Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət tariximizə bəxş etdiyi töhfələrdən biri də ölkəmizdə ilk dövlət muzeyi - İstiqlal Muzeyinin yaradılmasıdır. Onun təşkilində dövrün tanınmış maarifçi xadim və sənətşünaslarından biri Hüseyn Mirzəcamalovun mühüm xidmətləri olub. 18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində bu tarixə nəzər salmaq istədik. Mövzu ilə bağlı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tədqiqatçı Ənvər Çingizoğlu ilə söhbət etdik:
   
   - Hüseyn Məmiş oğlu Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər məktəbini bitirib. Ali pedaqoji təhsil alıb. Bakı Universitetində riyaziyyatdan dərs deyib. Hüseyn bəy bir maarifçi olmaqla bərabər, həm də şair, yazıçı olub. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərib, publisistik məqalələrlə mətbuatda çıxışlar edib. 1918-ci ildə Xalq Cümhuriyyətinin parlamenti yarananda H.Mirzəcamalov parlamentin dəftərxanasında çalışıb, qanunvericilik şöbəsinin müdiri olub. Parlamentdə “Müsavat” fraksiyasının lideri Məhəmmədəmin Rəsulzadə ilə yaxın dost olub. Araşdırmalardan əldə etdiyim materialların birində M.Rəsulzadə yazır: “Yaxın zamanlara qədər Azərbaycan elmində adı tez-tez çəkilən pedaqoq Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalov) adlı bir dostumuz vardı. O, əslən şuşalı idi. Bütün azərilər ona “dayı” - deyə müraciət edərdilər“. H.Mirzəcamalov dövrünün bir çox tanınmış ziyalıları ilə yaxın dost olub. Onun görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə dostluğundan bəhs edən yazışmalar barədə maraqlı məlumatlar əldə etmişik. Həmin yazışmaların xeyli hissəsi nəzmlə olub. H.Mirzəcamalov Y.V.Çəmənzəminliyə məktublarının birində yazır:
   
   Mənim könlüm fəraq içrə fəraqlar ilə oynar,
   Nigari-bivəfaya bax, gedib əğyar ilə oynar.
   
   Əcəbi taleyi vardır şanənin billah,
   Olub məhrəm vüsal içrə o zülfü tar oynar.
   
   Məzəmmət bülbülə yoxdur, əgər ki, ahuzar eylər,
   Necə səbr eyləsin bülbül, gedib gül xar ilə oynar.
   
   Vüsali asi səs yetməz fəraq içrə qalıb həsrət,
   Onun şövqü ilə hərdən qəzəl əşhar ilə oynar...
   
   - İstiqlal Muzeyinin yaradılmasında H.Mirzəcamalovun fəaliyyəti barədə nə deyə bilərsiniz?
   - Məlum olduğu kimi, Azərbaycanda ilk rəsmi dövlət muzeyi olan İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə fəaliyyətə başlayıb. Muzey geniş profilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulmuşdu. O vaxt parlamentin binasında yerləşən muzeyin formalaşmasında H.Mirzəcamalovun böyük xidmətləri olub. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Quran əlyazmaları, bəzək əşyaları, ayrı-ayrı dövrlərə aid silahlar, sikkələr, xalq tətbiqi sənət və qədim məişət nümunələri vardı. Təhvil-təslim aktı formasında “Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən «Müze İstiqlal» adına müəssislər tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait” adlı sənəd tərtib edilir. Sənədi muzeyin yaradıcıları - görkəmli sənətşünaslar Hüseyn Mirzəcamalov, Məhəmməd Ağayev və Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə imzalayıb. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub.
   - Deməli, bu həm də Azərbaycanda muzeyin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənəd olub?
   - Elədir ki, var. Bu sənəd toplusunda muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimatı və fond-satınalma komissiyası haqqında əsasnaməni əvəz edən müddəalar yığcam şəkildə öz əksini tapıb. Orada göstərilir ki, muzeyə verilən hər bir əşya milli sərvətdir. Gələcəkdə əşya sahiblərinin ailə üzvləri onları geri tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərcləri Parlamentin Rəyasət Heyəti öz öhdəsinə götürür. Sənəddən görünür ki, gələcəkdə muzey üçün xüsusi binanın ayrılması, yaxud tikilməsi və nəzdində zəngin kitabxananın yaradılması, proqram və nizamnamənin hazırlanması və s. nəzərdə tutulubmuş.
   İstiqlal Muzeyi beş aya yaxın - 1920-ci il aprelin 28-dək fəaliyyət göstərib. Bununla belə, o müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tarixdə qalıb. Sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv olunsa da, bir mədəniyyət müəssisəsi kimi yeni və gələcəkdə yaradılacaq muzeylərin təşkilində təməl rolunu oynayır. Onu da qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra (1991) İstiqlal Muzeyi də yenidən yaradıldı.
   - Hüseyn Mirzəcamalovun sonrakı taleyi barədə hansı məlumatlar var?
   - Sovet hakimiyyəti qurulandan sonra milli hökumətin üzvləri Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə mühacirət edirlər. Hüseyn Mirzəcamalov da Türkiyəyə gedir, orada uzun ömür sürür. 1974-cü ildə Istanbulda dünyasını dəyişir. Onun Türkiyə həyatı ilə bağlı hələlik əlimizdə elə bir məlumat yoxdur.
   
   Savalan Fərəcov