Ulu öndərin zəngin mənəvi irsinin tədqiq və təbliğinə layiqli töhfə
   
   Çağdaş Azərbaycan mədəniyyəti hazırda özünün inkişaf dövrünü yaşayır. Təbii ki, bu, ilk növbədə, onun özündən əvvəlki irsə əsaslanması ilə bağlıdır. Bu yerdə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi minnətdarlıqla xatırlamaq lazımdır. 
      
   Məlumdur ki, həyatımızın bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi-əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında ulu öndərin ölçüyəgəlməz dərəcədə böyük rolu və xidmətləri olmuşdur.
   Ömür elə bir nemətdir ki, hamıya verilir - kiminə çox, kiminə az. İllər insanlara ömür vermir, insanın özü illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı ilə illərə işıqlı ömür verən, xalqın mənəviyyatını zənginləşdirən, onu dünyada layiqli səviyyədə tanıdan, milli mədəniyyətimizin hərtərəfli inkişafını ən ümdə vəzifəsi sayan fenomenal şəxsiyyət, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev olmuşdur.
   Tanınmış sənətşünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (Bakı, 2011) monoqrafiyasında oxucu, ziyalı və gənclərimizin diqqətini bu dahi fenomenal şəxsiyyətin çoxşaxəli mədəniyyət nəzəriyyəsinə və onun təhlilinə yönəldir. Əsər bu mənada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə ən layiqli töhfədir. Professor Timuçin Əfəndiyev yazır ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı ümummilli liderin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olmuş və xüsusi əhəmiyyət kəsb etmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir.
   Professor Timuçin Əfəndiyev yazır ki, azərbaycançılıq Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır ki, Heydər Əliyev bütün ömrü boyu məhz bu müqəddəs və ali məqsədə nail olmaq üçün çalışırdı. O, bu yolda bədii ədəbiyyatımızın böyük imkanlarına əzmlə güvənirdi. Kitabda tanınmış alim haqlı olaraq qeyd edir ki, mədəniyyətimizin elə bir sahəsi olmamışdır ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında azərbaycançılıq ideologiyasının formalaşmasında tam yeni bir tarixi mərhələnin, epoxanın təməlini qoydu, milli-mənəvi-əxlaqi dəyərlərimizi zənginləşdirdi və bu prosesin qloballaşan dünyada cərəyan edən proseslərə inteqrasiya olunmasına zəmin yaratdı.
   Kitabda ümummilli liderin milli-mənəvi xəzinəmiz olan, tarixən formalaşan və müasir dövrümüzə gəlib çatan milli adət və ənənələrimiz, dini inanclarımız, ədəbiyyat və incəsənətin müxtəlif sahələri ilə bağlı söylədiyi fikirlər kulturoloji baxımdan dərin və ətraflı şərh edilmişdir. Əsərdə eyni zamanda Heydər Əliyevin sənət adamları ilə unudulmaz görüşləri, onlara göstərdiyi qayğısı və diqqəti hərtərəfli işıqlandırılmışdır.
   Kitabın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlanan I fəslində müəllif ümummilli liderin zəngin mənəvi irsini dərindən araşdıraraq qeyd edir ki, böyük öndər azərbaycançılığı milli bir ideologiya kimi irəli sürmüş, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə dönməz məhəbbət duyğuları ilə yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu və hamisi kimi kitabda təqdim edilir. “Əsərdə irəli sürülən müddəalar tutumlu, aydın və konseptual səciyyəyə malikdir” - deyən akademik Bəkir Nəbiyev qeyd edir ki, professor Timuçin Əfəndiyevin bu monoqrafiyası ümummilli liderimizin, dünya şöhrətli tarixi şəxsiyyətin zəngin mənəvi irsinin təbliği işinə layiqli bir töhfədir.
   AMEA-nın müxbir üzvi Rəna Məmmədovanın kitaba verdiyi rəydə isə oxuyuruq: “Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona yardım etməyi özünün ən ümdə vəzifəsi kimi qəbul etmişdir”.
   Kitabda ulu öndərin mədəni irsə baxışları müxtəlif rakurslardan nəzər-diqqəti özünə cəlb edir. Professor Timuçin Əfəndiyevin kulturoloji əhəmiyyət kəsb edən bu kitabını ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği istiqaməti üçün fundamental əsər kimi səciyyələndirmək olar. Müəllif yazır ki, xalqımızın minilliklər ərzində yaratdığı saysız-hesabsız mədəniyyət və incəsənət nümunələri nəsillərdən-nəsillərə ötürülmüş və dövrümüzə qədər gəlib çatmışdır. Görkəmli alim göstərir ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin yüksək qiymətləndirilməsində tarixi şəxsiyyət, dövlət xadimi, vətənpərvər insan olan Heydər Əliyevin milli mədəniyyətə, mənəvi irsə göstərdiyi hörmət, verdiyi dəyərin dərk edilməsi bu gün də öz aktuallığını saxlamaqdadır.
   Professor Timuçin Əfəndiyev kitabda ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyət siyasətindəki rolunu, habelə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan və dünya mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərini böyük rəğbət hissi ilə ictimaiyyətə təqdim edir. İnkarolunmaz bir həqiqətdir ki, bu gün dünyanın yaxın və uzaq meridianlarında Azərbaycanın mədəni simasının xeyli dərəcədə yüksəlməsində, mədəniyyətimizin zəngin xəzinəsinin nadir inciləri olan ulu və ölməz muğam irsinin, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri və böyük zəhmət payı vardır.
   Əsərdə həmçinin qeyd edilir ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Onun otuz ildən artıq bir müddətdə Azərbaycana rəhbərlik etməsi, xalqın öz liderinə bəslədiyi sevgi, ona ümid və nicat mənbəyi kimi baxması, Heydər Əliyevin millətinə, vətəninə olan sonsuz məhəbbəti tariximizin canlı səhifələrinə çevrilmişdir. Heydər Əliyev çıxışlarında heç vaxt bu təkzibedilməz həqiqəti xatırlatmağı unutmurdu: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. Bu fikir Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən irəli gəlirdi. O, ən yüksək tribunalardan böyük iftixarla deyirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
   Professor Timuçin Əfəndiyev monoqrafiyasının “Ümummilli liderin ədəbi irs təlimi” adlanan bölməsində həmin fikir ətrafında geniş təhlillər aparır. Müəllif əsaslı şəkildə Heydər Əliyev mədəni irsinin əbədi bir məktəb olması faktını oxucuya və geniş ictimaiyyətə çatdırır. Kitabın əsas leytmotivini də məhz bu ideya təşkil edir.
   Təbiətcə musiqinin vurğunu olan, incə və həssas musiqi duyumuna, musiqi zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyən, dövlət rəhbərliyində də, şəxsi həyatında da, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi kimi çox dəyərli rəy və fikirlər söyləyən, musiqişünaslığın elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevin həyat və fəaliyyətini musiqi mədəniyyətindən ayrı təsəvvür etmək qeyri-mümkündür. O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirmiş, sənət adamlarına hörmət və ehtiramla yanaşmışdır. Mədəniyyətin bütün çağdaş və aktual məsələləri, bəstəkar və ifaçıların, dirijor və musiqişünasların yaradıcılığı, problemləri, fikir və təklifləri, uğurları ulu öndəri daim maraqlandırmışdır.
   Heydər Əliyev musiqinin inkişafında əhəmiyyətli rol oynayan insanların yaradıcılığını da daima diqqət mərkəzində saxlamış, onların əməyini yüksək qiymətləndirmişdir. Bu qayğı özünü Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Zeynallı və s. Azərbaycan musiqiçilərinin, korifeylərinin adlarının əbədiləşdirilməsi və onların daim xalqın yaddaşında qalması üçün atılan addımlarda göstərir. Musiqimizə, mədəniyyətimizə verdiyi yüksək qiymət və qayğı özünü, o cümlədən Heydər Əliyevin mədəniyyət işçilərinə münasibətində də göstərirdi. Prezidentin teatr tamaşasının premyerasına təşrif buyurması və yaxud da teatrın truppasını qəbul etməsi, onlara yaradıcılıq uğurları arzulaması, neçə-neçə bəstəkarın, rəssamın, respublikada görkəmli muğam ustalarının yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları mədəniyyətimizin həyatında önəmli rol oynamışdır. Heydər Əliyev musiqini sevməklə yanaşı, həm də musiqini insanlara sevdirirdi. Bu onun böyük maarifləndirmə missiyasından irəli gəlirdi. Heydər Əliyev yaşlı nəslin yaradıcılığına da çox böyük qayğı göstərmiş, gənc nəslin yaradıcılıq imkanlarının genişlənməsinə hərtərəfli yardım etmişdir.
   Monoqrafiyada bütün bunlar əhatəli və konseptual şəkildə diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı, təbliği, yüksəlişi, sağlam ənənələr üzərində yeniləşməsi və müasirləşməsi, ənənəvi mədəniyyət sərvətlərimizin qorunması və yaşadılması, yeni və müasir konsert salonlarının tikilməsi, peşəkar musiqi kollektivlərinin səmərəli fəaliyyəti, xalqlarla və ölkələrlə mədəni əməkdaşlığın genişlənməsi peşəkar musiqiçilərə yaradıcılıq şəraiti və imkanlarının yaradılması, musiqinin müxtəlif sahələri üzrə peşəkar kadrların yetişdirilməsi, musiqi əsərlərinin ifa olunması və nəşri, gənclərin mədəni-estetik tərbiyəsinin fəal və düzgün şəkildə qurulması və sairə bu kimi aktual, mühüm məsələlər və onların həlli yolları ilə maraqlanması, musiqi mədəniyyətinin inkişafı məsələlərinə dövlət siyasəti səviyyəsində yanaşması onun siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərini əhatə edir.
   Sənətşünas alim kitabda diqqəti daha çox Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıya istiqamətləndirir. “Heydər Əliyev milli mədəniyyətimizi, xalqımızın qiymətli sərvətlərini qoruyub saxlamaq üçün bir çox əhəmiyyətli addımlar atmışdır. Hər bir işgüzar, yaxud qeyri-rəsmi səfərləri zamanı Heydər Əliyev Azərbaycanın Qarabağ və ondan doğan digər problemləri ilə yanaşı, bu problemlərin Azərbaycan mədəniyyətinə vurduğu zərbədən, tarixi abidələrin talan olunmasından, müharibə şəraitinin mədəniyyətin inkişafına göstərdiyi mənfi təsirindən mütləq söz açmış və dəlil-sübutlar təqdim etmişdir.
   O, torpaqlarımızın azad olunmasının, oradakı abidələrin yenidən bərpasının nə qədər vacib olduğunu dəfələrlə çıxışlarında ürək ağrısı ilə vurğulayırdı. Heydər Əliyev öz ölkəsinin xilasını təkcə silahda, hərbi gücdə deyil, eyni zamanda həmin torpaqda yaradılmış qədim və bənzərsiz mədəniyyəti xalqa qaytarmaqla, onun milli ruhunun dirçəldilməsində görürdü”.
   Ulu öndər Heydər Əliyev yazırdı: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. O, hər bir sənət adamına, hər bir sənətkara, hər bir rəssama yüksək qiymət verməyi heç bir zaman unutmamışdır. Azərbaycanın keçmişini, dünənini, bu gününü və sabahını xalça üzərində özünəməxsus şəkildə əks etdirən Lətif Kərimovun, rənglərin dili ilə təbiəti insanlara dərk etdirən Səttar Bəhlulzadənin əməyini dərindən məhz Heydər Əliyev qiymətləndirmişdir. S.Bəhlulzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar ölkəmizin muzeylərində, mədəniyyət ocaqlarında rəssamın əsərlərindən ibarət sərgilərin açılması və nümayişi birbaşa Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.
   Müəllif qeyd edir ki, Heydər Əliyev çoxillik zəngin siyasi və dövlətçilik fəaliyyəti ərzində Azərbaycan mədəniyyətinə dair özünün çox dəyərli, maraqlı irsini yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan mədəniyyətinin demək olar ki, yarım əsrlik bütün sahələrini, məsələlərini, yeniliklərini və nailiyyətlərini özündə cəmləşdirir. Onun mədəniyyətimizin inkişafı qarşısındakı xidmətləri və bu yolda yaratdığı zəngin irs müasir mədəniyyətimizin müxtəlif aspektlərdən tədqiqi üçün olduqca maraqlı və qiymətli, real və təkzibolunmaz faktlara, materiallara, sənədlərə malikdir.
   Professor Timuçin Əfəndiyev hesab edir ki, Heydər Əliyevin mədəniyyətimizin inkişafında bir siyasətçi və milli lider kimi misilsiz rolunu və xidmətlərini ciddi elmi zəmində araşdırmaqla, ümummilli liderin obrazını, ömür yolunu, mübarizələrini və qələbələrini musiqi dili ilə ifadə edən və ona həsr olunan əsərləri təhlil etməklə, bu sahədə müəyyən nəticələrə gəlmək olar. Müəllif kitabda belə nəticəyə gəlir ki, Azərbaycan peşəkar incəsənətinin istər XX əsr sovet dönəmində, istərsə də yeni əsrin müstəqillik dövründə inkişaf mərhələlərini, tərəqqi yollarını və nailiyyətlərini, qazandığı mükafatlarını və təltiflərini, beynəlxalq səhnəyə çıxarılan sənət əsərlərinin qiymətləndirilməsini Heydər Əliyev şəxsiyyətindən, onun mədəniyyət siyasətindən və xidmətlərindən, musiqi incəsənətinə və sənətkarlara diqqət və qayğısından, himayəsindən, bu sahədə həyata keçirdiyi milli lider və siyasi rəhbər missiyasından, onun azərbaycançılıq məfkurəsindən ayrılıqda tədqiq və təhlil etmək qeyri-mümkündür.
   Azərbaycanın müasir dünyada sivil və mədəni xalq kimi öz yerini tutması, Azərbaycan musiqisinin bütün dünyada səslənməsi birbaşa ulu öndərin adı ilə bağlıdır. Müəllif qeyd edir ki, Heydər Əliyev mədəni irsini tarixi həqiqətlər kontekstində, real fakt və arqumentlərin müstəvisində öyrənmək, onun fəaliyyətini, xidmətlərini kulturoloji baxımdan tədqiq etmək tariximizin, mədəniyyətimizin və milli elmimizin prioritet istiqamətləri sırasındadır. Alimin fikrincə, Heydər Əliyevin bu sahədəki xidmətləri, rolu, missiyası kulturoloqlar tərəfindən ciddi elmi şəkildə araşdırılmalı, onun bu sahədəki fəaliyyəti və irsi elmi təhlilə cəlb olunmalıdır.
   Hesab edirəm ki, Heydər Əliyev irsinin kulturoloji baxımdan araşdırılması, ulu öndərin mədəniyyətimizin inkişafı və təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində professor Timuçin Əfəndiyevin xüsusi əhəmiyyət kəsb edən bu elmi-tədqiqat əsəri geniş oxucu kütləsi tərəfindən çox yüksək dəyərləndiriləcəkdir.
   Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin altı fəsildən ibarət “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monumental tədqiqatının dahi şəxsiyyətin xatirəsinə həsr edilmiş əsərlər sırasında görkəmli yer tutacağı tamamilə şəksizdir. Görkəmli sənətşünas alimin monoqrafiyasını istər geniş, əhatəli araşdırmalarına, istərsə də aktuallığına görə alimin elmi yaradıcılığının ən yüksək zirvəsi hesab etmək olar. Heydər Əliyevin əhatəli, geniş miqyaslı, zəngin irsini müxtəlif aspektlərdə, müxtəlif rakurslarda hərtərəfli və sistemli şəkildə öyrənən tədqiqatçı alim, professor Timuçin Əfəndiyevin əldə etdiyi elmi nəticələr Azərbaycan kulturoloji fikrinin zənginləşdirilməsində yeni bir mərhələnin əsasını qoyur.
   Fundamental tədqiqat əsəri ümummilli lider Heydər Əliyev irsinin araşdırılması, tədqiqi və təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Nəfis şəkildə tərtib və çap edilmiş monoqrafiyanın oxucular, elm və mədəniyyət xadimləri tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur. Əminik ki, bu elmi-tədqiqat əsəri Heydər Əliyev irsini araşdıran alimlərin stolüstü kitabına çevriləcəkdir. Bu monumental sənət salnaməsi professor Timuçin Əfəndiyevin ensiklopedik zəka sahibi, dünya şöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə ən layiqli bir töhfədir.
   
   İlqar Hüseynov,
   kulturologiya elmləri doktoru, professor