Novruza doğru...
   
    
   Dünən xalqımız Novruz çərşənbələrinin üçüncüsü olan Yel çərşənbəsinin sevincini yaşadı. Novruza bir addım da yaxınlaşdıq...
   
   Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır, cana gətirir. Əski etiqadlara görə, məhz o gün “qara nəhr”də yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir. Burada rənglər də mifik məna daşıyır. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi bu dördlüyün cəmində qısa müddətdə bütün dünyanı gəzib dolaşır.
   Əski inamlarda həm də Yel ya özü Tanrıdır və ya dünyanı idarə edən tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O, insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi qismində çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yelə, oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.
   Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatdır.
   Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Analar uşaqları üçün təzə pal-paltar alır. Qız-gəlinlər böyük sevinclə şirniyyat hazırlayır. Həmin gün xeyli boy atmış səməninin ortasına qırmızı qumaş bağlanır.
   Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində Yel Babanın şərəfinə xüsusi mərasimlər, ayinlər də keçirilir. Yellə bağlı nəğmələr, bayatılar söylənilir.
   
   Dağlardan əsən külək,
   Yolumu kəsən külək.
   Yarı hara apardın,
   Bəndədən kəsən külək.
   
   Yel çərşənbəsi ilə bağlı illərin sınağından çıxmış, özünü doğrultmuş xalq hikmətləri də az deyil. Ataların Yel barədə dediklərindən:
   Yel aparan yelinki, yerdə qalan mənimki.
   Yel qayadan nə aparar?
   Yel aparsa, sənə nə qalar?
   Yelin zarafatı qovmaqla başlanır.
   Yelə verdiyin düşmənə qismət olar.
   Yel olmasa, sel də olmaz.
   Yelə qoşulan çox uzağa getməz.
   
   İnanclar
   
   Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.
   Yel çərşənbəsində ağaclar oyanar.
   Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun.
   Yel çərşənbəsində Yel Babanı köməyə çağırarlar.
   Yel çərşənbəsində yelləncəkdə yellənərlər.
   
   Sudan, Oddan, Yeldən keçib axır çərşənbənin - Torpaq çərşənbəsinin astanasına yetişdik. Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!
   
   Təranə Vahid