Müstəqil Azərbaycanın 20 ili, digər sahələrdə olduğu kimi, zəngin mədəni irsimizin öyrənilməsi, bərpası və təbliği sahəsində də əlamətdar nəticələrlə yadda qalıb. Bu sahəyə diqqət göstərilməsi dövlətin mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Eyni zamanda, 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasının 77-ci maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın borcudur. 1998-ci ildə «Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanunların qəbul olunması ilə tarixi və mədəni irsin qorunması sahəsində qanunvericilik bazası yaranıb.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyevin sözlərinə görə, ötən müddətdə tarixi-mədəni abidələrlə bağlı imzalanan prezident sərəncamları, hökumət səviyyəsində qəbul edilən qərarlar bu sahənin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir. Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünyaya tanıdılmasına xüsusi önəm verirdi. 2000-ci ildə Bakının çoxəsrlik tarixini yaşadan İçərişəhərin “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruğu və Qız qalası ilə birgə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsi bu yöndə əldə olunan mühüm nailiyyət idi. 2002-ci ilin noyabrında Azərbaycanın gözəl və möhtəşəm abidələrindən olan Şəki Xan Sarayının bərpadan sonra təntənəli açılış mərasimində prezident Heydər Əliyev iştirak etmişdi. 2003-cü ildə “Şabran şəhəri” və “Çıraqqala” tarixi qoruqları yaradıldı.
   Ulu öndərin bu sahədə əsasını qoyduğu işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanın tarixi və mədəni irsin qorunub saxlanması, istifadəsi və gələcək nəsillərə çatdırılması sahəsində qəbul edilən qərarlar buna bariz sübutdur. Buna misal olaraq “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında”, “Bakı şəhərinin tarixi və memarlıq abidələrinin bərpası və qorunması haqqında”, «Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında», “Monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanması və ətrafının abadlaşdırılmasına dair tədbirlər planının təsdiq edilməsi barədə” və digər sərəncamları göstərmək olar.
   R.Nuriyevin sözlərinə görə, son bir neçə ildə ölkə başçısı tərəfindən 4 yeni tarix-mədəniyyət qoruğu: Bakı şəhərinin Suraxanı qəsəbəsində «Atəşgah məbədi» dövlət tarix-memarlıq, Abşeron rayonunda «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət, Ağstafa rayonunda «Keşikçidağ» dövlət tarix-mədəniyyət və Quba rayonunda «Xınalıq» dövlət tarix-memarlıq və etnoqrafiya qoruqları yaradılıb.
   Bundan əlavə, 1992-ci ildə Nardaran tarix-mədəniyyət, Qax rayonunda İlisu dövlət tarix-memarlıq, 2003-cü ildə Şəki rayonunda “Kiş” tarix-memarlıq və 2004-cü ildə Hacıqabul rayonunda “Pir-Hüseyn Xanəgahı” tarix-memarlıq qoruqları yaradılıb.
   2007-ci ilin 29 iyununda Dünya İrs Komitəsinin Yeni Zellandiyada keçirilən 31-ci sessiyasında Qobustan Dövlət tarix-bədii qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Nazirlər Kabinetinin 6 noyabr 2007-ci il tarixli qərarı ilə isə Qobustan qoruğuna “Milli qoruq” statusu verilib. Hazırda Qobustan qoruğunun dünya standartlarına uyğun olan inzibati binasının tikilməsi və müasir texnologiya və avadanlıqlarla təchiz edilən yeni ekspozisiyaların yaradılması artıq başa çatıb.
   Tarix və mədəniyyət abidələrində bərpa işləri əsasən 2001-ci ildən aparılmağa başlanılıb. Bu müddətdə 40-a qədər abidədə, o cümlədən Bakıda - İçərişəhərdəki “Məhəmməd” məscidində, “İsmayiliyə” binasında, “Təzəpir” və “Əjdərbəy” məscidlərində, Qala kəndindəki məsciddə, Şəki şəhərindəki «Qala divarları»nda, Kiş kəndindəki alban məbədində, Qusar rayonunun Həzrə kəndindəki "Şeyx Cüneyd" türbəsində, Qax rayonunun Əmbərçay kəndindəki "Kürmük" məbədində, Qum kəndindəki bazilikada, Gəncə şəhərindəki "Çökək" hamamında və Nizami Gəncəvi məqbərəsində, Quba rayonunun Rustov kənd məscidində, Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı "Xanəgah" memarlıq kompleksində, “Əşhad-ül Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksində, Salyan rayonundakı Cümə məscidində təmir-bərpa işləri aparılıb. Həmçinin Hacıqabul rayonundakı "Pir Hüseyn Xanəgahı”nda, Qəbələ rayonunun Həzrə kəndindəki "Türbələr kompleksi"ndə və Nic kəndindəki məbəddə, Lənkəran şəhərindəki "Dairəvi Qala"da, Balakən rayonundakı Minarəli məsciddə, Zaqatala şəhərindəki Qala divarlarında bərpa-konservasiya, həmçinin Bakda - Nardaran qəsəbəsi, «Xan bağı» abidəsi ətrafında drenaj sisteminin qurulması və abadlıq, Qax rayonunun İlisu kəndindəki "Sumuqqala" abidəsində bərpa və abidənin sel sularından mühafizəsi məqsədilə mühafizə tədbirləri başa çatıb. Hazırda Şəki şəhərindəki Aşağı Karvansarada, Mirzə Fətəli Axundovun ev-muzeyində, İsmayıl bəy Nakam adına kitabxanada bərpa işləri başa çatmaq üzrədir.
   Göstərilən müddətdə 50-dən çox abidənin bərpa və konservasiya layihələrinin başa çatdırıldığını deyən nazirlik rəsmisi cari ildə Gəncə şəhərindəki Şah Abbas karvansarasının bərpası və orada regional turizm əl sənətkarlığı mərkəzinin yaradılması, Bərdədə “Allah-Allah” türbəsinin bərpası, Bakı şəhəri Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” kompleksinin bərpası və muzey mərkəzinin tikintisi, Şəkidə Şəkixanovların evinin bərpa layihələrinin hazırlandığını, bir neçə layihə üzrə isə işlərin davam etdiyni bildirdi.
   Mədəni irsin qorunması Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu tərəfindən Bakının Buzovna kəndindəki Cümə məscidi bərpa olunub və Qala Dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi yaradılıb.
   Onu da qeyd edək ki, Nazirlər Kabineti tərəfindən tədiq edilən (2001) “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü”nə 6308 ədəd yerli, ölkə və dünya əhəmiyyətli memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri və dekorativ-tətbiqi sənət nümunələri daxil edilib. Həmçinin bu illər ərzində aparılan axtarış və tədqiqatlar nəticəsində 1518 yeni abidə “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
   
   Mehparə