Bərdə, Tovuz və Şəki kulinarları birincilik əldə ediblər
  
   Xəbər verdiyimiz kimi, ötən həftəsonu Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə milli mətbəx çempionatı keçirilib.
   Çempionatda Ağcabədi, Bərdə, İsmayıllı, Qax, Quba, Tovuz, Gəncə, Şamaxı, Zaqatala, Şəki və Gədəbəy rayonlarının təcrübəli aşpazları üç milli xörəyimiz üzrə öz məharətlərini sınayıblar. Kulinarların yarışması üç gün davam edib.
   Kababçıların yarışmasında birinci yerə Bərdə, ikinci yerə Şamaxı və Zaqatala, üçüncü yerə Quba və İsmayıllı kababçıları layiq görülüblər.
   Sacüstü yeməklər üzrə birinci yeri Tovuz, ikinci yeri Gədəbəy, üçüncü yeri Quba və İsmayıllı ustaları qazanıblar.
   Çempionatın üçüncü günü isə plov ustaları yarışıblar. Bu milli xörək üzrə münsiflər birinci yerə Şəki, ikinci yerə Gədəbəy və Zaqatala, üçüncü yerə isə Quba və Bərdə rayonlarının kulinarlarını layiq görüblər.