Hər bir ölkənin turizm potensialından söz etdikdə onun təbii gözəllikləri, istirahət məkanları, gəzməli-görməli yerləri, incəsənəti ilə yanaşı, maddi-mədəniyyət nümunələri, turist cəlb edəcək abidə və tikililəri də göz önünə gəlir. Həmin məkanlara turist cəlb edilməsi eyni zamanda ölkənin tarixi, mədəni, elmi irsinin dünyaya tanıdılması, təbliği deməkdir. Bu baxımdan Azərbaycanın turizm imkanları olduqca zəngindir.
   
   Azərbaycanın zəngin tarixi və dünya şöhrəti olan elmi-mədəni irs məkanlarından biri də Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıdır. 1960-cı ildə yaradılan bu elmi mərkəz keçmiş SSRİ-də 3 ən böyük rəsədxanadan biridir. Bildiyimiz kimi, Azərbaycanda astronomiya elmi, rəsədxana işi qədim tarixə və ənənələrə malikdir. Bu irs necə qorunur, ondan necə fayda əldə edilir? Bu sualla Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevə müraciət etdik. Azərbaycanda astronomiyanın Nəsrəddin Tusidən (1201-1274) başlayan zəngin ənənələrinin olduğunu deyən Ə.Quliyev bu irsin öyrənilməsi və təbliğinin böyük önəm kəsb etdiyini bildirir: “Bizim rəsədxana da bu istiqamətdə işlər görür - kitablar, məqalələr yazılır, tədqiqat işləri aparılır. Bu ilin iyun ayında Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans olacaq. Konfransda dünyanın bir çox yerlərindən alimlər iştirak edəcəklər. Onu da deyim ki, Tusi olduqca zəngin və çoxşaxəlidir, onun öyrənilməsi təkcə astronom və ya riyaziyyatçıların işi deyil. Tusinin elmin bir çox sahələrini əhatə edən əsərləri hələ yetərincə araşdırılmayıb. Buraya mineralogiya, fizika, optika və digər elm sahələri aiddir. Ona görə də Tusi irsinin təbliği bizim hamımıza lazımdır. Unutmamalıyıq ki, Azərbaycan İslam dünyasında ən güclü astronomiya məktəbinə malik olan ölkələrdən biridir».
   Müasir qurğu və avadanlıqlarla təchiz olunmuş Şamaxı Astrofizika Rəsədxanasında hazırda bir sıra istiqamətlərdə elmi işlər aparılır: “Bizim rəsədxana əsasən üç istiqamətdə elmi-tədqiqat işləri aparır. Onlardan biri Günəş fizikası, ikincisi Günəş sisteminin öyrənilməsi, üçüncüsü isə ulduzlar və qalaktikalardır. Ulduzlar və qalaktikalar ən böyük göy cisimləri hesab olunur və onların üzərində 2 metrlik (diametri) teleskopla müşahidələr aparılır. Bundan başqa, Günəşdə baş verən proseslər öyrənilir. Rəsədxananın bu sahədə xarici əlaqələri də inkişaf edir. Yunanıstan, İsrail və Rusiyanın tədqiqat mərkəzləri ilə Günəş-Yer əlaqələrinin öyrənilməsi sahəsində əməkdaşlıq edirik. Ukrayna, Bolqarıstan, Fransa və ABŞ alimləri ilə də əlaqələrimiz var. İngilis dilində elmi jurnalımız da nəşr olunur. Bir sözlə, biz fəaliyyətimizdə astronomiya elminin bütün nailiyyətlərindən yararlanmağa çalışırıq».
   Rəsədxanada naməlum planetlərin axtarışı ilə məşğul olan qurğu - spektroqraf quraşdırılıb. Maraqlıdır, belə bir proqramın Azərbaycanda həyata keçirilməsi özünü necə doğruldur? Əyyub müəllimin bu məsələ ilə fikirləri maraqlı oldu: «Son dövrlərdə Yer ətrafında planet sistemləri tapılır. Bu, Yerdən kənarda canlı həyat axtarışının vacib bir mərhələsidir. İndiyə kimi bir sıra ulduzlarda planet sistemləri tapılıb. Bizim rəsədxana bu proqramlara qoşulmaq istəyir. Amma bunun üçün çox yüksək dəqiqliyə malik aparatlar lazımdır. Biz bu texniki qurğuları tədricən əldə edirik. Hazırda rəsədxanada təmir işləri gedir. Təmirdən sonra rəsədxana tam işə düşdükdə bu proqramın həyata keçirilməsinə başlayacağıq. Bundan sonra, çox güman ki, bizim rəsədxanada da planetlərin öyrənilməsi məsələsi ilə daha yaxından məşğul olacaq. Çünki bu, elmin ən qabaqcıl istiqamətidir”.
   Yeri gəlmişkən son vaxtlar Yer kürəsində baş verən təbii fəlakətlərin artması insanları çox narahat edir. Bu xüsusda dünyanın müxtəlif ölkələrindən alimlərin planetin taleyi ilə bağlı proqnozları, versiyaları səsləndirilməkdədir. Bütün bunlar nə dərəcədə həqiqətə uyğundur və ümumiyyətlə, baş verən təbii fəlakətlərin elmi əsaslarla öyrənilmə mexanizmi necə olmalıdır? Seysmoloji aktivliyin artmasında, zəlzələlərin baş verməsində göy cisimlərinin təsirini əsas faktor kimi göstərmək olarmı?
   Mütəxəssis bildirir ki, zəlzələ olan ərazinin ətrafında bir həftə əvvəldən müəyyən dəyişikliklər baş verir. Ona görə də bu prosesin kosmosdan öyrənilməsi lazımdır: “Zəlzələ ehtimalı 10-15 faktordan asılı ola bilər. Onların içərisində ən mühüm faktorlardan biri Günəş aktivliyidir. Ona görə də, Günəş-Yer əlaqələrinin öyrənilməsi proqnozların düzgün verilməsində mühüm rol oynayır. Məlumdur ki, Yerin ətrafında maqnit sahəsi var və orada baş vermiş proseslərin əksəriyyəti Günəşdən asılıdır. Ona görə də Günəşdə nə proses baş verirsə, bu, özünü maqnitosferada göstərir. Bu da, öz növbəsində, zəlzələlər, vulkanik püskürmələr, sunami və başqa kataklizmlərin baş verməsinə təsir edir. Bu baxımdan Günəş-Yer əlaqələrinin öyrənilməsi çox vacibdir və bu, bizim rəsədxananın əsas istiqamətlərindən biridir. Bu, o qədər də asan məsələ deyil. 200-300 ildir ki, alimlər bunun üzərində çalışır, hələ bundan sonra də neçə illər çalışmalıdırlar. Yəni bu proseslər o qədər mürəkkəbdir ki, burada astronomiya ilə yanaşı, geologiya, coğrafiya və digər elmlərin koordinasiyasına ehtiyac var. Yəni elmdə bu sahədə görülməli çox işlər var».
   Mütəxəssis istər dünyada, istərsə də ölkəmizdə ayrı-ayrı alimlər tərəfindən təbii fəlakətlərin, xüsusilə də zəlzələlərin baş verəcəyi ilə bağlı proqnozların irəli sürülməsinin düzgün olmadığını bildirdi: «Bu məsələlərdə hər bir alim özünün məsuliyyətini dərk etməlidir. Elə məqamlar var ki, çox ehtiyatlı olmaq lazımdır. Çünki zəlzələ olmaya da bilər, amma əvəzində əhali arasında böyük çaşqınlıq, iğtişaşlar yaranar. Xəbərdarlıq etmək üçün proqnoz ən azı 99 faiz ehtimala malik olmalıdır. Çünki proqnoz verməyin özünün psixoloji tərəfləri də var. Ona görə də bu məsələlərə biz çox ciddi yanaşırıq. Elm bu sahədə durmadan inkişaf edir. Amma istənilən səviyyəyə çatmayıb ki, haradasa zəlzələnin olacağı ilə bağlı xəbər verək. Məsələn, bizim rəsədxana heç vaxt qlobal məsələlərlə bağlı proqnoz vermir”.
   
   Mehparə