Astara Rayon Kakalos kənd Mədəniyyət evinin “Nəcib qızlar klubu” xalq yaradıcılığının müxtəlif növlərini, habelə bəzi qədim sənət sahələrini yaşatmaqla yanaşı, onların təbliği ilə də məşğul olur.   

  Klub 1994-cü ildə yaradılıb. Təsisçisi və rəhbəri Fərbiyyə Şabanova uzun müddətdir mədəniyyət sahəsində çalışır. 60-cı illərdə İncəsənət İnstitutunda qiyabi təhsil aldığı müddətdə həvəskar folklor kollektivi yaradıb. Sonra məktəbdə işləyərkən dram dərnəyi təşkil edib: “Məndə sənətə, xalq yaradıcılığına həvəsi anam yaratmışdı. Anam folkloru çox yaxşı duyurdu, yüzlərlə folklor nümunələrini əzbər bilirdi”.
   73 yaşlı Fərbiyyə Şabanova artıq 18 ildir “Nəcib qızlar klubu”na rəhbərlik edir. Kakalos kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” kollektivinin işində də yaxından iştirak edir: “Nəcib qızlar klubu”nu 1994-cü ildə yaratdıq. İlk əvvəl kurslar şəklində fəaliyyət göstərirdik. 6 aylıq kurslara 31 nəfər cəlb edə bildik. Kurslarda tikmə, toxuma, bədii tikmənin müxtəlif növlərini öyrədirdik. Yerli əhali özünəməxsus mədəni irs elementlərini qoruyub saxlayır. Bu elementlər məişətdə, sənətkarlıqda, müxtəlif mərasimlərdə öz əksini tapır. Biz də bu irsi yaşatmağa çalışırıq”.
   Fərbiyyə Şabanova 2008-ci ildə Xalq Teatrlarının I Ümumrespublika Baxış-Müsabiqəsində “Xalq teatrında uzun müddət fəaliyyətinə görə” nominasiyasında qalib olub. Təqaüdə çıxsa da, yenə mədəniyyətə xidmət edir. Onun fəaliyyəti dövlət tərəfindən də qiymətləndirilib. 2011-ci ilin oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Fərbiyyə Şabanova “Tərəqqi” medalına layiq görülüb.
   Hazırda klubun 60-dan artıq üzvü var. Onlar müxtəlif sənət növləri ilə məşğuldurlar. Gülparə İsgəndərova və Aytac Məmmədova dörd ildir ki, klubda fəaliyyət göstərirlər. Həsir toxuyur, rəqs edir, tamaşa göstərir, xalq yaradıcılığı nümunələrini öyrənirlər. Onlar Novruz bayramında, müxtəlif mədəni tədbirlərdə maraqlı təqdimatla iştirak edirlər.
   Kakalos kənd Mədəniyyət evində el sənətini yaşadan sənətkarlar var. Onlardan biri 60 yaşlı Rüfət Rzayevdir. Kənd mədəniyyət evində metodist işləyir: “Bəzən mənə deyirlər ki, bu yaşında hələ də tamaşada oynayırsan, həsir toxuyursan, nə gərək var bunlara? Mən folklor nümunələrinin, qədim sənət növlərinin yaşamasına çalışıram. Əcnəbi qonaqlar bizim fəaliyyətimizə xüsusi maraq göstərirlər”.
   
   Ceyhun