Onun dünyəvi, fəlsəfi və ya dini mahiyyəti barədə nə bilirik?
   
   Xalqımızın ən qədim rəqs nümunəsi kimi tanınan “Yallı” haqqında çox yazılsa da, onun dünyəvi, fəlsəfi mahiyyəti hələ tam öyrənilməyib. Qobustan qayaları üzərində əks olunmuş bu rəqsə əsasən Azərbaycan tarixinin nə qədər qədim olduğunu təsəvvür etmək mümkündür. Bu rəqs Azərbaycandan kənarda, Türkiyə, İran və s. ölkələrdə də yayılıb.
   
   Niyə məhz “Yallı”? Etimologiyaya nəzər salsaq, bu sözün daha çox “yallah” sözünə yaxınlığını görmək olar. “Yallah” isə ərəb dilindən tərcümədə Tanrıya xitab, Allaha çağırış anlamı verir. Bu mövzunun araşdırıcılarından olan Qars Universitetinin (Türkiyə) əməkdaşı, elmlər doktoru Əqidə Ələkbərli “Yallı” rəqsinin daha çox ayin olduğunu deyir: “Biz adətən “Yallı”ya rəqs forması kimi yanaşırıq. Bu isə hər şeydən öncə insanın təbiətə, Tanrıya bağlı olmasını əks etdirən ayindir. Əvvəlcə asta ritmlərlə başlayıb sonra daha da cəldləşən ritmlərdə davam edən, saat əqrəbi istiqamətində dairəvi dövr edən “Yallı” ifaçılarının hərəkət tərzlərində vahid qüvvəyə bağlılığı görmək mümkündür. “Yallı”da konservasiya olunmuş hərəkət və rəqslər ilkin formada qalıb. Onun əsas qüvvəsi ritmindədir. Bu ritmlərlə insanlar bir-birinə bağlılıq hiss edirdi. Araşdırmalarımda dəfələrlə rast gəldiyim bir məqamı vurğulamaq istəyirəm. “Dil yallısı” adlı “Yallı” növü var ki, burada musiqi sözlə ifadə olunur və ritmlər əl çalaraq yaranır. Zaman keçdikcə “Yallı”nın daha çox növləri yaranmağa başlayıb”.
   “Yallı”ya dini aspektdən yanaşmaq bu gün o qədər də asan məsələ deyil. Əvvəla ona görə ki, bu artıq rəqs nümunəsi kimi yaddaşlara həkk olunub. Qədim dövrlərdə dinlərin mövcud olmadığı bir zamanlarda insanların Tanrıya bağlılığı, ona yaxınlığı indiki dövrdən daha fərqli idi. Əgər indi insanlar Tanrıya inanclarını müxtəlif dini çərçivələrdə yerinə yetirib əməl edirlərsə qədimdə bu daha azad şəkildə həyata keçirilirdi. “Yallı”nın da belə bir zamanlarda ayin şəklində meydana gəlməsi ehtimal olunur. Bu gün Türkiyədə sufizm cərəyanının nümayəndələrinin - səmazənlərin hərəkətlərinə fikir versək Tanrıya bağlılıq, öz varlığını Tanrıda “əritmək” kimi fəlsəfəni hiss edə bilərik. O cümlədən də qədim “Yallı” nümunələri birbaşa Allaha bağlılığı əks etdirdiyini deməyə imkan verir. Tarixə nəzər salsaq, orta əsrlərdə Ordubad ərazisində Mövlanə məclislərinin qurulması səmaviliyin, sufizmin Azərbaycanda da mövcud olmasından xəbər verir.
   “Yallı” ritmləri Azərbaycan bəstəkarlıq sənətində də öz əksini tapıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Ramiz Mirişli və bir çox başqa bəstəkarlar öz əsərlərində bu ritmlərə müraciətlər ediblər.
   Zamanla ayindən rəqsə çevrilən “Yallı” bu gün bir o qədər də çox araşdırılmayıb. Yallı ilə bağlı araşdırmalara folklorşünas Bayram Hüseynlinin “Melodiyalar” kitabında rast gəlmək mümkündür. Musiqişünas Səyavuş Əlizadənin də “Naxçıvan yallıları” adlı araşdırması da maraqlı faktları üzə çıxarıb. Əqidə Ələkbərli “Yallah” adlı kitab üzərində işləyir və bu mövzuda araşdırmalarını davam etdirir.
   
   Yeganə Cansail