Böyük Nizaminin əsərlərində təsvir olunan hökmdarların zərb etdirdiyi sikkələrin bir qismi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır
  
   Dünya ədəbiyyatının nadir inciləri sırasında yer tutan Nizami Gəncəvi irsinə yüzlərlə tədqiqat işi həsr olunub, əsərlərinin bir çoxu dünya dillərinə tərcümə olunub. Bu il anadan olmasının 870 illiyi qeyd olunan şairin yaradıcılığının təhlilinə, poeziyasındakı bədii-fəlsəfi problemlərin, əxlaqi-mənəvi dəyərlərin şərhinə daim ehtiyac duyulur.
  
   Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika şöbəsinin müdiri, professor Əli Rəcəbli ilə söhbətimizdə Nizaminin dövrünün hökmdarları ilə münasibətlərinin maraqlı bir məqamına toxunduq.
  
   - Əli müəllim, Nizaminin ədalətsiz dövlət adamlarına qarşı barışmaz, bəzən üsyankar olduğu məlumdur. Bəs onun öz dövlət başçılarına müsbət münasibət göstərməsi nə ilə bağlı idi?
   - Nizami Gəncəvi irsi heç vaxt tükənməyəcək “sirlər xəzinəsi”dir. O, Azərbaycan intibahının zirvə nöqtəsinə çatdığı bir dövrdə yaşayıb. Ədalətsiz dövlət adamlarına qarşı barışmaz, bəzən də üsyankar olub. Şairin bir qədər mübaliğəli tərzdə öz dövrünün dövlət başçılarına münasibət göstərməsi müəyyən mənada onun bütün yaradıcılığı boyu ədalətli hakim ideyasını tərənnüm etməsi ilə bağlıdır. Şairin əsərlərini ithaf etdiyi dövlət başçıları ilə bilavasitə bağlı olan bir qrup tarixi-dövlətçilik rəmzi və rəmzlərin mənsub olduğu ictimai-iqtisadi durum, etnik-siyasi mühit çox maraqlıdır. Təəssüf ki, bu dövlətçilik rəmzlərinin bir qismi: taxt, tac, bayraq, möhür və s. tarixin kəşməkəşlərində məhv olub. Ancaq zəmanəmizə qədər gəlib çatan digər bir qrup tarixi raritet - mis, gümüş və qızıldan kəsilmiş dövlət sikkələri var. Nizami də öz əsərlərində dövlət başçılarının müstəsna hüququ sayılan «sikkə» və «xütbə» hüquqlarına, daha dəqiq desək, bu hüquqlardan irəli gələn dövlət sikkəsi anlamına tez-tez müraciət edib, istər real, istərsə də məcazi mənada «sikkə» məfhumunun maddi və mənəvi özəlliyini, önəmini vurğulayıb.
   - Orta əsrlərdə dövlətləri tanıdan hərbi və iqtisadi qüdrəti ilə yanaşı, həm də pul vahidləri olub. Azərbaycan tarixindəki dövlətlərin sikkələri barədə nə demək olar?
   - Siyasi-hərbi və iqtisadi potensiala malik qədim və orta əsr dövlətləri öz sikkələri ilə də tanınıblar. Düzdür, yetərincə hərbi-siyasi qüdrəti olmayan, lakin iqtisadi baxımdan inkişaf edən bəzi dövlətlər də pul dövriyyəsinin tələbatı qarşısında sikkə zərbinə müraciət ediblər. Ancaq bir qayda olaraq bu cür sikkə emissiyaları anonim icra olunub. Belə sikkə zərbinə Azərbaycanda e.ə. III-I yüzillərdə antik Albaniya-Aranda, XV əsrin I yarısında Teymurilərin təsir dairəsində olan Şirvanşahlar dövlətində və Azərbaycan xanlıqları dönəmində rast gəlinib.
   - Qayıdaq Nizami dövrünə. Şairin Bəhram şahla görüşüb-görüşməməsi ilə bağlı müxtəlif fikirlər söylənir. Mənbələrdə bu faktı təsdiq edən bilgi varmı? Bəhram şahın Nizamiyə hədiyyə olaraq çoxlu qızıl pul göndərdiyi də bildirilir...
   - Bu barədə qaynaqlarda səhih bilgi yoxdur. Əsərdən göründüyü kimi, şair bu görüşü arzulayıb. Ancaq bu, baş tutmayıb. Şair Bəhram şahla görüşməsə də, Anadolu ətrafında cərəyan edən hərbi-siyasi olaylardan məlumatı olub. “Sirlər xəzinəsi”nin “İslam padşahı məlik Fəxrəddin Bəhram şah ibn Davuda öygü” məqalətində Nizami Bəhram şahı Güney Qafqazda cərəyan edən ab-hava ilə həmahəng səslənən təşbih və təriflərlə təqdim edir:
  
   Tək odur fələk taclı, Süleyman üzüklü şah,
   Üfüqlərin güvənci - Məlik Fəxrəddin ancaq.

   
   Şair Bəhram şahı “Rum elinin padşahı“, “Rumun fatehi” adlandırması Ərzincan məliki Bəhram şahın həqiqətən Rum elinin - Kiçik Asiyanın hakimlərindən biri olduğuna işarədir. Ərzincan hakimi Bəhram şahın sikkələri də misdən kəsilmiş fəlslərdir. Qızıl sikkə zərbi hüququna malik Konya sultanlarının siyasi nüfuzu altında olan digər Anadolu bəylikləri - Danişməndilər, Qaramanoğulları, İsfəndiyarilər və b. kimi Bəhram şahın mənsub olduğu Menqucilər də yalnız mis sikkə zərbi hüququna malik olublar. Doğrudur, yazılı qaynaqlarda Bəhram şah aldığı hədiyyə müqabilində Nizami Gəncəviyə çeşidli töhfələrlə bərabər 5000 qızıl sikkə göndərdiyi bildirilir. Güman etmək olar ki, bu sikkələr Səlcuq sultanlarının qızıl dinarlarından və çox ehtimal ki, Bizans imperatorlarının qızıllarından ibarət olub.
   Bəhram şahın bir neçə mis sikkəsi Əhməd Tovhidin “Məskukat-i qədimiyyeye İslamiyyə katoloqu”nda çap olunub. Bu sikkələrin üz tərəfində “Bəhram şah b. Davud”, zərb yeri və ili - Ərzincan 579-1183 həkk olunub. Əks tərəfindəki yazılar isə pozulub. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda saxlanılan mis sikkələrin üz tərəfində - insan büstü, ətrafında zərb yeri və ili - 579, əks tərəfində isə “əs-sultan əlmüəzzəm Bəhram şah“ yazısı həkk olunub.
  
   Savalan Fərəcov