Azərbaycanda qorunmağa ehtiyacı olan 86 nadir geoloji obyekt var. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, ötən il “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” Proqramı üzrə ölkə ərazisində nadir geoloji obyektlərin monitorinqi üzrə kompleks işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Cənubi-Şərqi Qafqazda və Kiçik Qafqazın şimalı-şərq yamacında araşdırmalar aparılıb. İşin nəticələrinə əsasən, araşdırma aparılan 108 obyektdən 86-sı nadir geoloji obyekt kimi dəyərləndirilib.
   Qeyd edək ki, nadir geoloji obyektlər sırasına Binəqədi IV dövr onurğalılar məzarlığı, Maykop çöküntülərinin Pirəkəşkül kəsilişi, Beşbarmaq, Babək qalası, Bədo bulağı, Yerfi bulağı, Qırməki dağında qədim neft quyuları və digərləri aiddir.