Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni muzeyin açılışı keçirilib
   
   Dekabrın 26-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Milli Tarix-Bədii Qoruğunda inşa edilmiş muzeyin açılışında iştirak etmiş, ərazidə aparılan yenidənqurma işləri ilə tanış olmuşlar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey haqqında dövlət başçısına və xanımına məlumat verdi.
   
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzey və inzibati binanın, eləcə də qoruqda atçılıq turizmi üçün nəzərdə tutulan sahənin planı ilə tanış oldular. Bildirildi ki, ölkə prezidentinin sərəncamına əsasən tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına veriləcək. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.
   Muzeydə, qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılıb. Burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.
   Muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil edilib. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunub. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumat almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur.
   “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks edilib. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir.
   “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. “Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür.
   Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılıb. Zal səsgücləndirici, monitor və proyektorla təchiz edilib. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustanda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxdılar. Layihə üzrə Qobustandakı Böyükdaş zirvəsində açıq səma altında muzeyin yaradılması nəzərdə tutulub. Buraya səyahət tunel vasitəsilə kiçik vaqonlarda həyata keçiriləcək. Böyükdaş zirvəsində Azərbaycan mədəniyyəti və təbiətini əks etdirən mənzərənin yaradılması planlaşdırılır.
   Bildirildi ki, muzeydə 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanıb.
   Muzeylə tanış olduqdan sonra prezident İlham Əliyevə Qobustan Milli Tarix-Bədii Qoruğuna gedən yolun hazırkı və gələcək vəziyyəti, buradakı körpüdə aparılacaq yenidənqurma işləri haqqında məlumat verildi.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə də tanış oldular. Məlumat verildi ki, qoruq ərazisində ümumi sahəsi 283 kvadratmetr olan və 2 teleskopun quraşdırıldığı baxış meydançası inşa edilib.
   Dövlət başçısı və xanımı qədim musiqi aləti olan qavaldaşa baxdılar. Anazağa mağarası ilə tanışlıq zamanı məlumat verildi ki, ibtidai dövrdə insanlar burada çoxlu petroqliflər yaradıblar. Bu, qoruqda tətbiq edilən xüsusi məlumat aparatında da əksini tapıb.
   Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşımış, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymamış və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş etmişdir.