Turizm marşrutlarına daxil edilən memarlıq abidələri və mədəniyyət qoruqlarında təmir-bərpa işləri aparılır
   
   Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı ölkə başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planında mədəni irs nümunələrinin, memarlıq abidələrinin turizmdə yeri ilə bağlı məsələlərə də yer ayrılıb.
   
   Tədbirlər Planının 44-cü bəndində memarlıq abidələri və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi məsələsi əksini tapıb. Bu sıraya Şəki xanlarının evi, Sınıq körpü, Çıraqqala abidəsi, Abşeron qalaları, Zaqatala qalası və şəhər meydanındakı alban kilsəsi, Qəbələnin Nic kəndindəki alban kilsəsi, eləcə də həmin kənddə səma altında udin etnoqrafiya kompleksinin yaradılması daxildir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərovanın sözlərinə görə, hazırda adıçəkilən abidələrin bəzisində müəyyən bərpa işlərinə start verilib, digərləri ilə bağlı isə layihələr hazırlanıb.
   
   Şəki xanlarının evi və Sınıq körpü
   
   XVIII əsr abidəsi olan Şəki xanlarının evində bərpa işləri aparılmaqdadır. Qeyd edək ki, bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarətdir. Evin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki yaşayış evlərinin bəzəyinə uyğun olsa da, burada ornament və naxış demək olar ki, yoxdur. İkinci mərtəbənin salonunun interyerində isə əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarının yanlarından divara dərin olmayan taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin «Yeddi gözəl», «Leyli və Məcnun» poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Salonun zəngin və müxtəlif dekorasiya ilə bəzədilməsi rəngli «şəbəkə» ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur.
   Könül Cəfərovanın sözlərinə görə, özünəməxsusluğu ilə seçilən Şəki xanlarının ev- muzeyində bərpa işləri artıq tamamlanmaq üzrədir: «Azərbaycan tarixində mühüm rol oynayan Şəki həm də başdan-başa muzey, tarixi abidələr şəhəridir. Qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin zəngin tarixi var. Bu mənada Şəki xanlarının evi fərqli memarlıq üslubuna malikdir və qeyd etdiyim kimi, burada aparılan təmir işləri artıq tamamlanmaq üzrədir».
   Azərbaycanla Gürcüstanın sərhədində, Xramçayın üstündə salınan Sınıq körpü də turizm marşrutuna daxil edilən abidələrdəndir. Uzunluğu 175, eni 5 metr olan körpü dörd tağlıdır. Bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində tikilinin möhtəşəmliyi barədə qiymətli fikirlər olsa da, neçənci ildə və kim tərəfindən inşası barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini qeyd edirlər. Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq Sınıq körpünün də layihəsi hazırlanıb və orada bərpa işləri aparılacaq.
   
   Tariximizin yaddaşı - alban abidələri
   
   Qəbələ rayonunun Nic kəndindəki alban kilsəsinin qədim tarixi var. Qədim alban tayfalarından olan udinlərin məskunlaşdığı kənd rayonun ən böyük yaşayış məntəqəsidir. Xalqımızın tolerantlığının, Azərbaycanda yaşayan milli azlıq və xalqların nümayəndələrinin firavan həyatının göstəricisi olan Nic kəndində udinlərin mədəni inkişafı üçün hər şərait yaradılıb. Norveç Humanitar Fondunun maliyyə dəstəyi ilə 2003-2005-ci illərdə tarixi-arxitektura tədqiqatlarını əhatə edən «Nic» layihəsi həyata keçirilib və nəticədə kəndin dini mərkəzi bərpa olunub. Tarixçilərin, memar və inşaatçı-bərpaçıların, eləcə də, yerli udin icmasının aktiv iştirakı nəticəsində yenidən həyata qaytarılan kilsə Azərbaycanın zəngin tarixi və çoxəsrlik mədəniyyətinin göstəricisi kimi də əhəmiyyət daşıyır. Tikili ilə yanaşı açıq səma altında udin etnoqrafiya kompleksinin yaradılması turistlərin bu məkana olan marağını daha da artıracaq.
   
   Əzəmətli Çıraqqala, tarixi olaylar şahidi Zaqatala qalası və Abşeron qalaları
   
   Çıraqqala Şabran rayon mərkəzinin təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. Qala Xəzər dənizindən Babadağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməsə də, Çıraqqala öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bürclərindən 4-ü salamat qalan Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında da rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə o qalalardan fərqlənir. 2003-cü ildə «Çıraqqala tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” ölkə prezidenti sərəncam imzalayıb və sənədə əsasən Çıraqqala tarix-memarlıq qoruğu elan edilib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix-memarlıq qoruğunun bərpası ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulur. Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri K.Cəfərovanın sözlərinə görə, bununla bağlı layihələr hazırlanıb: «Bu abidədə işıqlandırma sistemi qurulub, onun abadlaşdırılması üçün işlər görülüb. Bundan başqa abidənin inzibati binasının tikilməsi də nəzərdə tutulub».
   Gələcək turizm marşrutu kimi Tədbirlər Planında yer alan Zaqatala qalası 1830-cu ildə tikilib. Vaxtilə toplarla təchiz edilmiş güclü qarnizon saxlanılan Zaqatala qalası çar hakimiyyətinə qarşı kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Çar hakimiyyəti «Potyomkin» zirehli gəmisinin qiyamçı matroslarını məhz Zaqatalaya sürgün etmişdi. Bu qalanın da tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu deyən nazirlik rəsmisi qalanın qala divarlarının bərpa olunduğunu bildirdi. Onun sözlərinə görə, burada da turizm-istirahət mərkəzinin yaradılması ilə bağlı təkliflər planı hazırlanıb.
   Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu tikililərə turizm marşrutuna daxil edilən Mərdəkan, Nardaran və Ramana qalaları daxildir. Həmin qalalarda bərpa işlərinin aparılması nəzərdə tutulub.
   Nazirliyin sektor müdiri onu da bildirdi ki, bir sıra abidələrə və qoruqlara gedən yollarda artıq yol nişanları qoyulub: «Ümumiyyətlə, hazırda mədəni irslə bağlı böyük proqram hazırlanır və işlər yekunlaşmaq üzrədir. Qoruqlarla bağlı ən böyük iş onların sərhədlərinin və mühafizə zonalarının təyin olunmasıdır. Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı Çıraqqala da daxil olmaqla 9 qoruğun xəritəsini hazırlayıb. Ümumiyyətlə, qoruqlar yaranan kimi onların sərhədləri də təyin edilməlidir. Bir çox abidələrin və qoruqları göstərən yol nişanları hazırlanıb. Demək olar ki, bütün qoruqların ərazisində geniş arxeoloji qazıntılar aparılır».
   Memarlıq abidələri və mədəniyyət qoruqlarında aparılan təmir-bərpa, eləcə də abadlıq işlərindən sonra onlar turizm marşrutlarına daxil ediləcək. Təbii ki, bu da öz növbəsində ölkəmizin turizm potensialının inkişafına yeni imkanlar yaratmış olacaq.
   
   Mehparə