Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalının nəticələrindən bəhs edən kitabça nəşr olunub
   
   “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərində işğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında məlumatların hazırlanması və onların beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.
   
   İşğal nəticəsində məhv edilmiş kitabxanalar haqqında məlumat və fotoşəkillər əsasında Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı kitabça nəşr olunub.
   Nəşrdə Ermənistan silahlı birləşmələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş kitabxanalar, onların fotoşəkilləri (işğaldan əvvəl və sonra), habelə bir sıra statistik məlumatlar rayonlar üzrə sistemli şəkildə verilib.
   Kitabçada erməni separatçıları tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda 9 mərkəzləşdirilmiş kitabxana sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan və məhv edildiyi göstərilib.
   Kitabçada dünyanın görkəmli alimlərinin təbii muzey adlandırdığı Azərbaycanın dilbər guşəsi olan Qarabağda azərbaycanlılara məxsus milli-mədəniyyət nümunələrinin məhv edildiyi, Qarabağın mədəniyyət və təhsil mərkəzi sayılan Şuşa tarixi memarlıq qoruğunun ərazisində yerləşən Pənah xanın tarixi kitabxanasında, rəssam, görkəmli alim Mir Möhsün Nəvvabın şəxsi kitabxanasında, Aşağı və Yuxarı Gövhərağa, Cümə məscidlərində, dahi bəstəkar Üzeyir Hacıbəylinin, professional vokal sənətinin banisi Bülbülün ev-muzeylərində saxlanılan dəyərli kitabların erməni vandalları tərəfindən məhv edildiyi xüsusi qeyd olunub.
   Yerli və xarici ölkələrin kitabxanalarına, habelə Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərinə göndərilməsi nəzərdə tutulan bu kitabça yaxın vaxtlarda rus və ingilis dillərində nəşr olunacaq.