Hələ qədim dövrlərdə Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı müxtəlif milli oyunları meydana gəlmişdi. Bunların sırasında Azərbaycanda, eləcə də Orta Asiyada çövkən kimi tanınan, sonradan bütün Asiya ölkələrinə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Zaman keçdikcə türk xalqlarının bu milli oyunu digər qitələrə də yayılmış, hətta ingilislərin də milli oyununa çevrilmişdir. Şərq ölkələrinin hər birində özünəməxsus adlarla, Qərbdə isə polo adı ilə yayılan bu oyun Azərbaycanın milli çövkən oyununa bənzəyirdi. Hökmdarların elit ordu hissələrində öyrədilən bu oyun həm də süvari dəstələrinin döyüş hazırlığına xidmət edirdi.
   
   Mənbələrə əsasən, eramızdan əvvəl II minillikdən etibarən Orta Asiya türkləri arasında «çevqan» adlı oyun geniş yayılmışdı. Bu oyun iki qəbilə üzvləri arasında hər tərəfdə 100 nəfər olmaqla oynanılırdı. Sonradan çövkən İranda da milli oyuna çevrilir. Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, bu, Şərqdə əsilzadələrin oynadığı oyun olub. Dövrün elitasının qaydalar kitabı olan «Qabusnamə»nin bir fəsli xüsusi olaraq bu oyundan bəhs edir. İran ədəbiyyatı bizə bu oyunun qədimliyi haqqında zəngin material verir. Məsələn, məşhur İran şair-tarixçisi Firdovsinin X əsrdə qələmə aldığı «Şahnamə» əsərindən atüstü oyunlar haqda çoxlu məlumatlar əldə edə bilirik. XVI əsrə aid «Top və çövkən» adlı İran poemasının miniatürlərində bu oyundan səhnələr əks olunub. XVII əsrdə I Abbasın zamanında İsfahanda tikilən Nəqşi-Cahan meydanı xüsusi olaraq bu oyunların keçirilməsi üçün nəzərdə tutulmuşdu və şahın pəncərəsi bu meydana baxırdı.
   
   Türklərin milli oyunu dünyaya yayılır
   
   Yuxarıda qeyd etdiyimiz kimi, çövkən oyunu türk xalqları arasında da geniş yayılmışdı. Bir sıra türk hökmdarları bu oyuna böyük diqqət göstərmələri ilə məşhur idilər. Hətta bununla bağlı mənbələrdə maraqlı tarixi faktlara də rast gəlmək olur. Məsələn, Şimali Hindistandakı türk imperatoru Sultan Qütbüddin Aybək 1210-cu ildə çövkən (polo) oynayarkən mindiyi at yıxılaraq ölüb. Misirdəki sülaləyə son qoyan türk əsilli Əyyubilər və Məmlüklərin dövründə isə elita bu oyunu bütün oyunlardan üstün tuturdu. Bu dövlətlərin məşhur sultanları olan Səlahəddin və Baybars da bu oyuna böyük həvəs göstəriblər. Səmərqənddə əmir Teymurun zamanından qalan oyun meydançası bu günədək qorunur. Çövkən (polo) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də sevdiyi oyun olub.
   İrandan sonra Hindistan və Çin daxil olmaqla digər Asiya ölkələrinə keçən bu oyun Çində Tanq sülaləsinin dövründə böyük populyarlıq qazanır, hətta rəsmlərdə və heykəltəraşlıqda da istifadə olunur. Polo oyunu Çində Tanq sülaləsinin dövründə VIII əsrdə (706-cı il) mövcud olub. Orta əsrlərdə bu oyun İstanbuldan Uzaq Şərqə - Yaponiyaya qədər yayılmışdı.
   Oyunun Avropaya yayılması ilə bağlı da müxtəlif versiyalar səsləndirilir. Məsələn, bir mənbədə oyunun Hindistana səfər edən ingilislər vasitəsilə Avropaya aparıldığı bildirilir. Digər bir versiyaya əsasən, onu İstanbulda (o vaxt Konstantinopol) olmuş səlibçilər görmüş və sonradan Fransaya yaymışlar. Onu qeyd etmək lazımdır ki, Şərqdə milli oyun kimi formalaşan bu oyun Avropaya adaptasiya olunduqdan sonra polo adını alaraq populyar idman növünə çevrilib.
   
   Hər şeyə sahib çıxan ingilislər
   
   “Polo” sözünün mənşəyinə gəlincə, bəzi versiyalara görə, bu söz Tibet dilində «pulu»dan götürülüb və «top» mənasını verir. Orta əsrlərdə Bizansa da yayılan polo «tzykanon» adlandırılırdı.
   Polonun müxtəlif ölkələrdə özünəməxsus adları və oyun metodları olub. Lakin ümumilikdə polo nədir və onun oynanılmasında hansı metodlardan istifadə olunur? Komanda oyunu (hər tərəfdə 7 atlı) olan polonu yerdəki plastik və ya taxta topu (kos) xüsusi çubuğun köməyi ilə meydançada itələməklə oynayırdılar. Oyunun məqsədi rəqib komandanın qalasından və ya qapısından daha çox top keçirmək idi. Ənənəvi polo 300 yard çəmən üzərində oynanılırdı.
   Əlbəttə bu polonun ümumi qaydası olsa da, məsələn, Hindistanın Manipur əyalətində oyun zamanı top qapısı olmurdu və oyunçunun hesabı topu oyun sahəsindən kənara atması ilə hesablanırdı. Çubuqlar qamışdan, toplar isə bambuk köklərindən hazırlanırdı. Oyunçular rəngli paltarlarda olurdu. Deyilənlərə görə, dünyanın ən qədim polo yeri də Hindistanın bu əyalətindədir. Onun tarixi bizim eranın 33-cü ilindən başlanır.
   Müasir poloya gəlincə, bu oyun hər biri 7 dəqiqə çəkməklə çakka adlanan mərhələlərdən (4, 6 və ya 8 mərhələ) ibarətdir. Hər biri dörd atlıdan ibarət olan iki qrup uzun dəstəyi olan çəkicəoxşar ağacla taxta şarı uduş mərsinə qovmalıdır. Ənənəvi olaraq bambukdan hazırlanan bu çəkicəoxşar ləvazimatın uzunluğu 120-135 santimetr, top isə 113 qram ağırlığında olur. Meydanın uzunluğu 274, eni isə 137 metr olmalıdır. Oyunda dörd zərbə növü müəyyən olunur: düzünə zərbə, geriyə zərbə, boyunaltı və quyruqdan zərbə.
   İlk polo klubu 1862-ci ildə Kəlküttədə iki Britaniya zabiti tərəfindən yaradılıb. Sonralar onlar bu oyunu İngiltərənin zadəganları arasında yaydılar. XIX əsrin sonu - XX əsrin əvvəllərində bu oyun bütün dünyaya ixrac olunur. Bütün İngiltərə və Qərbi Avropada polo klubları yaradılırdı. Mənbələrdə bu haqda deyilir ki, müasir dünyada polo oyununu məhz ingilislər populyarlaşdırıb və ingilis oyunu kimi yayıblar. Beləliklə, yavaş-yavaş İngiltərədə yayılan bu oyun ingilislərin milli oyununa çevrilir. Oradan isə oyun sürətlə Avropa, Amerika, Cənubi Amerika və Avstraliyaya nüfuz edir.
   Qərbdən fərqli olaraq Argentinada məskunlaşan ingilislər polo oyunu ilə boş vaxtlarında məşğul olurdular. Onların arasında David Şenan 1875-ci ildə ölkədə ilk dəfə formal polo oyunu yaradır. Beləliklə, Argentinanın bir sıra şəhərlərində klublar yaradılır. Avstraliyada isə polo 1930-cu ildən sonra oynanılmağa başlandı.
   
   Oyunun ayrılmaz hissəsi - ponilər
   
   Qeyd edək ki, polo oyununda döyüşçüdən əlavə atların da yaxşı təlim görməsi vacib idi. Mənbələrdə bildirilir ki, bu oyun möhkəm bədənli, dəyanətli, dözümlü, kişilər üçündür. Yəhərdə oturmaq, bir əlinlə yüyəni, bir əlinlə isə kos qovmaq üçün ağacı tutmaq, cəld və çevik olmaq, atı idarə etmək, oyunu nəzərdə saxlamaq heç də asan deyil. Elə buna görə də, əgər at yaxşı təlim almırdısa, qələbə qazanmaq da çətin olurdu. Bu oyunda daha çox poniləri təlim edib hazırlaşdırırdılar. Poloda istifadə edilən atlar tam yetkinlik həddinə, məsələn, 5 yaşlarına çatmalı idilər. Ponilərdən isə 6-7 yaşdan sonra istifadə edirdilər. Polo poniləri 18-20 yaşlarına qədər oyun qabiliyyətinə malik olurdu. Hər bir oyunçunun ehtiyat ponisi olmalı idi. Yorulan poni oyunda fasilə zamanı digəri ilə əvəz olunurdu. Polo ponilərinin yetişdirilməsi Argentinada geniş yayılıb.
   Qeyd etmək lazımdır ki, dünyada polo oyununa qadınların da marağı var. Qadın iştirakçıların oyununun özəlliyi ondadır ki, əgər kişilər gücünü topa zərbə vurmağa yönəldirsə, qadınlar daha incə gedişlər fikirləşirlər və bunun nəticəsində uğur qazanırlar. Son olaraq onu qeyd edək ki, vətəni Orta Asiya və Azərbaycan olan qədim atüstü oyun hazırda polo adı ilə dünyanın 16 ölkəsində peşəkar şəkildə oynanılır.
   
   Mehparə