Tovuz rayonunun Mentaş yaşayış yerində Azərbaycan-Fransa birgə Arxeoloji ekspedisiyası qazıntı və tədqiqat işləri aparır.
   Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Azərbaycan-Fransa birgə ekspedisiyasının tədqiqat işləri ilə yaxından tanış olmaq üçün bölgəyə səfər edib. Bu ərazidə tədqiqat işləri 2007-ci ildə başlanıb. Yaşayış məskənindən eneolit və neolit dövrlərinə aid maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb.
   Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə elmlər doktoru Fərhad Quliyev, Fransa tərəfindən isə Bertil Lionet rəhbərlik edir. Ekspedisiya rəhbərliyindən verilən məlumata görə, gələcəkdə adıçəkilən abidədə tədqiqat işləri genişləndiriləcək, bu işlərə digər ölkələrin də mütəxəssisləri cəlb ediləcək.