin - Torpaq çərşənbəsinin sevincini yaşadıq. Çərşənbələrin içində ən böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğal hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək-nemət olur.
   Torpaq çərşənbəsinin mərasim, ayin, oyun və şənlikləri eyni zamanda bütün çərşənbələrlə bağlıdır. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
   İlaxır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könülaçan söhbətlər edilir.
   Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir.
   
   İlaxır çərşənbənin inancları
   
   Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.
   Axır çərşənbədə qorxanların başından su töküb qorxunu götürərlər.
   Axır çərşənbədə qonşuya ələk verməzlər.
   Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
   Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.
   Axır çərşənbə günü evdən qonşuya od, kibrit, neft verməzlər.
   Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
   Axır çərşənbə günü ertədən lampa yandırarlar.
   Axır çərşənbədə gün çıxmamış su üstündən tullanarlar.
  

   Duzlu kökə və üzük falı
   

   Çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
   İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız-gəlin köçəcək.   

   * * *
   Min illərdir ki, xalqımız baharın, yazın, günəşin gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadardılar. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Bütün bayramlar mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır. Hamılıqla İlaxır çərşənbəmiz mübarək!   

   Təranə Vahid